“45 ton yararsız ətin vətəndaşlara satılmasının qarşısı alınıb”

0
452

Azərbaycanda mənşəyi məlum olmayan ətlərin satışı ilə illərdir mübarizə aparılır. Lakin bu cür əməllərin kökünü birdəfəlik kəsmək mümkün olmur. Son bir neçə ayda regionlarda at əti satışı ilə məşğul olan çoxlu sayda şəxs aşkarlanıb və onların barəsində qanuna müvafiq olaraq tədbirlər görülüb. Aşkarlanan bəzi ətlərin isə ümumiyyətlə mənşəyinin bəlli olmadığı, baytarlıq-sanitariya nəzarətindən keçmədiyi, sağlamlığına dair heç bir baytarlıq arayışı olmadığı bildirilir. Lakin son günlər sanki proses sanki səngiyib. Bəs bunun səbəbi nədir – daha at əti satanlar yoxdur, yoxsa nəzarət tədbirləri zəifləyib?
“Ola bilər ki, at əti satanlar daha qeyri-leqal vəziyyətə keçiblər”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun “Yeni Avaz”ın mövzu ilə bağlı suallarına cavabı belə oldu: “Burada iki ehtimal var, ola bilər ki, at əti satanlar daha qeyri-leqal vəziyyətə keçiblər. Ola da bilər ki, ifşa proseslərindən sonra at ətinin satışı ilə məşğul olanların sayı xeyli azalıb”.
E. Hüseynov dedi ki, AİB-in rayon şöbələrindən bununla bağlı daimi məlumat alır: “Mən yerli şöbələrimizlə daimi iş aparıram. Hələ ki, onlar belə halların olmadığını və ya rastlaşmadıqlarını bildirirlər. Biz ictimai təşkilat olaraq axtarış aparırıq ki, mənşəyi məlum olmayan və ya at əti satışı ilə məşğul olanlar daha gizli fəaliyyət göstərirlər, yoxsa başqa səbəblər var? Bu bizim daimi apardığımız işdir”.
“Azərbaycanda at ətinin satışı qadağan deyil”
Onun sözlərinə görə, Azərbaycanda at ətinin satışı qadağan deyil: “Bu işlə məşğul olanlar daha çox istehlakçıları aldatdıqları üçün cəzalandırılırlar. Ölkəmizdə at ətinin satılması qadağan deyil. Vətəndaşa mal əti adı altında at əti satılırsa, bu, qanun qarşısında məsuliyyət yaradır. Əlbəttə, digər məsələlər də var”.
Kolbasa məhsullarının hazırlanmasında bu cür ətlərdən istifadəyə gəlincə, müsahibimiz: “Əgər satılan malın üzərində etiketi yoxdursa, artıq bu, təhlükəli mal hesab olunmalıdır. Bu o deməkdir ki, həmin məhsul anonim bir istehsalçı tərəfindən hazırlanır. Bu artıq istehlakçıların hüquqlarının pozulmasıdır və belə malların satışı Nazirlər Kabinetinin 95 saylı qərarına əsasən qadağandır”,-dedi.
“Nəzarət davam etdirilir”
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli isə “Yeni Avaz”a açıqlamasında at əti və ya mənşəyi məlum olmayan ətlərin satışı ilə məşğul olanlara qarşı görülən tədbirlərin səngimədiyini dedi: “Nəzarət davam etdirilir, səngimə yoxdur. Mənim fikrimcə, söhbət ondan gedir ki, həmin o alverçilər bu işə hələlik girişmirlər. Təxminən 1 ay əvvəl İsmayıllıda, Şəkidə bu işlə məşğul olanlar tutuldular. Son 10-15 gündə sanki bir az səngiyən kimidir. Lakin qeyd etdiyim kimi, nəzarət tədbirləri hər gün davam etdirilir”.
“Nəzarət və cəza tədbirləri bundan sonra da davam etdiriləcək”
Yolçu Xanvəli bildirdi ki, aşkarlanan ətlər laboratoriyada yoxlanıldıqdan sonra müvafiq tədbirlər görülür: “Biz bu işlə məşğul olanları həbs eləmirik, hüquq-mühafizə orqanı deyilik. Biz sadəcə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq edirik. Bütün bölgələrdən bununla bağlı məlumat daxil olur, qeydə alınır və aşkarlanan faktlar da bunu göstərir. İstər cənub bölgəsi, istər şimal bölgəsi, istər Aran rayonları olsun – fərqi yoxdur”.
Yolçu Xanvəlinin sözlərinə görə, bu günədək 45 tona yaxın bu cür ət sərərsizləşdirilib: “Bu ətlərdən 3 tondan çoxunun isə sırf at əti olduğu müəyyən edilib. Bildirmək istərdim ki, nəzarət və cəza tədbirləri bundan sonra da davam etdiriləcək”.
Nicat İntiqam