42 şəhid ailəsinin nümayəndəsi Suqovuşana yola düşdü

120

Şəhidlərimizin hər birinin xatirəsi bizim üçün əzizdir. Onların örnək, mübarizlik dolu həyat yolu gənc nəsilə təbliğ olunur. Vətən müharibəsində həlak olan Mingəçevir şəhidlərinin məzarları daim ziyarət olunur, anım günləri, doğum günləri qeyd olunur.

Dünən Mingəçevir şəhər İcra Hakimiyyətinin qarşısına toplaşan şəhidlərimizin ailə üzvlərinin Suqovuşan qəsəbəsinə səfərlərinin təşkili üçün keçirilən mərasimdə çıxış edən icra başçısı İlham İsmayılov vətənimizin ərazi bütövlüyünün bərpası, işğal altında qalan yurd yerlərimizin azad olunması yolundakı döyüşlərdə canlarından keçən şəhidlərimizin hər birinin xatirəsinin əziz olduğunu qeyd etdi. Bildirdi ki, şəhidlərin ailə üzvlərinə, övladlarına, əzizlərinə dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı onlara bir təsəllidir.

Mingəçevir şəhidlərinin ailə üzvüləri  dövlətin diqqət və qayğısına görə öz minnətdarlıqlarını bildirirlər.  Onlar bildirirlər ki, hər bir arzu və istəyi, problemlərinin həlli daim diqqət mərkəzində olur.  Bu gün burda toplaşan şəhidlərimizin əzizlərinin azad olunan Suqovuşan qəsəbəsinə səfəri də qəhrəman şəhidlərimizə olan ehtiramın, sevginin nümunəsidir. Bir daha şəhidlərimizin hamısına Allahdan rəhmət diləyir, ruhunuz şad olsun, deyirik.  Çünki onların şücaəti xalqımızın başını uca etdi, tariximizin zəfər səhifəsi yarandı.

Sonra 42 şəhid ailəsinin nümayəndəsi Suqovuşan qəsəbəsinə yola düşdü.

Esmira Hidayətova, Mingəçevir