Ələsgər Talıboğlunun yeni şeirləri

0
71

İçimdə bir şeir hayqırır

İçimdə bir şeir hayqırır…

Nə anı, nə zamanı bəlli,

Buraxmır ki… buraxmır…

Yapışıb yaxamdan ikiəlli…

Hər axşam, hər sabah

ağrısı- acısı hey yandırır məni.

Yandıra- yandıra

amansız sancısı qandırır məni.

Qıvıra- qıvıra salır haldan- hala,

öfkəmi, səbrimi yola- yola…

İçimdə bir şeir hayqırır…

Göy üzü bir ovuc ulduz,

hayqırtılar isə hələ də sonsuz.

Hayqıra- hayqıra gəlirəm deyir.

İçimi içimdə qaynadan şeir,

içimi içimdə oynadan şeir…

İçimdə bir şeir hayqırır…

Səsini məndən başqa

Duymur ki kimsə.

Bilməsəm də necə bir

nəsnə olacaq,

gəlirsə qoy gəlsin,

bəlkə söndürərək yanğımı

həməncə yurd sevdalı qəlbimə təşnə olacaq…

                                        05.09.2020

                        Musa Uruda

Nə ülvi sevgidir, hər gecə- gündüz,

Qayası səsləyir, daşı çağırır.

Nə dərə susmaqda, nə çiçəkli düz,

O şiş zirvələrin qaşı çağırır.

Çağırır dərd süzən o “Korabulaq”,

Həsrəti min qalaq, qəmi min qalaq…

Kövrək harayına verdim də qulaq,

Axan gildir- gildir yaşı çağırır.

Çağırır gəzdiyim o yal, o yamac,

Sevdası köksümdə ox… qulac-qulac…

Ha da qəhərlənib, ha da… könül ac,

Süsənli, laləli döşü çağırır.

Çağırır susmayan çağlar “Kəhriz”i,

Min ləpir saldığım hər cığır, izi…

Çağırır çatdığı füsunlu közü,

Keşkəsi, gümanı, kaşı çağırır.

Çağırır ümidin göynəyən dili,

Çağırır həsrətin çuğlayan seli…

Çağırır zəfərin əsəcək yeli,

Nə olsun, bir az da “naşı” çağırır.

Çağırır o “Demlər”, o “Ardıclıdağ”,

Qəlbimi fəth edən hər təpə, hər dağ.

Talıboğlu, eşqin sən gücünə bax,

O “Söyüdbulaq”ın başı çağırır.

                                         04.09.2020

        Ey Vətən

   ( 9 hecalı qoşma)

Ey Vətən, köksün dərd axarı,

Ah- naləmə dilim yetməyir.

Aşır məni, məndən yuxarı,

İstəsəm də əlim yetməyir.

Hər ağrın- acın dünya boyda,

Məlhəm edəmmirəm, nə fayda…

Gəl, bu yalanlara az uy da,

Yumaq üçün selim yetməyir.

Bunca yükü daşımaqdansa,

Hər gün yara qaşımaqdansa…

Talıboğlu, yaşamaqdansa,

Uğrunda, bil, ölüm yetməyir.

                                        18.09.2020

         Mən şeir yazmıram

                              Mən şeir yazmıram

                              baş qatmaq üçün.

                                           Abay Kunanbayev

Mən şeir yazmıram…

anları öldürüb

gün yırtmar üçün,

ötürüb gərdişi boşu- boşına,

zamanın bətnindən

hey sırtmaq üçün…

Mən şeir yazmıram…

şöhrətin peşində çapam atımı,

ucalıb göylərə

zirvə fəth edəm,

 ya da qanıq köpəklər tək,

kiməsə yalmanıb

yersiz mədh edəm…

Mən öz dərdlərimdən öncə,

buncalıq arxada buraxdığım

ayca, güncə

bələnə- bələnə.. sarına- sarına

dərddən geydiyim kürkə

yazıram daha çox

qoynunda doğulduğum,

mayasından yoğrulduğum

Vətən torpağının

ağrı- acısınnan,

dərdi- sərindən…

Yana- yana

 hərf- hərf, heca- heca, söz- söz,

misra- misra, bənd- bənd, şeir-şeir

haqqın işığında,

əyri deyil, təkcə düz

ağlayıram,

dağlanan köksümü

bir daha maşa ilə

dağ- dağ dağlayıram…

Və dağlaya- dağlaya da

Vətən oğlunu

qarı düşmənimizdən

qisasa səsləyirəm.

Mən şeir yazmıram…

anbaan… zaman- zaman

könülləri böyük qələbənin,

müqəddəs zəfərin

sevdasına süsləyirəm…

                                          25.09.2020

Şanlı bir gün… şanlı tarix…

Şanlı bir gün… şanlı tarix…

27 sentyabr…

Bu payız səhəri

dolub daşdı,

öz məcrasını aşdı

vüsala susamış,

yatağına sığmayan səbr…

Vətən oğlu- Azərbaycan əsgəri

qarı düşmənimizin-

“dağılmaz” istehkamını,

alaraq ilk kamını

dəlib keçdi.

“Sarsılmaz” mövqelərini

“topdağıtmaz” səflərini

tarmar edə- edə,

altını üstünə çevirə- çevirə

bölüb keçdi…

Otuz ildir ki,

millətimi bir heç sayan

bu dünyaya gülüb keçdi…

Göstərə- göstərə

açılmasına olmayan gərək

bir aksioma tək

isbatını,

başladı yurdumuzun

zəfər dolu büsatını…

Uğur olsun, Vətən oğlu!…

                                  02.10.2020

Bir körpənin gözündə

Çiçək açıb tər- təzə

bir körpənin gözündə,

Ayaq açıb o bu gün,

Günəş gülür üzündə…

Gülüşləri bir udum,

Hər sevinci bal dadım…

Yeriyir addım- addım,

Taqət tapıb dizində.

Yürüyür şirin- şirin,

Sevdası necə dərin…

Talıboğlu, bir görün

Nə aparır özündə….

                                  15.09. 2020

        Salam olsun

                    İş yoldaşım Vüqar Şahmurovun

                    şəxsində döyüşə gedənlərə

Qarabağda döyüşməyə

Gedənlərə salam olsun.

Orda gərdiş dəyişməyə

Gedənlərə salam olsun.

Almaq üçün qisasını,

Ucaldaraq gur səsini.

Ötə- ötə nəğməsini,

Gedənlərə salam olsun.

Yağının dərsin verməyə,

Onunçün məhbəs hörməyə.

Gül baxçadan gül dərməyə,

Gedənlərə salam olsun.

Düşmənə məzar qazmağa,

Fələk yazanı pozmağa.

Ən şanlı tarix yazmağa…

Gedənlərə salam olsun.

Doğacaq nurlu danıyla,

Axılası al qanıyla…

Talıboğlu, ad- şanıyla,

Gedənlərə salam olsun.

                                   05.10. 2020

        Cəbrayılım azad oldu

                            Cəbrayıllı yazar dostlarım

                            Nazir Çərkəzoğluna, Əjdər Yunus Rzaya

                            və Qorxmaz Abdullaya

Gözün aydın, qan qardaşım,

Cəbrayılım azad oldu.

Nəm içində kiprik, qaşım,

Cəbrayılım azad oldu.

O yerləri görməsəm də,

Bənövşəsin dərməsəm də.

Qəlbə çələng hörməsəm də…

Cəbrayılım azad oldu.

Qoymasam da üz daşına,

Zirvəsinin sərt qaşına.

Bax, sevincdən göz yaşıma,

Cəbrayılım azad oldu.

Salmasam da köksündə iz,

Çatmasam da qorundan köz…

Durmasam da bir üzbəüz,

Cəbrayılım azad oldu.

Öpməsəm də bulağından,

Keçməsəm də hər dağından.

Kim qurtarar qınağından,

Cəbrayılım azad oldu.

Talıboğlu yurd sevdalı,

Vətən oldu tək amalı…

Bu gün necə şuxdur halı,

Cəbrayılım azad oldu.

                                   04.10. 2020

      Azərbaycan əsgəri

Altdan- üstdən silahlan,

Sarıl ülvi eşqinə.

Azad et Qarabağı,

Ucal şahlıq köşkünə.

Azərbaycan əsgəri.

Yağıya vermə aman,

Əz onu bir böcək tək.

İsbatla varlığını

Haqdan gələn gerçək tək.

Azərbaycan əsgəri.

Qoyma, dinsin ah-nalə,

Bir daha torpağımda.

Bələnməsin al- qana

Üç rəngli bayrağım da…

Azərbaycan əsgəri.

Bu gün zəfər sənindi,

Xalqla birgə, tən yürü.

Talıboğlu cərgəndə,

Köksündə Vətən yürü…

Azərbaycan əsgəri.

                                   08.10. 2020

Ayın şirin gülüşü

İçimə sevda süzür,

Bu gecənin gəlişi.

Güzgü tutur könlümə

Ayın şirin gülüşü….

Nə qədər füsunludur

Göy üzündə dolunay.

Odur ki, bu gecəyə

Qapım açıq taybatay.

Ayın zərif sehiri

Yağır qəlbimə incə.

Lütfünə, bax, gecənin

Könlümü qoydum dincə…

                                   05.10. 2020

Ələsgər Talıboğlu

Şair – publisist, AYB-nin üzvü,

Məmməd Araz mükafatı laureatı.