Prezident İlham Əliyev həm neft sektorunun, həm də qeyri-neft sektorunun inkişafına xüsusi önəm verir

39

Prezident İlham Əliyevin sentyabrın 3-də Sumqayıt şəhərinə səfəri böyük əhəmiyyət kəsb edir. Bu səfər Sumqayıt kimi sənaye mərkəzinin son illərdə daha da təkmilləşdirildiyinin göstəricisidir. İşğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması birinci məqsəd olsa da, ölkəmizin hər bir bölgəsinin davamlı inkişafı Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Sumqayıt şəhərinin timsalında Azərbaycanın regionlarında da sosial-iqtisadi inkişaf proqramlarının uğurla həyata keçirildiyini görürük.

Pandemiya 2020-2021-ci illərdə dünya iqtisadiyyatına xeyli ziyan vurdu. Bir çox dövlətlər yeni növ koronavirus (COVID-19) infeksiyasını yaranan zaman ciddiyə almadılar və tədbir görmədilər. Ancaq Azərbaycan bu təhlükənin fərqinə vardı və əvvəlcədən lazımlı tədbirləri gördü. Bir çox dövlətlər bu pandemiya nəticəsində həm maddi, həm də insani tələfatlarla üzləşdi. Azərbaycan isə Prezident İlham Əliyevin yeritdiyi düşünülmüş və uzaqgörən siyasət nəticəsində pandemiyanın zərərlərini minimuma endirdi.

Bu fikirləri azərtac-a açıqlamasında siyasi ekspert Elman Vəliyev söyləyib.

Ulu öndər Heydər Əliyevin başlatdığı sənayeləşmə siyasətinin ölkənin inkişafı üçün zəmin yaratdığını qeyd edən siyasi ekspert deyib: “Azərbaycanın müstəqillik qazanmasından 30 il keçməsinə baxmayaraq bu qısa zaman kəsiyində sənaye seqmenti çiçəklənən dövrünü yaşayır. Hazırda bu siyasəti davam etdirən Prezident İlham Əliyev həm neft sektorunun, həm də qeyri-neft sektorunun inkişafına xüsusi önəm verir. İnkişaf etmiş ölkələrin əsas xüsusiyyətləri sənaye müəssisələrinin inkişafı ilə ölçülür. Yəni, inkişaf etmiş ölkələr iynədən tutmuş təyyarəyə qədər istehsalat əşyalarını və texniki qurğuları özləri hazırlayırlar. Azərbaycan da bu yolda uğurla irəliləməyə davam edir. Xarici asılılığın minimum səviyyəyə endirilməsi, istehsalat gücümüzün artırılması sənayeləşmə siyasətinin aparıcı komponentlərindəndir. Azərbaycan da bu komponentləri özü üçün prioritet hesab edir. Zənn edirəm ki, sənayedə əsas maneələrdən biri də xaricidən məhsul almaqdır. Bu proses yerli istehsalat üçün çətinliklər yaradır. Müstəqilliyimizdən qısa zaman keçir və xaricdən məhsul almaq başa düşüləsi məsələdir, ancaq Prezident İlham Əliyev sənaye sahəsində Azərbaycanın gələcəkdə idxaldan ixrac edən bir gücə çevrilməsi üçün siyasət yeridir”.

“Həm müharibə, həm də pandemiya kimi maneələri eyni anda yaşayan Azərbaycan ayaqları üzərində qalmağı bacardı və bundan üzüağ çıxa bildi. Bu qədər çətinliklərə baxmayaraq 2021-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycanda qeyri-neft sənayesi sahəsində 16,4 faizlik artım müşahidə edilib.

Prezident İlham Əliyev sentyabrın 3-də Sumqayıt şəhərinə səfəri zamanı Kimya Sənaye Parkında “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyətinin, Sumqayıt Məhkəmə Kompleksinin, Sumqayıt şəhər 20 nömrəli tam orta məktəbin və “Sumqayıt” Elektrik Stansiyasının yeni estakada nasos stansiyasının açılışında iştirak edib. Bundan əlavə Prezident Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib.

Hazırda dünyada baş verən iqtisadi böhran fonunda ölkəmizdə bu layihənin icrası Prezident İlham Əliyevin vətəndaşlarımızın sosial məsələlərinin həllinə yüksək dərəcədə diqqət, qayğı və həssaslıqla yanaşmasının növbəti təzahürüdür. Bu, bir daha sübut edir ki, Azərbaycan vətəndaşının sosial məsələlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayanır. Ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən müasir memarlıq üslubunda çoxmənzilli yaşayış binalarının tikintisini təmin etmək baxımından bu layihə əhəmiyyəti ilə seçilir. Əlbəttə ki, icra edilən layihələr bununla yekunlaşmır.

Sumqayıtla yanaşı işğaldan azad edilmiş ərazilərdə də yeni sənaye obyektləri fəaliyyət göstərəcək. Xarici investorlar üçün bölgə olduqca əhəmiyyətlidir. İşğaldan azad edilmiş ərazilər qeyri-neft sektoru- qızıl, civə, gümüş, alüminium, sement xammalı, bir çox tikinti daşları, mineral sular ilə olduqca zəngindir. Müasir innovasiyalara cavab verən avadanlıqlar vasitəsilə sənaye obyektləri daha da təkmilləşdirilib”, – deyə Elman Vəliyev qeyd edib.

O vurğulayıb ki, Prezident İlham Əliyevin son illərdə hərbi sahəyə, təhlükəsizlik və sənaye sektorlarına xüsusi önəm verməsi heç də təsadüfi deyil. Çünki müharibədən yeni çıxsaq da qarşımızda Ermənistan kimi mənfur düşmən dayanır. Bu səbəbdən də hər cəhətdən güclü olmalıyıq ki, davam edən pandemiya və geridə qoyduğumuz müharibə iqtisadiyyatımıza minimum təsirlə ötüşsün. Buna baxmayaraq pandemiyanın vurduğu ziyanlar, həmçinin müharibədən yeni çıxmağımız iqtisadi tənəzzül və sənayedə durğunluq yaratmadı. Hesab edirəm ki, digər bölgələrdə də sənaye müəssisələri fəaliyyətə başlayacaq, bu da ölkəmizin aqrar-sənaye inkişafını sürətləndirəcək.