Martın 17-də futbol üzrə UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin cavab görüşlərinə start verilib.
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” İspaniyanın “Barselona” klubunu qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda ilk qolu meydan sahibləri vurub. Görüşün 28-ci dəqiqəsində Markao künc zərbəsindən sonra başla topu qapıdan keçirib. Qarşılaşmanın 37-ci dəqiqəsində Pedri “Cim-Bom”un üç müdafiəçisini aldadaraq, hesabı bərabərləşdirib. Görüşdə son nöqtəni isə 50-ci dəqiqədə Pyer-Emerik Obameyanq qoyub. Kataloniyadakı ilk görüşdə qapılara qol vurulmadığından, bu nəticə “Barselona”nı dörddəbir finala aparıb.
Digər görüşlərin nəticələrinə əsasən, “Ayntraxt”, “Lion”, “Vest Hem”, “Atalanta”, “Reyncers, “Braqa” 1/4 finala adlarını yazdırıb.
Qeyd edək ki, Moskva “Spartak”ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya “Leyptsiq”i 1/4 finala birbaşa vəsiqə qazanıb.
Avropa Liqası, 1/8 final mərhələsi
cavab oyunları
17 mart
21:45. “Qalatasaray” (Türkiyə) – “Barselona” (İspaniya) – 1:2
Qollar: Markao, 28 (1:0), Pedri, 37 (1:1), Obameyanq, 49 (1:2)
İlk oyun – 0:0.
21:45. “Bayer” (Leverkuzen, Almaniya) – “Atalanta” (İtaliya) – 0:1
Qol: Broqa, 90+1
İlk oyun – 2:3.
21:45. “Monako” (Fransa) – “Braqa” (Portuqaliya) – 1:1
Qol: Ruiz, 19 (0:1), Disasi, 90 (1:1)
İlk oyun – 0:2.
21:45. “Srvena Zvezda” (Serbiya) – “Reyncers” (Şotlandiya) – 2:1
Qol: İvaniç, 10 (1:0), Kent, 56 (1:1), El Fardau Ben, 90+3 (2:1)
İlk oyun – 0:3.
00:00. “Vest Hem” (İngiltərə) – “Sevilya” (İspaniya) – 2:0
Qollar: Souçek, 39, Yarmolenko, 112
İlk oyun – 0:1.
00:00. “Ayntraxt” (Almaniya) – “Betis” (İspaniya) – 1:1
Qollar: İqlesias, 90 (0:1), Hintereqqer, 120+1 (1:1)
İlk oyun – 2:1.
00:00. Lion (Fransa) – “Portu” (Portuqaliya) – 1:1
Qollar: Dembele, 13 (1:0), Pepe, 27 (1:1)
İlk oyun – 1:0.