Azərbaycanda taekvondo üzrə dünya çempionatı keçiriləcək

33

Ölkəmizin paytaxtı 2023-cü ildə keçiriləcək taekvondo üzrə dünya çempionatına ev sahibliyi edəcək.

Bununla bağlı qərar Dünya Taekvondo Federasiyasının (WTF) icraiyyə komitəsinin iclasında qəbul olunub.

Qeyd edilib ki, yarışın tarixi yaxın zamanlarda dəqiqləşəcək. Azərbaycanda ilk dəfə böyüklər arasında keçiriləcək bu mötəbər yarış WTF-nin 50 illik yubileyinə təsadüf edəcəyindən xüsusi önəm kəsb edəcək.

Ümumdünya Taekvondo Federasiyasının İcraiyyə Komitəsinin bu qərarı isə təsadüf deyil. Beynəlxalq qurumlarla sıx əməkdaşlıq edən və daim onların etimadını qazanan Azərbaycan Taekvondo Federasiyası bunadək bir sıra dünya səviyyəli yarışlara da uğurla ev sahibliyi edib. Paytaxtımız Avropa çempionatı, Qran-pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərini uğurla keçirib.

Dünya çempionatına MDB ölkələri arasında ev sahibliyi edəcək ikinci ölkə Azərbaycan olacaq. Bunadək bu hüquq yalnız Rusiyaya verilib. Ölkəmiz mundialı qəbul edəcək Avropa ölkələri arasında isə 7-ci olacaq. Azərbaycana qədər Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniya dünyanın ən güclü taekvondoçularının mübarizəsinə ev sahibliyi edib.