SMS-lər imdada çatacaqmı?

492
– Düz sür, düz sür – Rəis, sağa dönməliyəm, düz getsəm, eyni yolu yenə geri qayıtmalıyam axı. – Yol bağlıdır, sənə deyirəm düz sür\!
Yol polisinin mikrofonla ucadan dediyi bu sözlər sürücünü düz getməyə məcbur edir. O tələsirdi, amma qarşıda böyük bir tıxac var idi…Yəqin Bakıda bu vəziyyətlə siz də tez-tez üzləşmisiniz. Ya sürücü kimi, ya da kənardan bu vəziyyəti müşahidə etmisiniz. Yəqin ki, çoxlu sayda yol qovşaqlarının, tunellərin, piyada keçidlərinin, körpülərin inşa edilməsinə baxmayaraq, tıxacların azalmadığı Bakıda bu vəziyyətin yaranmasının bir səbəbi də sürücülərin yollar bağlanarkən məlumatlandırılmamasıdır. Bəlkə televiziyalarda bu barədə tez-tez elanlar verilir, amma “sürücülərin hamısı bundan xəbər tutur” demək doğru olmazdı. Təxminən bir neçə ay öncə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il, 4 mart tarixli 917-IVQD nömrəli qanununun tətbiqi barədə imzaladığı fərman bu sahədə başlanğıc oldu. Sənəddə bir çox məqamlar öz əksini tapırdı. Bunlardan biri də yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma sisteminin hazırlanması idi: “Üç ay müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi birlikdə bu işləri təmin edib, Azərbaycan Respublikasının Prezidentinə məlumat versin”.

 

Yollarda və küçələrdə baş verən yenidən quruma və təmir barədə məlumatlar

Nəhayət, Nazirlər Kabineti “Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları”nı təsdiq edib. Baş Nazir Artur Rasizadənin imzaladığı qərarla təsdiq edilmiş qaydalara əsasən, yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə göndərilməsi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən sellülar (mobil) telekommunikasiya operatorları vasitəsilə həyata keçiriləcək: “Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesajlar (SMS) vasitəsilə istifadəçilərə göndərilməsi Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən təmin edilir.

Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların tərkibini Nəqliyyat Nazirliyinin balansında olan respublika və yerli əhəmiyyətli, habelə Bakı şəhərində yerləşən avtomobil yollarında və küçələrdə baş verən yenidənqurma və təmir, dövlət tədbirlərinin keçirilməsi, qəzaların olması halları təşkil edir.

 

Aylıq abunə haqqı və bir SMS-in qiyməti

Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesajlar (SMS) vasitəsilə göndərilməsi üzrə xidmətlər elektron formada göstərilir. Həmin məlumatlar müvafiq xidmətə abunə olmaq və ya SMS sorğu göndərməklə əldə edilir”. Qeyd edək ki, yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesajlar (SMS) vasitəsilə göndərilməsi üzrə xidmətlər ödənişli olacaq. Aylıq abunə haqqı və bir SMS-in qiyməti Nəqliyyat Nazirliyi ilə sellülar (mobil) telekommunikasiya operatorları arasında bağlanmış müqavilə ilə müəyyən ediləcək.

Xidmətin göstərilməsindən daxil olan vəsaitin xidmətin təşkilində iştirak edənlər arasında bölgüsü tərəflər arasında qarşılıqlı razılaşma ilə tənzimlənir. Xidmətdən əldə edilən vəsait Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin hesablaşma hesabında yığılacaq. Məlumatların göndərilməməsinə və ya göndərilməsindən imtina edilməsinə görə “İnzibati icraat haqqında” Qanuna və İnzibati Prosessual Məcəlləyə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

NİCAT İNTİQAM