525

Müasir dövrün uşaqlarını cizgi filmi izləmədən təsəvvür etmək mümkün deyil. Uşaqlar, demək olar ki, əksər saatlarını televiziya qarşısında cizgi filmlərini izləməklə keçirirlər. Mütəxəssislər cizgi filmlərinin uşaqların özünü dərk etməsi prosesində, ətraf aləmi kəşf etməsində mühüm rol oynadığını deyirlər. Uşaqdan böyüyə-hamının bəyənərək izlədiyi, dünyaca məşhur elə cizgi filmləri var ki,  reallığı özündə əks etdirmir. Məhz buna görə cizgi filmləri uşaqların psixologiyasına müsbət və ya mənfi təsir göstərə bilir.

 Bu haqda görkəmli Azərbaycan tarixçisi, tarix elmləri doktoru, millət vəkili professor Musa Qasımlı qəzetimizə müsahibəsində fikirlərini dilə gətirdi: “Televiziya istənilən bir toplumu istədiyi fikrə sala bilər. Xüsusən, televiziyalarda yayımlanan cizgi filmləri kiçikyaşlı uşaqların hansı ruhda böyümələrinə ciddi təsir göstərən bir vasitədir. Azyaşlı uşaqlar televiziya proqramlarına baxdıqdan sonra onların  hərəkətlərində baş verən dəyişikliyi şəxsən özüm müşahidə eləmişəm. Əsasən 3-4 yaşlı uşaqlar çox davakar olurlar, hər şeyi qırıb-dağıtmağa çalışırlar. Bunun səbəbini soruşduqda isə cavabları çox sadə olur, “Cizgi filmində bunu filankəs belə etmişdi”.

Cizgi filmlərinin uşaqlara doğru davranış qaydaları, tərbiyə, valideynə hörmət və s. aşıladığını deyən M. Qasımlı sözünə belə davam etdi: “Mən hesab edirəm ki, cizgi filmləri kiçikyaşlı uşaqlara doğru davranış qaydaları, tərbiyə, vətənpərvərlik hissləri, valideynə hörmət və sevgi, insanlarla ünsiyyət qurma qabiliyyəti aşılamalıdır. Bu baxımdan mən Türkiyənin “TRT Çocuk” kanalının fikirlərini çox müsbət qiymətləndirirəm. Ancaq təəssüflər olsun ki, bizim yerli kanallarda yayımlanan bəzi verilişlər, hətta cizgi filmləri məktəbəqədər uşaqlar üçün uyğun deyil. Orada işlədilən ifadələri, süjetləri uşaqlar üçün münasib hesab etmək olmaz. Çünki bununla uşaqlara davakarlıq hissləri, ətrafındakılara qarşı nifrət aşılanır. Buna görə də mən yerli cizgi filmlərin çəkilməsinin böyük əhəmiyyət daşıyacağı qənaətindəyəm. Hesab edirəm ki, Azərbaycan Televiziyasında Turkiyədəkinə bənzər uşaq televiziya kanalının yaradılmasına ehtiyac var. Belə bir kanal yaradılarsa, bütün nöqsanlar aradan qalxar. Biz xarici cizgi filmlərini götürüb tərcümə edirik, yayımlayırıq. Bununla biz hansı mədəniyyəti uşaqlarımıza təbliğ edirik? Bizim özümüzdə Azərbaycan haqqında, milli nağıllarımız, qəhrəmanlarımız əsasında cizgi filmləri yaradılmalıdır”.

 “Cizgi filmləri uşaq psixologiyasına təsir edir”

Psixoloq Elnur Rüstəmli cizgi filmlərinin uşaqların psixologiyasında olduqca mühüm təsiri olduğunu qeyd etdi. Onun sözlərinə görə, cizgi filmləri reallığı özündə əks etdirməlidir: “Cizgi filmləri uşaq psixologiyasını müsbət və mənfi cəhətdən dəyişə biləcək təsirə malikdir. Hazırda telekanallarımızda yayımlanan cizgi filmlərinin bəziləri azyaşlı uşaqlar üçün münasibdir, bəziləri isə münasib deyil. Çünki cizgi filmlərinin bir qismində kifayət qədər aqressivlik, bir qismində isə uşaqların tərbiyəsi prosesi üçün yanlış məlumatlar var. Məsələn, filmin qəhrəmanı ölür, sonra yenidən dirilir, özünü yüksəklikdən yerə atır, ancaq heç nə olmur. Bu da uşaqların psixologiyasına təsir göstərir. Uşaq öz-özünə fikirləşir ki, mən də yıxılsam, özümü atsam, mənə heç nə olmayacaq. Bu fikirlə stolun üstünə çıxıb özünü yerə atır və xəsarət alır. Buna görə də mən düşünürəm ki, valideynlər cizgi filmlərini seçərkən çox diqqətli olmalıdırlar”.

 “Bəzən uşaqlar özlərini cizgi filmlərinin qəhrəmanlarına oxşatmağa çalışırlar. Xəyal dünyasında yaşayırlar. Bunun da məsuliyyəti birbaşa valideynin üzərinə düşür. Bu zaman valideyn övladının belə filmlərə baxmasına mane olmalıdır. Əgər bu problemin qarşısı alınmazsa, uşaqlar cəmiyyətdən, real həyatdan qoparaq özlərinin qurduqları xəyal dünyasında yaşamaqda davam edəcəklər”, – deyə E. Rüstəmli vurğuladı.

 “Cizgi filmlərinin seçilməsində diqqətli olmaq lazımdır”

Cizgi filmlərinə yaş məhdudiyyətinin qoyulmasının vacib olduğunu deyən psixoloq əlavə etdi ki, birmənalı şəkildə cizgi filmlərinə baxılması prosesində yaş məhdudiyyəti vacibdir: “Uşaq psixologiyasında 3 yaşdan yuxarı uşaqların cizgi filminə baxması tövsiyə olunur. Çünki uşaq vaxtı baxılan aqressiv, şiddət, qorxu dolu cizgi filmləri həmin uşaqların böyüdükdən sonra ətrafına qarşı şiddətə meyilli, aqressiv olmasına səbəb ola bilər. Zaman keçdikcə bu proseslər uşaqlarda fərqli bir formada davam etməyə başlayır. Məsələn, döyüş səhnələrindən ibarət oyunlar oynayırlar və həmin bu prosesi internet üzərinə köçürürlər. Nəticədə uşağın psixologiyasında çox böyük travmalar baş verə bilər. Bu səbəbləri aradan qaldırmaq üçün valideyn övladını yönləndirməli və humanizmə kökləməlidir”.

 “Ailə psixoloqunun olması vacibdir”

Mövzu haqqında qəzetimizə müsahibə verən təhsil üzrə ekspert Nazim Əkbərovun fikrincə, bəzi telekanallarda daima müharibədən, banditizmdən bəhs edən cizgi filmləri göstərilir. Ekspert qeyd etdi ki, belə filmləri seyr edən uşaqlar da həmin filmlərdən təsirlənir və ətrafındakıları düşmən görməyə başlayır: “Özünü onlara qarşı bir növ hazırlamağa çalışır. Bu zaman uşaq olmayan düşmənlə mübarizə aparmağa başlayır. Məqsədi onu öldürmək, məhv etmək olur. Belə uşaqlar bağçada yoldaşları ilə yola getmir, məktəbdə bir-birilərinə xəsarət yetirirlər, düşmən kəsilirlər; bir-birilərində ancaq nöqsan axtarırlar və həmin nöqsanları qabardırlar. Bu zaman dediyimiz aqressivlik, təcavüzkarlıq özünü göstərir. Uşaqlar bizim gələcəyimizdir. Biz onları sülhə, əmin-amanlığa, sevgiyə, gözəlliyə səsləyərək cəmiyyətə hazırlamalıyıq. Bu problemlərin aradan qaldırılması üçün cizgi filmləri yayımlanmadan əvvəl pedaqoq və psixoloqlar tərəfindən baxılmalı və təhlil edilməlidir. Hər bir televiziya kanalının öz psixoloqu olmalıdır. Onlar hansı cizgi filmlərinin hansı yaşa münasib olması haqqında kanala məlumat verməli və həmin filmlərdə şiddətin, qorxunun, yaş məhdudiyyətinin işarələrini qoymalıdırlar. Yəni bir növ xəbərdarlıq edilməlidir. Yayımlanan cizgi filmində uşaqların psixologiyasına təsir edən heç bir şeyin olmaması haqqında rəy verildikdən sonra həmin film ekrana verilməlidir”.

Cizgi filmlərindəki aqressivliyin, şiddətə meyilliliyin onların gələcək həyatlarına təsir etdiyini deyən N. Əkbərov insanın şüur altının formalaşdığı dövrün 5, 6 yaşa qədərki dövr olduğunu bildirdi:  “İnsanın şüuru 5 və ya 6 yaşa qədər formalaşır. Bu zaman onun şüur altında formalaşan mənfi və müsbət xüsusiyyətlər qalıcı funksiya daşıyır. Bu problemin qarşısını almaq isə valideynin əlindədir. Lakin valideynlər bu haqda məlumatsız olduqları üçün problemi həll edə bilmirlər. Buna səbəb ölkəmizdə ailə psixoloqlarının olmamasıdır. Mən düşünürəm ki, əgər cəmiyyətimizdə ailə psixoloqu olarsa, belə problemlər həll olunacaq. Ən azından valideyn və uşaqlar maarifləndiriləcəklər”.

 “Əcnəbi cizgi filmlərinin telekanallarımızda yayımlanması doğru deyil”

N. Əkbərov bəzi xarici filmlərin çox vaxt məqsədli olaraq ölkəmizə göndərildiyini və çox ucuz qiymətə satıldığına diqqət çəkdi: “Keyfiyyətsiz filmlərin göndərilməsində əsas məqsəd uşaqlarımızın beynini kiçik yaşlardan zəhərləmək və cəmiyyətə yararsız nəsil yetişdirməkdir. Məsələn, müharibə görməmiş bir ölkənin müharibədən bəhs edən cizgi filmi çəkməsində sizcə, nə məqsəd ola bilər? Buna görə mən hesab edirəm ki, əcnəbi cizgi filmlərinin telekanallarımızda yayımlanması doğru deyil”.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev də azyaşlı uşaqların baxdıqları hər bir şeydən-istər cizgi filmi olsun, istərsə də reklam, onun təsiri altına çox tez düşdüklərini bildirdi:  “Cizgi filmləri uşaqların tərbiyəsində mühüm rol oynayır. Əgər hər hansı bir filmdə, reklamda, kompyuter oyununda şiddətlilik meyilləri varsa və onlar təlqin edilirsə, bu zaman uşaqlarda mənfi aura yaranır. Baxdıqları filmin təsirində olan uşaqlar buradakı yanlış fikirləri mənimsəyirlər. Qarşılarına çıxan hər bir şeyə, hətta canlıya-itə, pişiyə qəddarcasına davranırlar. Buna səbəb daxili aləmlərində onların sarsıntı keçirmələridir. Çünki uşaqlar məsum, saf, təmizdirlər və bir insanın başqa bir insan üzərində zor, şiddət tətbiq edəcəyi heç ağıllarına belə gəlmir. Xüsusən də, ailələrində valideyn münasibətləri normal olan, ziyalı ailələrin uşaqlarında belə problemlər çox olur. Onlar şiddətin davanın nə olduğunu bilmirlər. İzlədikləri cizgi filmlərində şiddətlə qarşılaşdıqları zaman istər-istəməz psixologiyalarında dəyişiklik baş verir və sarsılırlar. Buna görə məktəbəqədər uşaqlara anlayışsız, tərkibi pis olan qorxunc cizgi filmlərinə baxmaq olmaz. Nə zaman ki, uşaq cizgi filmindəki prosesləri başa düşür, orada baş verənlərin gerçək olmadığını anlayır, o zaman onun cizgi filminə baxmasında məhdudiyyət qoyulmaya bilər. Ancaq məktəbəqədər uşaqlar üçün, aşağı sinif şagirdləri üçün nəzərdə tutulan cizgi filmləri və ya bədii filmlər onlarda xoş əhvali-ruhiyyə doğurmalıdır, bilik verməlidir və uşaqların normal psixoloji inkişafına müsbət təsir göstərməlidir”.

Ə. Ağayev onu da əlavə etdi ki, televiziya kanallarında yayımlanan cizgi filmləri elmi əsaslarla, düşünülərək təşkil olunmalıdır. Təşkil olunmuş iş isə sistemli şəkildə həyata keçirilməlidir. Yayımlanan cizgi filmlərinin necə olduğu haqqında isə uşaqlardan və valideynlərdən rəy alınmalıdır.

Nərmin Haqverdiyeva