“Gənc Tədqiqatçıların V Beynəlxalq elmi konfransı” öz işinə başlayıb

144

Bakı Mühəndislik Universitetində (BMU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Gənc Tədqiqatçıların V Beynəlxalq elmi konfransı”nın açılış mərasimi keçirilib. BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hər il ənənəvi olaraq təşkil edilən konfrans mövcud pandemiya vəziyyəti ilə əlaqədar onlayn formatda baş tutub. Konfransın əsas məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri digərləri ilə bölüşmək, eləcə də gənclərin elmə olan marağını artırmaqdır. İki gün keçiriləcək tədbirdə, həmçinin ortaq problemlər müzakirə ediləcək, onların həlli yolları üçün təkliflər irəli sürüləcək.

Tədbirdə açılış nitqi ilə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov vurğulayıb ki, Azərbaycan elminin sürətlə inkişaf etdiyi dövr məhz Ulu Öndərin hakimiyyəti illərinə təsadüf edir. Havar Məmmədov diqqətə çatdırıb ki, Ulu Öndərin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ölkəmizdə 5 yeni ali təhsil müəssisəsi fəaliyyətə başlayıb. Ümumilikdə ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər yüksəlib. Rektor bildirib ki, Ümummilli Liderin təşəbbüsü, şəxsi nüfuzu, səyləri nəticəsində 1970-ci ildən başlayaraq, hər il 800-900 gənc tanınmış ali məktəblərdə təhsil almağa göndərilib.

Rektor ulu öndər Heydər Əliyevin müstəqillik illərində də elm və təhsilin inkişafına göstərdiyi diqqətdən bəhs edib, bu istiqamətdə imzalanan tarixi fərman və sərəncamları nəzərə çatdırıb.

Havar Məmmədov qeyd edib ki, ölkəmizdə elmin, təhsilin və insan kapitalının inkişafı istiqamətində yürüdülən bu siyasət Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməkdədir.

Elm sahəsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edən Havar Məmmədov Azərbaycanda gənclərin elmə marağının artırılmasının önəminə, bu sahədə ail təhsil müəssisələrinin üzərinə düşən vəzifələrə toxunub.

Rektor çıxışında 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Böyük Zəfərdən, hazırda Qarabağda həyata keçirilən quruculuq işlərindən də danışaraq, bütün bu proseslərdə müstəqillik dönəmində formalaşan vətənpərvər, bilikli gəncliyin aktiv iştirak etdiyini vurğulayıb.

Çıxışının sonunda ölkəmizdə gerşəkləşdirilən islahatların mərkəzində elmi əsaslandırmaların  dayandığını söyləyən rektor  konfransda aparılan müzakirələrin elmimizin inkişafına müsbət töhfə verəcəyinə ümid etdiyini bildirib və tədbirin işinə uğurlar arzulayıb.

BMU-nun Kompüter və informasiya texnologiyaları kafedrasının müdiri, dosent Babək Abbasovun moderatorluğu ilə keçirilən konfrans digər qonaqların çıxışları ilə davam edib.

Konfransın plenar iclasında “Avtomobillərin utilləşdirilmə problemi” ( Bəxtiyar Namazov-Bakı Mühəndislik Universiteti), “Tatar ve Azerbaycan Türklerinde Düğün, Doğum ve Cenaze Töreni Gelenekleri” ( Büşra Küçükler-Kars Kafkas Universiteti, Türkiyə), “Hesablama Dumanı Mühitində Əşyaların İnterneti Əsaslı Tətbiqetmələr üçün Optimallaşdırılmış Xidmət Yerləşdirmə Texnikası” (Cavid Misirli-Roma Sapienza Universiteti, İtaliya),  “Role Of Equity Financing In Innovative Entrepreneurship Ecosystem” ( Odiljon Abdurazzakov CBS International Business School Cologne, Almaniya) mövzularında elmi araşdırmalar təqdim olunub. Eyni zamanda, AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun “Nizami Gəncəvi İli”nə həsr olunan məruzəsi dinlənilib. Məruzədə Azərbaycanda bu ilin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Nizami Gəncəvi İli” elan edilməsinin əhəmiyyətindən bəhs olunub.

BMU-nun Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov diqqətə çatdırıb ki, konfransda məqalələrin qəbul edilib rəyə göndərilməsi, düzəliş üçün müəllif-anonim rəyçi arasındakı dialoqlar, ümumilikdə konfransın bütün işlərinin gedişinə nəzarət “Konfrans Elektron İdarəetmə Sistemi” vasitəsilə həyata keçirilib. Elektron sistemdə qeydə alınan statistikaya əsasən, konfransa ümumi olaraq 650-yə yaxın məqalə ilə müraciət edilib. Anonim rəyçilər tərəfindən bu məqalələrdən ən yaxşı 485 məqalə qəbul edilib.

Konfransa İngiltərə, Almanya, İtaliya, Türkiyə, Pakistan, Ukrayna və digər 10-a yaxın ölkədən məqalə göndərilib. Ölkəmizin Bakı, Gəncə, Naxçıvan, Sumqayıt, Şamaxı, Quba, Mingəçevir, Lənkəran, eləcə də  digər regionlarından olan 60-a yaxın universitet və institutlardan gənc tədqiqatçılar konfransa öz tezislərini göndəriblər.

Elmi istiqamətləri mühəndislik, memarlıq və inşaat, təbiət, iqtisadiyyat, filologiya, pedaqogika, hüquq, tarix və sosiologiya elmləri olan konfrans ayrı-ayrı seksiyalar üzrə işini davam etdirir. Təşkilat komitəsi tərəfindən seçilən və konfransa təqdim olunan məqalələr 2 cildlik materiallar toplusu şəklində nəşr edilib və konfransın veb saytına yerləşdirilib.