Fransa səfiri MDU-da olub

243

Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qross Mingəçevir şəhərinə səfəri çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) olub.

Səfirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşən MDU-nun rektoru Şahin Bayramov universitetin tarixi, kadr potensialı və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Mütəxəssis hazırlığı istiqamətləri, tədrisin və elmi fəaliyyətin məzmununun təkmilləşdirilməsi sahəsində həyata keçirilən islahatlar və qarşıya qoyulan strateji hədəflər barədə danışan Ş.Bayramov sürətlə moderənləşən MDU-nun beynəlxalq əməkdaşlıq üzrə prioritetlərini diqqətə çatdırıb.

MDU-da olmaqdan məmnunluğunu bildirən səfir Z. Qross Azərbaycanla Fransa arasında ikitərəfli əməkdaşlıqda təhsil sahəsinin önəmli yer tutduğunu bildirib.

Görüşdə fransız dilinin tədrisi, bu sahədə mövcud olan onlayn resurslar, tələbələrin Azərbaycanda fəaliyyət göstərən fransız şirkətlərində təcrübə keçməsi imkanları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Esmira Hidayətova, Mingəçevir