“500 min soydaşımızın partlamamış mina və hərbi sursatla üzləşmək ehtimalı var”

494
“Hər gün 500 min Azərbaycan vətəndaşının mina və partlamamış hərbi sursat təhlükəsi ilə rastlaşmaq ehtimalı var. Azərbaycanda mina qurbanlarının sayı Cənubi Qafqazdakı digər ölkələrdən 2 dəfə çoxdur”. 
Dünən bu fikirləri Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov jurnalistlərlə görüşündə söylədi. Onun sözlərinə görə, Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi 2003-cü ildən başlayaraq, ölkə ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən insanların vahid məlumat bazasının yaradılması, onların problemlərinin öyrənilərək həll olunması sahəsində mütəmadi fəaliyyət göstərir. H. Səfixanov aparılan təhqiqatlar, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar əsasında bildirdi ki, 2014-cü ilin ilk 6 ayı ərzində ölkəmizdə 8 hadisə nəticəsində 16 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb: “Nəticədə ikisi mülki şəxs olmaqla 12 nəfər müxtəlif dərəcədə yaralanıb və üç hərbçi və bir mülki şəxs həlak olub. Daha 4 nəfərlə bağlı araşdırmalar davam edir”.

Birlik sədri dedi ki, 2014-cü ildə minalar və partlamamış hərbi sursatlarla bağlı hadisələr Füzuli, Tovuz, Ağdam, Göyçay və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonlarının ərazisində baş verib. 2013-cü ilin analoji dövründə isə 7 hadisə nəticəsində 8 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb. Nəticədə ikisi mülki şəxs olmaqla 5 nəfər yaralanıb və 3 nəfər mülki şəxs həlak olub. Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi qeydə ala bilmədikləri hadisələrin olması faktını da istisna etmir.

“31 zərərçəkmiş şəxsə faizsiz maliyyə vəsaiti ayrılıb”

H. Səfixanovun dediyinə görə, Azərbaycan problemin həll edilməsi istiqamətində bəzi tədbirlər reallaşdırmaqdadır: “Minaların təmizlənməsi üzrə proqramlara büdcədən ayrılan vəsaitlər hər il artırılır, mina təhlükəsinə qarşı maarifləndirmə proqramları həyata keçirilir, mina qurbanlarının problemlərinin həlli istiqamətində işlər görülür. Bizim məqsədimiz isə əhali arasında maarifləndirmə işləri aparmaqdır ki, minaya düşən insanlarımızın sayı azalsın. Bundan başqa, minaya düşdüyü üçün sağlamlığında problem yaranmış insanların üzləşdikləri sıxıntıların həllinə yardımçı olmaq da əsas hədəflərimiz sırasındadır. Təşkilatımız üçün ən uğurlu işlərdən biri mina qurbanlarının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və onların cəmiyyətə inteqrasiyasına nail olmaq məqsədi ilə onlar üçün iş yerlərinin açılması ilə bağlı layihə idi. Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi olaraq keçmiş SSRİ ərazisində ilk dəfə mina partlayışları nəticəsində sağlamlıqlarını itirərək əlil olmuş insanların sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəlmiş və cəmiyyətə iqtisadi inteqrasiyalarını nəzərdə tutan layihəni həyata keçirdik. Layihə 2007-ci ildən başlayaraq həyata keçirildi, 2014-cü ilin iyununda isə sona çatdı. Layihə çərçivəsində Füzuli, Tərtər, Tovuz rayonlarında, Gəncə şəhərində yaşayan və mina partlayışı nəticəsində sağlamlığını itirmiş 31 şəxsə faizsiz maliyyə vəsaiti ayrıldı. Onlara özlərinin kiçik bizneslərini təşkil etmək üçün hüquqi və iqtisadi məsələlərə dair məsləhətlər verildi. Layihədə iştirak etmiş həmin şəxslərin təqdim etdikləri biznes plana əsasən, onlar kiçik və iribuynuzlu mal-qaranın kökəldilməsi, süd istehsalı, arıçılıq, quşçuluq və balıqçılıq sahələrində fəaliyyət göstərməyə başladılar. Bu layihə İsveçrə Mina Qurbanlarına Yardım Fondu tərəfindən maliyyələşdirilirdi. Amma həmin təşkilat iqtisadi böhranla əlaqədar olaraq bağlandı. Beləcə, layihəmiz yarımçıq qaldı. Bu tip layihələrə digər rayonlardan və şəhərlərdən olan mina qurbanlarının da cəlb edilməsi üçün digər donor təşkilatlarla danışıqlar aparırıq”.

“Elə bir rayon yoxdur ki, orada minaya düşmüş adam olmasın”

“Layihənin əsas xüsusiyyətlərindən biri bu idi ki, həmin şəxslərə yardımlar pul formasında edilmirdi. Onlar öz kiçik biznes planlarını təqdim edirdilər və layihənin koordinatoru onların istədiklərini, lazım olan vasitələri alıb təhvil verirdilər. Bundan sonra minadan zərər çəkmiş şəxslərin bizneslərinin aparılmasına nəzarət edilirdi. Mina partlayışı nəticəsində sağlamlığını itirmiş layihəmizdə iştirak edən həmin 31 nəfərdən 2 nəfəri çıxmaqla, digərləri öz işlərini davam etdirirlər və necə deyərlər, öz çörəkpullarını qazanırlar. Belə bir layihə keçmiş sovet respublikaları arasında ilk dəfə olaraq, Azərbaycanda həyata keçirilirdi. Onu da qeyd edim ki, bu layihənin Azərbaycanda həyata keçirilməsi ilə əlaqədar həm daxildə, həm də xaricdə müxtəlif təzyiqlərlə üzləşdik. Daxildə, sadəcə olaraq, bizə deyirdilər ki, əlillərə pul vermək olmaz, batacaq. Ancaq biz sübut elədik ki, əlillərlə də işləmək olar və onlar da cəmiyyətə inteqrasiya olunmaq istəyirlər. Azərbaycanın elə bir rayonu yoxdur ki, orada minaya düşmüş, mina partlamasından xəsarət almış adam olmasın. Bu, təbii ki, müharibə ilə bağlı amildir. Çünki o vaxt könüllü özünümüdafiə batalyonları var idi və bir çox insanlar könüllü döyüşlərə yollanırdılar”,-deyə Birlik sədri qeyd etdi.

Hafiz Səfixanov əlillərin cəmiyyətə inteqrasiyası üçün onların da aktiv olmalarının vacibliyini vurğuladı: “Elə əlil var ki, necə deyərlər, çarpışır, vuruşur, aktivlik göstərir, amma əlil də var ki, heç cür evdən çıxmaq istəmir. Deyir 200-300 manat pensiyamı alıram, mənə bəs edir. Kimliyindən asılı olmayaraq hər kəsin aktiv olmasında fayda var”.