51 şəhidin xatirəsinə 51 ağac əkdilər

234

 

Şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün Mingəçevir şəhər Təhsil şöbəsi və Uşaq Gənclər  İnkişaf mərkəzinin birgə təşəbbüsü ilə həyata keçirilən aksiyada şəhər 7 saylı tam orta məktəbin həyətində 44 günlük Vətən müharibəsinin Mingəçevirdən olan 51 şəhidinin  hər birinin adına bir sərv ağacı əkilib. Bu aksiyaya  böyük həvəslə məktəb direktorları və şəhid valideynləri də qoşulublar. Aksiyada çıxış edən Mingəçevir şəhər Təhsil şöbəsinin müdir əvəzi Zamik Cəbiyev bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsi rəşadətli Azərbaycan Ordusunun böyük qələbəsi ilə başa çatdı: “Vətənimizin qeyrətli, mətin oğulları Azərbaycanın ərazi bütövlüyü uğrunda odlardan, alovlardan keçərək, igidlikləri ilə şanlı hərb tariximizə yeni-yeni səhifələr yazdılar. Biz Azərbaycanın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin adlarını əbədiləşdirmək üçün digər məktəblərin həyətyanı sahələrində də belə aksiyalar təşkil edəcəyik”.

 

Mingəşevir Uşaq Gənclər İnkişaf mərkəzinin direktoru Ədalət Quliyeva  Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda şəhid olan oğulların xatirəsinin həmişə qəlbimizdə yaşayacağınə vurğulayıb.

Tural və Musa şəhid qardaşlarının anası Nəhayət Həsənova keçirilən bu aksiyaya görə öz təşəkkürünü bildirərək söyləyib ki, bu gün mənim döğum günümdür:”Elə bildim oğullarım gəlib məni təbrik etdilər. Çox fəxrlə deyə bilərəm ki, vətən torpağının azad olunmasında mənim də iki şəhid balamın payı var”.

Şəhid Atiq İbrahimovun atası Ariz İbrahimov isə bu sözləri deyib: ”44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan öz doğma torpaqlarına qovuşdu. Mən fəxr edirəm ki, bizim qəhrəman oğullarımız bu sevinci doğma elinə-obasına yaşatdı”.

Bəli, dünənə qədər yaxınlarının gözündə sadə, təvazökar, məsum olan oğullar sonradan elə tarix yazdılar ki, onların qəhrəmanlığı dillərdə dastan oldu. Onlar erməni sədlərini darmadağın etməklə yanaşı, xain düşmənimizi qarşılarında diz çökdürdülər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Esmira Hidayətova, Mingəçevir