559

“İmtahan ərəfəsində abituriyentlərin yaxınları, xüsusən də valideynləri tərəfindən onlarda özünə inam hissinin aşılanmasının və ailədəki  mühit və davranışların böyük əhəmiyyəti var. Valideynlər bilməlidirlər ki, övladları hər zaman olduğu kimi, indi də onların həm psixoloji, həm də mənəvi dəstəyinə ehtiyac duyurlar”.

Ali məktəblərə qəbul imtahanlarına sayılı günlər qaldıqca, həm abituriyentlərin, həm də onların yaxınlarının həyəcanı artır. Bu isə ailədə bəzi hallarda xoş olmayan hadisələrin baş verməsinə gətirib çıxarır. Həm abituriyentlərə, həm də onların yaxınlarına dəstək olmaq məqsədilə psixoloq Hüseyn Xəlilovla həmsöhbət olduq. Onun sözlərinə görə, ali məktəblərə qəbul imtahanları ərəfəsində abituriyentlər yaxınları tərəfindən psixoloji dəstəyə ehtiyac duyur: “İmtahan ərəfəsində abituriyentlərin yaxınları, xüsusən də valideynləri tərəfindən onlarda özünə inam hissinin aşılanmasının və ailədəki  mühit və davranışların böyük əhəmiyyəti var. Valideynlər bilməlidirlər ki, övladları hər zaman olduğu kimi, indi də onların həm psixoloji, həm də mənəvi dəstəyinə ehtiyac duyurlar”. Ali məktəbə qəbul imtahanlarında övladlarını yüksək bal toplamağa təşviq edən valideynlərin bəzi hallarda bilmədən ciddi qüsurlara yol verdiyinə diqqət çəkən müsahibimiz qeyd etdi ki, ata-analar bütün hallarda uşaqlarının üstünə getməməlidirlər: “Hər bir valideyn övladının yüksək nəticə göstərməsini istəyir. Bu, təbii haldır. Lakin valideyn övladını yüksək bal toplamağa təşviq etmənin düzgün metodlarından istifadə etməlidir”. Onun sözlərinə görə, valideynlər universitetə hazırlaşan övladları ilə hədələyici dillə danışmamalıdırlar. Belə ki, imtahanqabağı valideynlər tərəfindən uşaqlara edilən təzyiqlər onların daha da stresə düşməsinə səbəb olur: “Valideynlər ali məktəblərə hazırlaşan uşaqlara “Sənin hazırlıqların üçün bu qədər xərc çəkmişəm. Əgər sən imtahanda bal toplayıb universitetə  girə bilməsən, bütün zəhmətim batacaq!” və s. kimi ifadələrin əvəzinə, “İnşallah, universitetə qəbul olarsan. Bir az da çox çalışmağa cəhd et” və s. kimi təskinedici ifadələr işlətsə, daha yaxşı olar”.

“Ata-analar narahatlıqlarını büruzə verməməlidirlər”

H. Xəlilovun sözlərinə görə, elə valideynlər də var ki, uşaqlara təzyiq etmənin düzgün olmadığını bilirlər. Ancaq onlar özləri də imtahanın nəticələri ilə bağlı təlaş keçirdikləri üçün fərqinə varmadan övladlarını sıxışdırırlar: “Valideynlər narahatlıqlarını heç bir halda uşaqlara büruza verməməlidirlər; həmçinin övladlarının eşitdiyi təqdirdə, kiminləsə istər telefonla, istərsə də üz-üzə söhbət etdikləri zaman, uşaqlarını hazırlaşdırmaq üçün çəkilən xərclərdən, az bal yığmasından və s. söhbət açmamalıdırlar.  Belə olan halda, uşaqlar fikirləşə bilərlər ki, valideynləri bütün bunları bilərəkdən onlara eşitdirirlər. Bu da onlarda müəyyən depressiyaların yaranmasına gətirib çıxarır”. Həmsöhbətimiz valideynlərə çağırış etdi ki, övladlarından onların real potensialı xaricində heç nə tələb etməsinlər. Əks təqdirdə, valideynlərinin istədikləri nəticəni əldə edə bilməyən abituriyent onların tələbləri qarşısında acizliyini hiss edib əzilir. H. Xəlilov ata-analara xəbərdarlıq etdi ki, bu kimi təzyiqlər uşaqların intihara cəhd etməsinə, evdən qaçmasına və s. kimi xoşagəlməz halların baş verməsinə gətirib çıxara bilər. Onun sözlərinə görə, abituriyentlərə birinci növbədə evdə rahat mühit yaradılmalıdır.  Abituriyent olan ailələrdə süfrə başında, dost-tanışın qonaq olduğu vaxtlarda söhbətin şagirdlərin az bal toplaması və s. kimi məsələlərə   yönəlməsinin, onun qınaq obyektinə çevrilməsinin yolverilməz olduğunu dilə gətirən müsahibimiz  valideynləri belə şeylərə heç vaxt imkan verməməyə səslədi. Övladları universitetə hazırlaşan valideynlərin müəyyən məsələlərə həssas yanaşmasının və mütəxəssis məsləhətinə müracitə etməsinin faydalı olmasına diqqət çəkən H.  Xəlilov söylədi ki, abituriyentlərin şikayətlərinə heç vaxt biganə münasibət bəslənilməməlidir: “Elə valideynlər var ki, uşaqlarının şikayətlərini dinləmirlər. Misal üçün, halsızlıqdan, baş ağrılarından, yuxusuzluqdan və s. əziyyət çəkən uşaqlar bunu ata-analarına demələrinə baxmayaraq, valideynləri bunu tənbəlliklə, övladlarının oxumaq həvəsinin olmaması ilə izah edib, balalarının şikayətinə laqeyd qalırlar. Əslində isə sadaladığım halların hamısı uşaqların səhhətində baş verən hansısa problemin təzahürü ola bilər. Üstəlik, bahar mövsümü bədəndə parazitlərin aktivləşdiyi dövrdür. Uşaqlarının belə şikayətləri olan valideynlər övladlarını mütləq müayinə etdirməlidirlər”. Müsahibimiz sonda qeyd etdi ki, abituriyentlərin yuxu rejimi və qidalanması da diqqətdə saxlanılmalıdır: “Ali məktəbə hazırlaşan şagirdlər qidalanmasına ciddi fikir verməlidirlər. Xüsusən də  səhər yeməyini həmişə yesinlər. Sulu xörəklərə üstünlük versinlər. Gündəlik 6-8 saat yatsınlar. Eyni saatda yatıb, eyni saatda da durmağa çalışsınlar. Bu abituriyentlərin sistemli və səmərəli hazırlaşmasına  imkan verəcək”.

 “Hədəfi yüksək olan şagirdin imtahan nəticələri də yüksək olur”.

Mövzumuzla bağlı keçən il ən yüksək balla (700 bal) Qafqaz Universitetinə qəbul olan Flora Qafarova ilə də həmsöhbət olduq. F. Qafarova ilk olaraq, qeyd etdi ki, abituriyentlər ali məktəblərə qəbul imtahanının vaxtına az qaldığı üçün həyəcanlanmasınlar: “Abituriyentlərə ilk olaraq, tövsiyə edirəm ki, özünə inamlı olsunlar. İmtahanlara iki aydan da az vaxt qalıb. Ona görə bu zaman kəsiyi onlar üçün çox əhəmiyyətlidir. Abituriyentlər vaxtlarından maksimum səviyyədə səmərəli istifadə etməlidirlər”. Böyük uğurun arxasında özünə inamın və sistemli çalışmağın durduğunu dilə gətirən F. Qafarova abituriyentlərə hazırlaşdıqları hər bir fənn üçün düzgün vaxt ayırmağı tövsiyə etdi: “Sistemli oxusunlar. Daha çox təkrara üstünlük versinlər. Yuxu rejiminə riayət etsinlər. 6 saatdan çox yatmasınlar. Çünki abituriyentlər üçün indi yatmaq vaxtı deyil”. Müsahibimiz abituriyentərə heç vaxt imtahanı fikirləşməməyi də tövsiyə etdi. Hədəfləri haqqında düşünməyə çalışsınlar: “Əsas olan imtahan yox, onun nəticəsidir. Hədəfi yüksək olan şagirdin imtahan nəticələri də yüksək olur”.

F. Xəlilova bizimlə söhbətinin yekununda bütün məktəblilərə səsləndi: “Ali təhsil almaq niyyəti olan hər bir şagird aşağı siniflərdən etibarən yaxşı oxumalıdırlar. Orta təhsil müddətində dərslərini yaxşı oxuyan şagird üçün universitetə hazırlaşmaq o qədər də çətin deyil”.ELVIN ƏLIYEV