Mingəçevirdə zərərli vərdişlərə qarşı mübarizə gücləndirilir

122

 


Mingəçevir şəhər Polis şəbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev şöbənin əməkdaşları ilə birgə narkomaniya və digər zərərli vərdişlərlə mübarizə tədbirləri məqsədilə bu dəfə Mingəçevir Peşə məktəbində maarifləndirici söhbətlər aparıblar.

“Narkomaniyaya yox deyək” və digər zərərli vərdişlərə qarşı keçirilən görüşdə çıxış edən ŞPŞ-nin rəisi, polis polkovniki Ədalət Əliyev narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, bu maddələrin fəsadları barədə geniş məlumat verib:
“Tərəfimizdən şəhər ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Buna baxmayaraq gizli yollarla narkotikadan isitfadə edənlər var və onun acı nəticələri görülməkdədir”.

Daha sonra polis əməkdaşları müxtəlif mövzularda çıxışlar ediblər.
Mingəçevir  şəhər Peşə məktəbinin direktoru İlham İlyasov məktəbdə bu tip aktual  görüşlərin keçirilməsinə görə əməkdaşlarına öz təşəkkürünü bildirib.
Sonda  şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara tövsiyələr verilib.

Qeyd edək ki, tədbir çərçivəsində polis polkovniki Ədalət Əliyev “ASAN peşə” Təhsil Mərkəzinin maddi-texniki bazası, ixtisaslar üzrə yaradılmış emalatxana və laboratoriyaları, həmçinin, tədris prosesi ilə yaxından tanış olub.

Esmira Hidayətova, Mingəçevir