Aşıq Ələsgər-200

45

     Şair–publisist Ələsgər Talıboğlunun  Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərə həsr etdiyi şeirlərini təqdim edirik.

 

Olmuşam mən aşiq sözünə, Dədə

Hələ yeniyetmə, məktəb yaşından
Olmuşam mən aşiq sözünə, Dədə.
Hər ülvi duyğunun, şirin kəlmənin
Düşmüşəm ləprinə, izinə, Dədə.

İlk eşq şərbətini səndən içmişəm.
Könlümə səpdiyin dəndən içmişəm…
Kim deyər uzaqdan gendən içmişəm.
Yanmışam çatdasın közünə, Dədə.

Axmışam sözünün axarı ilə,
Min şəhdi- şirəli baxarı ilə.
Zamana yön verən çıxarı ilə
Matam astarına, üzünə, Dədə.

Qalxdığın zirvəyə vurğun kəsildim,
Sənə xor baxana qırğın kəsildim.
Sözünün önündə durğun kəsildim,
Baxdım ilhamının gözünə, Dədə.

Sənət məbədinin dədəsi oldun.
Gözünün bəbəyi, didəsi oldun
Talıboğlu, şamı, ədası oldun,
Ondan könül verdim özünə, Dədə.

21.08.2021

 

                Sən də Ələsgərsən, mən də Ələsgər

Ustad Dədə Ələsgərə

 

Ustadlar sultanı,ey böyük Dədə,

Sən də Ələsgərsən,mən də Ələsgər.

Bu gün də,bax,saza sipərsən-sipər,

Sən də Ələsgərsən,mən də Ələsgər.

 

Sən uca zirvəsən,mən kiçik təpə,

Sən dərin dəryasan, mənsə bir ləpə.

Hopubsan qəlblərə sən qəlpə-qəlpə,

Sən də Ələsgərsən, mən də Ələsgər.

 

Sən sənət yolunda bir qara sal daş,

Sənsiz saz dünyamız görünməzmi boş.

Mən də sən qüdrətdə eh…olsaydım kaş,

Sən də Ələsgərsən,mən də Ələsgər.

 

Talıboğlu, hər bulaqdan su içməz,

Yad qumaşdan öz ruhuna don biçməz.

Sənin kimi ustaddan da yan keçməz,

Sən də Ələsgərsən,mən də Ələsgər.

07.02.2016

 

 

Günlərin bir günündə

 

Günlərin bir günündə

var gücümü toplayıb,

könül açdım birinə.

“Yox”demədi gözləri

bir bayatı söylədi

mənə cavab yerinə:

“Qardaş, atın nalıyam,

Üstün ipək xalıyam,

Qardaş, mənə yar demə,

Mən özgələr malıyam”.

Bunu duyduğum anda,

qəlbim qaynar qazanda,

pöşələndi,eh…bişdi…

Yadıma anındaca

ustad, böyük sənətkar

Dədə Ələsgər düşdü…

10.02.2019

Ruhum saz üstündə köklənib mənim

 

Çalın-çarpaz dağlar çəkilən sinəm,

Qəm ilə şumlanıb,ləklənib mənim.

Qorqud qopuzundan yoğrulub mayam,

Ruhum saz üstündə köklənib mənim.

 

Ana laylasına hopub gəlibdi,

Ağıdan,nəğmədən qopub gəlibdi.

Nə qədər yağıdan sapıb gəlibdi,

Ruhum saz üstündə köklənib mənim.

 

Əvvəl-əvvəl neçə canda yaşayıb,

Daha sonra qəlbdə,qanda yaşayıb.

Köksümüzdə,din-imanda yaşayıb,

Ruhum saz üstündə köklənib mənim.

 

Köksləri sarsıdan bir aha dönüb,

Ürəkdə bir nurlu sabaha dönüb.

Türkün varlığında dərgaha dönüb,

Ruhum saz üstündə köklənib mənim.

 

Yunus Əmrə,Aşıq Veysəl köküydü,

Daşıdığı Türkün sevgi yüküydü.

Bu saz,Türkdən insanlığa görküydü,

Ruhum saz üstündə köklənib mənim.

 

 

Babalar nə yazsa saz dilindəydi,

Dirili Qurbanın öz dilindəydi,

Tufarqan Abbasın söz dilindəydi.

Ruhum saz üstündə köklənib mənim.

 

 

Coşar bulaq kimi damarda-qan da,

Dədə Ələsgərin ruhu var onda.

Alqışlayar sazı bütün cahan da,

Ruhum saz üstündə köklənib mənim.

1-2 noyabr 2012