Laçın Beynəlxalq Hava Limanının təməlinin qoyulması bölgə üçün mühüm əhəmiyyət kəsb edir

79

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına səfərləri ölkəmiz, xüsusən də bölgə üçün mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində dövlətimizin başçısı Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin, eləcə də Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub. Ölkə rəhbəri, həmçinin Kəlbəcər-Laçın rayonunun Minkənd yolunun çəkilməsi işləri ilə tanış olub.

Bunu Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının sədri İlqar İlyasov deyib.

Təşkilatın sədri bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistan ordusunun “məğlubedilməzliyi” barədə illərdir formalaşdırılmış mifi 44 gün ərzində dağıtdı, Azərbaycanın əleyhinə olan bütün qüvvələri xalqımızın iradəsi ilə hesablaşmağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

Azərbaycan özünün müasir tarixində yeni səhifə açıb, bununla da işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri böyük vüsət alıb. Hazırda Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması ilə bağlı işlərin planlı şəkildə və maksimal sürətlə həyata keçirilməsi göz önündədir. Artıq bütün dünya görür ki, ermənilər dağıdıcı, azərbaycanlılar isə qurucu və yaradıcı xalqdır. Öz ata-baba torpaqlarından didərgin düşmüş vətəndaşlarımızın ən qısa zamanda geri qayıtmaları üçün Azərbaycan iqtidarı tərəfindən sistemli işlər həyata keçirilir.

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfərləri hər iki rayonun ərazisində paralel olaraq infrastruktur layihələrinin həyata keçirildiyini göstərdi. Otuz ildir Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları təkcə soydaşlarımız olmadı, həm də tarixi-dini abidələrimiz, müqəddəs ocaqlarımız və məbədlərimiz oldu. İllərdir Azərbaycanın işğal altında yerləşən ərazilərində maddi-mədəniyyət nümunələrini, o cümlədən tarixi-dini abidələri məhv etmək Ermənistanın təcavüzkar siyasətinin tərkib hissələrindən biri olub. Yeni yolların çəkilişi, hava limanının tikintisi bu əsrarəngiz gözəlliyə malik bölgənin, eləcə də turizm sektorunun inkişafında müstəsna rol oynayacaq. Bölgədə yay-qış turizmi ilə yanaşı, “dark turizm” də inkişaf etdirilə bilər ki, bu istiqamətdə artıq bir çox işlər görülməkdədir. İşğal olunmuş digər ərazilərimiz kimi, bu bölgədə də tarixi, dini və mədəni abidələrimiz erməni vandalları tərəfindən dağıdılıb. Bu istiqamətdə həm ölkədaxili, həm də beynəlxalq turizm inkişaf etdirilməlidir. Titanik layihələr, görülən işlər göstərilən layihələrin qısa zamanda uğurla başa çatacağını təsdiqləyir. azərtac