Mingəçevirdə Aprel şəhidlərinin ailələri üçün tikilən mənzillər istifadəyə verilib

0
190

 

Mingəçevirli aprel şəhidlərinin ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün ötən ilin iyul ayından Birinci vitse-prezident Mehriban Əliyeva göstəriş vermişdir. Mingəçevirdə 4 aprel  şəhid ailəsindən iki ailə Gəncə şəhərində mənzillə təmin olunmuş,  digər iki ailənin torpaq sahəsi olduğuna görə Mingəçevir şəhərində  həmin torpaq sahəsində olan yararsız mənzilləri sökülərək yeni 3 otaqlı geniş mənzil tikilib istifadəyə verildi.

“Mingəçevirli aprel şəhidlərinin ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması haqqında  verdiyi göstərişə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirik”. Bu sözləri   saytımıza  açıqlamasında 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş gizir Teymur Qasımovun anası Gülnarə Qasımova deyib. Onun sözlərinə görə, bundan əvvəl   yaşadıqları ikiotaqlı mənzil 1948-ci ildə tikilmişdi.

Gülnarə  Qasımova bildirib ki, üç övladından ikisinin aprel döyüşlərində iştirak etməsi ilə qürur duyur: “Teymurun qismətinə şəhidlik yazılıbmış. Teymur apreldə doğulmuşdu, apreldə də şəhid oldu. Bu günlərdə onun ad gününün yeni mənzilimizdə qeyd etdik. Biz şəhid ailələrinə diqqət və qayğıya görə ölkə rəhbərliyinə, Birinci vitse –prezident Mehriban xanım Əliyevaya,  “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinə təşəkkür edirik ki, pandemiyanın tüğyan etdiyi bir vaxttda və ölkəmizə qarşı erməni təcavüzü nəticəsində müharibənin qızğın vaxtında da olsa bizim mənzillərin tikintisi dayanmadı. 3 otaqlı hər cür şəraiti ilə təmin olunmuş mənzil bizim ixtiyarımıza verildi. Ailəmiz adından əməyi keçən hər bir şəxsə dərin minnətdarlığımı bildirirəm”.

Şəhid çavuş Adil Adilzadənin atası Kamran Abdullayev və anası Gülnarə Abdullayeva da göstərilən diqqət və qayğıya görə Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Abdullayevlər ailəsinin də mənzil şəraiti çox acınacaqlı vəziyyətdə idi. Ona görə də ailə bir müddət idi ki, kirayədə yaşayırdılar. Artıq Abdullayevlər ailəsinin də yeni mənzili hazırdır. Bu yaxınlarda ailə öz yeni mənzilinə köçəcək. Qeyd edək ki, Günəşli yaşayış massivindəki 14 saylı küçə yeganə oğul övladları Adil Adilzadənin adını daşısa da, şəhidin böyüdüyü ev istifadəyə tam yararsız vəziyyətdə idi.

Qeyd edək ki, 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş gizir Teymur Qasımovun, çavuş Adil Adilzadənin, gizir Rahim Qara oğlu Tağıyev və kiçik çavuş Rüstəm Oruc oğlu Əhmədovun  doğmaları mənzil şəraitlərinin yararsız və qəzalı vəziyyətdə olması səbəbindən Birinci vitse-prezident Mehriban Əliyevaya kömək göstərilməsi üçün müraciət edib. “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi xətti ilə çatdırılan bu müraciət Mehriban Əliyeva tərəfindən həssaslıqla qarşılanıb və hər 4 ailə  yeni  mənzillərlə təmin olunub.

Esmira Hidayətova, Mingəçevir