5 yaşına qədər vətəndaşlara şəxsiyyəti təsdiq edən yeni sənəd veriləcək

610

Azərbaycan Milli Məclisinin dünən keçirilən iclasında “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Yeni layihəyə əsasən, vətəndaşa doğum haqqında şəhadətnamə ilə birlikdə verilən fərdi identifikasiya kartının müddəti azaldılır. Bu kartlar vətəndaşın 5 yaşı tamam olana kimi etibarlı olacaq. 5 yaşı tamam olmuş vətəndaşa verilən fərdi identifikasiya kartı isə vətəndaşın 15 yaşı tamam olana kimi etibarlı sayılacaq. 5 yaşı tamam olmuş vətəndaşa verilən fərdi identifikasiya kartının üzərində bir sıra lazımi məlumatlardan əlavə, onun fotoşəkli də yerləşdiriləcək. Dəyişikliklərə əsasən, fərdi identifikasiya kartının 5 yaşı tamam olmamış vətəndaşa 5 iş günü ərzində verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumu ödənilməyəcək. 5 yaşı tamam olmuş vətəndaşa fərdi identifikasiya kartının verilməsinə və dəyişdirilməsinə görə, həmçinin bu kartın 3 və ya 1 iş günü müddətində verilməsinə və ya dəyişdirilməsinə görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınacaq. Kartın üzərindəki məlumatlarda səhv olduqda, həmin kart müvafiq orqana daxil olduğu gündən 1 iş günü ərzində dövlət rüsumu alınmadan dəyişdiriləcək. Yeni layihəyə əsasən, fərdi identifikasiya kartına yerləşdirilən elektron daşıyıcıya (çip) vətəndaşın gözlərinin rəngi əlavə edilməyəcək.