575
May ayının 25-də Ukraynada növbədənkənar prezident seçkiləri keçiriləcək. 
Müəyyən problemlər nəzərə alınmasa, seçkilərə hazırlıq prosesi, demək olar, başa çatmış hesab edilir. Seçki bülletenlərinə 21 nəfər namizədin adı daxil edilib. Ancaq onlardan 19-nun prezident kürsüsü uğrunda mübarizə aparacağı gözlənilir. Qeyd edək ki, əvvəlcə, prezidentliyə namizədlərin sayı 23 nəfər idi. Ancaq  sonradan onlardan iki nəfəri, Ali Radanın deputatı Oleq Sarev və Ukrayna İrəli Partiyasının sədri Nataliya Korolevskaya öz namizədliklərini geri götürdülər. Bundan əlavə, prezidentliyə namizədliyi qeydə alınan Maydan fəallarından biri olan Zoryqan Şkiryak və Ukrayna Xalq Partiyasının namizədi Aleksandr Klimenko digər namizədin, Pyotr Poroşenkonun xeyrinə öz namizədliklərini geri götürüblər. Bununla belə, bülletenlər çap olunduğundan Klimenko və Şkiryakın adları 20-ci və 21-ci namizəd kimi seçki siyahısından çıxarılmayıb.

Ukraynada prezident seçkiləri yalnız ölkə daxilində deyil, xarici ölkələrdə də keçiriləcək. Bununla bağlı Ukrayna Xarici İşlər Nazirliyi konsul xidməti departamentinin direktoru Andrey Sıpiqa deyib ki, xaricdə yaşayan Ukrayna vətəndaşlarının səs verə bilməsi məqsədi ilə dünyanın 75 ölkəsində 114 seçki məntəqəsi yaradılıb. Andrey Sıpiqa: “Rusiyada 6 seçki məntəqəsi yaratmışıq. Rusiyada yaşayan və seçki siyahılarında adları olan Ukrayna vətəndaşları azad şəkildə bu seçki məntəqələrinə gələrək, səsvermədə iştirak edə bilərlər”,-deyib.

 

Əsas mübarizə Poroşenko və Timoşenko

arasında gedəcək

Prezident kürsüsü uğrunda əsas mübarizənin isə Pyotr Poroşenko və Yuliya Timoşenko arasında gedəcəyi gözlənilir. Əhali arasında keçirilən sorğuların nəticələrinə görə, rəyi soruşulanların 25-35 faizi Poroşenkoya, 12-15 faizi isə Timoşenkoya səs vermək niyyətindədir. Digər namizədlərə isə rəyi soruşulanlar daha az səs veriblər. Siyasi müşahidəçilərin əksəriyyətinin fikrincə seçkilərdə Poroşenkonun qalib gəlmək imkanı daha çoxdur. Öz növbəsində, prezidentliyə əsas namizədlərdən biri olan Timoşenko belə hesab edir ki, birinci mərhələdə qalibi müəyyənləşdirmək mümkün olmayacaq və ikinci mərhələ qaçılmazdır. Timoşenko məhz seçkilərin ikinci mərhələsində qələbə çalmağa ümid edir. Lakin Poroşenko prezident seçkilərində kimin qələbə çalmasından asılı olmayaraq, məsələnin II mərhələyə saxlanılmasının təhlükəli olduğu barədə xəbərdarlıq edib. O, ölkə əhalisinə müraciətində onlara xəbərdarlıq edib ki, birinci mərhələdə prezident seçilməsi mümkün olmayacağı təqdirdə, Ukraynaya düşmən güclər bundan istifadə edərək seçkilərin II mərhələsinin keçirilməsinə imkan verməyəcəklər.

Ukraynanın separatçı Donbas və Luqansk vilayətlərində isə seçkilərin keçirilməsi inandırıcı görünmür. Həmin ərazilərdə separatçıların seçkilərin keçirilməsinə imkan verməyəcəyi öncədən aydındır. Bununla belə, son hadisələr göstərdi ki, Donbas və Luqanskda dinc əhali seçkilərin baş tutmasına tərəfdardrlar və onların böyük hissəsi bölgələrdə silah gücünə hakimiyyəti ələ keçirən qondarma rəhbərlərə etimad göstərmirlər. Qeyd edək ki, Luqansk və Donbasda 12,5 milyon əhali yaşayır.

Prezident seçkiləri ərəfəsində Ukrayna Ali Radası separatçı güclərin bəhanə kimi istifadə etdikləri rus dilinin sıxışdırılması və rusların hüquqlarının pozulması ilə bağlı bəhanələrə son qoyulması üçün addımlar atıblar. Belə ki, Ali Rada ruslar çoxluq təşkil edən ərazilərdə rus dilinin Ukraynanın rəsmi dövlət dillərindən biri kimi işlədilməsinə qarantiya verən sənəd qəbul ediblər. Bundan əlavə, Ali Rada Donbas və Luqansk separatçılarının rəhbərləri ilə danışıqlara hazır olduqlarını rəsmi şəkildə bəyan ediblər.

 

Qərb seçkilərin baş tutmasında

maraqlıdır

Ukraynada keçiriləcək seçkilər başda ABŞ olmaqla Qərb ölkələrinin də xüsusi maraq dairəsindədir. Bunu Qərb ölkələri rəsmilərinin verdikləri son açıqlamalar da sübut edir. Məsələn, Ukraynada keçiriləcək növbəti prezident seçkiləri ərəfəsində ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bildirib ki, Vaşinqton seçkilərin baş tutmasında maraqlıdır. Viktoriya Nuland: “May ayının 25-də Ukraynada keçiriləcək seçkilərin baş tutması ABŞ-ın milli və təhlükəsizlik maraqlarının təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Biz istəyirik ki, 45 milyon əhalisi olan Ukraynada seçkilər demokratik şəkildə keçsin və bu ölkədə əmin-amanlıq bərpa edilsin. ABŞ bu seçkilərdə səsvermə hüququna malik olan Ukraynanın bütün vətəndaşlarının iştirak etməsini istəyir”,-deyib.

Öz növbəsində, ABŞ-ın vitse prezidenti Co Bayden seçkilərin baş tutmasının Ukraynada sabitliyin bərpasına və separatçı regionlarla ortaq məxrəcə gəlməyə imkan verəcəyi qənaətindədir. Co Bayden xaricdən seçkilərə müdaxilənin yolverilməz olduğunu xüsusi vurğulayaraq: “ Xaricdən seçkilərin keçirilməsinə mane olmağa baş vurulan istənilən cəhdə ABŞ sərt cavab verəcək və bununla bağlı müvafiq addımlar atacaq”,-deyə örtülü şəkildə seçkilərin keçirilməsini istəməyən Rusiyaya xəbərdarlıq edib.

Avropa Birliyinin (AB) aparıcı ölkələri də Ukraynada seçkilərin baş tutmasında və onun nəticələrinin Rusiya tərəfindən tanınmasında maraqlı olduqlarını nümayiş etdirməkdədirlər. AB rəsmiləri tərəfindən verilən açıqlamalarda Rusiyadan seçkilərn keçirilməsinə mane olmamaq tələb edilir və əks halda, bunun bütün məsuliyyətinin qarşı tərəfin üzərinə düşəcəyi barədə Moskvaya xəbərdarlıq edilir.

Ukraynada keçiriləcək seçkilərin nəticələrinin istənilən halda Avropa Birliyi tərəfindən tanınacağı barədə bəyanat verən İsveçin xarici işlər naziri Karl Bildt seçkilərin gedişinin çoxsaylı avropalı müşahidəçilər tərəfindən izləniləcəyini xüsusi vurğulayıb.  Karl Bildt: “Mən əminəm ki, Ukraynanın hər yerində azad və demokratik prezident seçkiləri keçiriləcək. Əlbəttə, Rusiya tərəfindən işğal edilən Krımda, o cümlədən  silahlı terrorçu-separatçıların nəzarəti altında olan ərazilərdə seçkilərin keçirilməsi problem olacaq. Bununla belə, 1000 nəfər AB müşahidəçisi tərəfindən izləniləcək seçkilərin Ukraynanın böyük ərazisində baş tutacağına əminəm”,-deyib.

Bununla belə, Rusiyanın seçkilərin keçirilməsinə mane ola biləcəyi təhlükəsi Qərbi ciddi şəkildə narahat etməkdədir. Bunu Fransa Prezidenti Ollandın verdiyi açıqlama da sübut edir.  Ukraynada keçiriləcək seçkilərin baş tutmasının vacibliyini vurğulayan Fransua Olland: “Seçkilərn baş tutması Ukraynada əmin-amanlığın bərpa edilməsi demək olacaq. Əks halda, Ukraynada xoşagəlməz vəziyyət yaranaraq ölkənin gələcəyi qeyri-müəyyən olaraq qalmaqda davam edəcək”, – deyə xəbərdarlıq edib.

 

Rusiya seçkilərlə bağlı nə edəcəyini bilmir

Ukraynada keçiriləcək seçkilərə Rusiyanın münasibəti, hələlik, qeyri-müəyyən olaraq qalmaqda davam edir. Belə ki, əvvəlcə, Rusiya Ukraynada baş verən hakimiyyət dəyişikliyini qeyri-legitim adlandıraraq, burada keçiriləcək seçkilərin nəticələrini tanımayacağını bəyan edirdi. Amma son günlər Rusiya məsələyə münasibətdə daha ehtiyatlı mövqe nümayiş etdirərək, seçki prosesinin bəzi şərtlər əsasında baş tutmasının vacibliyini bəyan edir. Rusiya tərəfindən səsləndirilən son rəsmi açıqlamalarda seçkilərlə eyni vaxtda separatçılara qarşı antiterror əməliyyatlarının dayandırılması və Kiyevin hökumətə qarşı çıxan regionların nümayəndələri ilə danışıqlar masası arxasında oturmasının vacibliyi vurğulanır. Rusiya Prezidenti Vladimir Putin isə: “ Ukraynanın şərqində əməliyyatlar aparan adamların hakimiyyətə gəlməsi bizi narahat edir və onlarla danışıqlar aparmaq bizim üçün çox çətin olacaq. Çünki hazırda bu seçkiləri keçirməyə hazırlaşanlar ölkənin şərqində əməliyyatları davam etdirirlər. Ona görə də seçkilər nəticəsində hakimiyyətə gələcək şəxsin legitimliyini tanınması  çoxlu suallar ortaya çıxaracaq”,-deyib.

ƏZIZ MUSTAFA