Park Naftalan: Dünyanın nadir turizm mərkəzlərindən biri

324

  

Dünyanın nadir turizm mərkəzlərindən birinə çevrilən Naftalana son illərdə gələn yerli və xarici turistlərin sayında qeydə alınmış artım dinamikası burada yeni turizm-sağlamlıq obyektlərinin tikilməsini zəruri edir. Bu məqsədlə mütəmadi olaraq sahibkarlarla görüşlər keçirilir, investisiyaların qoyulması məqsədə müvafiq hesab olunan sahələr haqqında geniş məlumatlar verilir. Son illər ərzində sahibkarlar tərəfindən şəhər iqtisadiyyatının turizm sahəsinə böyük həcmdə özəl investisiyalar qoyulub.

Otel rəhbərliyindən verilən məlumata görə xəbər artıq  son tamamlanma işləri aparılan Park Naftalan Hotelin  2022-ci ilin ilk aylarında istifadəyə verilməsi nəzərdə tutulub.

Qeyd edək ki,Park Naftalan müalicə kompleksi 1 hektara yaxın ərazini əhatə edir. Ümumi sahəsi 9000 kvadratmetr, tikintialtı sahəsi 1360 kvadratmetrdir. Hər biri altımərtəbəli iki korpusdan ibarət olan müalicə kompleksi ümumilikdə 88 otaq, 176 yerlikdir. Həmçinin kompleksin zirzəmisində texniki və yardımçı otaqlar, çamaşırxana, müalicə hovuzu, anbar, 1-ci mərtəbədə vanna və həkim otaqları, dördüncü mərtəbədə  restoran, həmçinin binada oyun otağı, açıq və qapalı restoranlar, bar və terras var.

Park Naftalan müalicə kompleksi fəaliyyətə başladıqdan sonra burada 55 nəfərə yaxın şəhər sakininin işlə təmin olunması nəzərdə tutulub.

Qeyd edək ki, Naftalanda fəaliyyət göstərən turizm obyektlərində gün ərzində 3000-ə yaxın turist qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. Yaxın gələcəkdə şəhərdə tikintisi davam etdirilən turizm obyektləri istifadəyə verildikdən sonra Naftalan gün ərzində ümumilikdə, 3500-dən artıq turistə otel və müalicə xidmətləri göstərmək imkanına malik olacaq.

Esmira Hidayətova, Naftalan