Ermənistanın diplomatik müstəvidə növbəti məğlubiyyəti

0
22

Azərbaycan döyüş meydanında qazandığı zəfəri danışıqlar prosesində  uğurla davam etdirməkdədir. Yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Moskvada imzalanan üçtərəfli Bəyanat da bunu bir daha sübut edir.

Bu Bəyanatda bir sıra diqqəti çəkən məqamlar da var.  Belə ki, imzalanmış sənəddə bircə dəfə də olsun “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi işlədilməyib. Bu da o deməkdir ki, artıq həmin ifadə keçmişdə qalıb. Bəyanatda Nikol Paşinyanın arzuladığı status və 10 noyabrdan, daha doğrusu, atəşkəs elan olunandan sonra ələ keçirilmiş erməni diversantlarının-terrorçularının məsələləri öz əksini tapmayıb.

Bir sözlə, sənədə əsasən, 2020-ci il 10 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması və bu məqsədlə Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupunun yaradılması təsbit olunub.  Bütün bunlar o deməkdir ki, Bəyanat Prezident İlham Əliyevin həmin görüşədək səsləndirdiyi fikirlər əsasında hazırlanıb. Sənəddə Azərbaycanın Ermənistanı Qarabağ məsələsində hər hansı maraqlı tərəf hesab etməməsi də sezilir. İmzalanan Bəyanatdan aydın görünür ki, görüş, həm də Bəyanat ölkəmizin milli maraqları çərçivəsindən kənara çıxmayıb. Bəyanatda ölkəmizin əleyhinə hər hansı söz tapmaq mümkün deyil. Bu da Azərbaycanın danışıqları istədiyi məcraya yönəldə bilməsindən, artıq Qarabağda söz sahibi olmasından irəli gəlir. Bu mənada sözügedən Bəyanatı həmişə ölkəmizin maraqlarından çıxış edən, Azərbaycana tarixin ən böyük zəfərini qazandıran Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsi kimi dəyərləndirmək olar. Elə buna görə də siyasətçilər Prezident İlham Əliyevin Moskva görüşündən məmnun, Ermənistanın baş naziri Nikol Paşinyanın isə “qanıqara” qayıtmasını xüsusi vurğulamaqdadırlar. Bunu eyni zamanda, Ermənistanın diplomatik müstəvidə növbəti məğlubiyyəti kimi də izah etmək olar.

Digər tərəfdən, Moskva görüşü ilə bağlı birgə Bəyanatın qəbulu zamanı bir daha göründü ki, həm Rusiya, həm də Azərbaycan rəhbərliyinin mövqeləri üst-üstə düşür. Şübhəsiz, bu, ikitərəfli münasibətlərimiz üçün olduqca vacib məqamlardan biridir. Bu, həm də yaxın vaxtlarda Azərbaycanın dövlət suverenliyinin daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımlardan  xəbər verir. Dövlətimizin başçısı görüşdən sonra mətbuata bəyanatla çıxış edərkən bir neçə vacib məqama da toxunub. Məsələn, Prezident İlham Əliyev  bildirib ki,  9 noyabr, Azərbaycan vaxtı ilə 10 noyabr tarixli birgə Bəyanat uğurla həyata keçirilir: “Bu Bəyanatın bəndlərinin çox hissəsi yerinə yetirilib. Rusiya sülhməramlı missiyası öz işini səmərəli şəkildə yerinə yetirir və iki ay ərzində kiçik insidentlər istisna olmaqla narahatlıq üçün ciddi əsas olmayıb. Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”. Şübhəsiz, dövlətimizin başçısının irəliyə doğru atılan addımlarla yanaşı, “iki ay ərzində kiçik insidentlər istisna olmaqla” fikrini səsləndirməklə birbaşa regionda Ermənistanın hələ də bəd əməllərindən əl çəkməməsinə diqqət yönəldib. Yeri gəlmişkən qeyd edək ki, bu məsələ ilə bağlı fikirlərini Prezident İlham Əliyev Rusiyaya getməmişdən öncə, yəni yanvarın 6-da videoformatda keçirdiyi 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə də qeyd etmişdir.

Siyasətçilərin fikrincə, Moskvada imzalanmış 11 yanvar Bəyanatı 10 noyabr 2020-ci il tarixli Bəyanatı daha da möhkəmləndirəcək, həm də onun əhatə dairəsini genişləndirəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”