Kubokun final matçında “Qarabağ”la “Zirə” qarşılaşacaq

32

Aprelin 29-da futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli olub.

Yarımfinal mərhələsinin cavab oyununda “Qəbələ”ni 5:0 hesabı ilə darmadağın edən “Qarabağ” həlledici qarşılaşmaya vəsiqə qazanıb.

“Azersun Arena”dakı matçda hesabı 5-ci dəqiqədə Ramil Şeydayev açıb. Matçın 8 dəqiqəsində sonra Kadi Borges fərqi artırıb. Braziliyalı yarımmüdafiəçi 17-ci dəqiqədə dublunu rəsmiləşdirib. Qarşılaşmanın 37-ci dəqiqəsində Leandro Andrade növbəti dəfə qonaqları meydanın mərkəzinə dəvət edib. 58-ci dəqiqədə isə Şeydayev özünün 2-ci, komandasının 5-ci qolunu vurub. Ağdam təmsilçisi Qəbələdəki ilk oyunda da qalib gəlmişdi – 3:1.

Uzun müddətdir zədədən əziyyət çəkən “köhlən atlar”ın ispaniyalı vingeri Xayme Romero 225 gündən sonra meydana qayıdıb.

Günün son qarşılaşmasında “Zirə” “Neftçi”nin qonağı olub. Bu komandalar arasında ilk görüşdə qapılara qol vurulmamışdı. Bu matçda da qol olmayıb. Penaltilər seriyasında isə “Zirə” rəqibini üstələyərək (4:2) finala yüksəlib. Bu, “Zirə”nin tarixində ilk finalıdır.

Beləliklə, kubokun final matçında “Qarabağ” və “Zirə” qarşılaşacaq. Mayın 27-də keçiriləcək həlledici matçın məkanı hələlik açıqlanmayıb.

29 aprel (cümə)

20:30. “Neftçi” – “Zirə” – 0:0 (Penaltilər seriyası – 2:4)
Hakimlər: 
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
“Bakcell Arena”
İlk oyun – 0:0

17:30. “Qarabağ” – “Qəbələ” – 5:0 

Qollar: Ramil Şeydayev, 5, Kadi Borqes, 13-pen. 17, Leandro Andrade, 37, Ramil Şeydayev, 58
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
“Azersun Arena”
İlk oyun – 3:1