Gənc, çoxuşaqlı və aztəminatlı ailələrin mənzil-məişət şəraiti yaxşılaşdırılacaq

515

Hazırda Azərbaycanda gənc, çoxuşaqlı və aztəminatlı ailələr bir çox problemlərlə üz-üzədirlər. Bunlardan birincisi, işsizlikdirsə, ikincisi, mənzil-məişət problemidir. İnsafən, Bakıda yaşayan gənclər iş sarıdan çox da ciddi sıxıntı yaşamırlar, amma rayon yerlərində bikarların sayı xeyli çoxdur. Hər halda bu səbəbdəndir ki, iş dalınca Rusiyaya axın edən soydaşlarımız içərisində rayonlarda, kəndlərdə yaşayanlar çoxluq təşkil edirlər. Bir qisim insanlar isə Rusiyaya getməkdənsə, Bakıda iş axtarmağa üstünlük verirlər. Onların qənaətinə görə, Rusiyaya yollanıb sıravi işlərdə çalışıb ayda 1000-1200 dollar qazanmaqdansa, elə Bakıya gəlib 400, 500, 600 manat qazanmaq daha yaxşı hesab oluna bilər. Yeri gəlmişkən, şimal qonşumuza üz tutub oradakı vəziyyəti öz gözləri ilə görən soydaşlarımız belə düşünürlər ki, dolanışıq baxımından oradakı şərait daha əvvəlki kimi ideal deyil…

Rusiyada özlərinə indiyədək şərait qurmuş insanların işi isə elə indi də pis getmir.

Son illər soydaşlarımızın Rusiyada qazanc imkanlarının daralması onların mənzil-məişət şəraitinə də təsirsiz ötüşmür. Hər halda kənd yerlərində yaşayanlar bunu daha yaxşı bilərlər.  Məsələn, rayonlarda, kənd yerlərində son illərədək inşa olunmuş bir çox evlər Rusiyadan qazanılan pulların hesabına tikilirdi. Əvvəllər Rusiya ilə əlaqəsi olmayan, orada ya özü, ya da hansısa yaxını işləməyən birinin (istisnalar xaric-N.İ) öz hesabına ev tikdirməsi, ev alması çətin məsələ idi. Amma son illər vəziyyət bir qədər dəyişib. Daha doğrusu, heç Rusiyaya iş dalınca üz tutanlar da, deyəsən, ev tikdirə bilmirlər.

Ümid qalır kredit məsələsinə. Yəni Bakıda və ya rayonda bir qədər sərfəli iş tapa bilənlər çox vaxt kredit götürüb hissə-hissə ev tikməyə çalışırlar. Ancaq kredit şərtləri o qədər ağırdır ki, faizlər o qədər yüksəkdir ki, hər adam buna risk edə bilmir…

Hansı ailələri güzəştlər gözləyir,

kimlər faydalana biləcəklər?

Günümüzdə isə bu məsələdə dövlətdən böyük gözləntiləri olanlar az deyil. Məsələn, bir çoxları hələ də ümid edirlər ki, dövlət çoxuşaqlı ailələrə dəstək məqsədi ilə onlara mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün şərait yaradacaq: ya sərfəli şərtlərlə kredit veriləcək, ya da sərfəli qiymətə hazır mənzillər satılacaq. “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramının (2014-2025-ci illər) Tədbirlər Planının “Gənc, çoxuşaqlı və aztəminatlı ailələrin mənzil-yaşayış şəraitinin yaxşılaşdırılması” bölümündə bu barədə maraqlı faktlar yer alıb.

Bildirilir ki, 2025-ci ilədək ölkəmizdə gənc aztəminatlı, çoxuşaqlı və natamam ailələrin əlverişli şərtlərlə sosial təyinatlı mənzillərlə təmin olunması üzrə müvafiq tədbirlər həyata keçirilməzi nəzərdə tutulur. Bu işin icrası Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə olunub.

Sərhədyanı və dağlıq ərazilərdə yaşayanlar üçün yeni imkanlar

Bundan başqa, sərhədyanı və dağlıq ərazilərdə yaşayan ailələrin, xüsusilə gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə güzəştli ipoteka kreditlərinin verilməsi üzrə mühüm işlər görüləcək. Sənədə əsasən, bu istiqamətdə işlər ölkəmizdə mütəmadi icra olunmalıdır. Bu işlər isə İqtisadiyyat və Sənaye Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mərkəzi Bank və yerli icra hakimiyyəti orqanları tərəfindən icra ediləcək.

Sənəddə bir maraqlı məqam da var. Belə ki, ailələrin, xüsusilə üç və daha çox uşaqlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması üçün güzəştli ipoteka kreditlərinin verilməsi şərtlərinin sadələşdirilməsi nəzərdə tutulur. Şərtlərin sadələşdirilməsi imkan verəcək ki, sözügedən kateqoriyadan olan ailələr öz mənzil-məişət şəraitlərini yaxşılaşdıra bilsinlər.

Bu işlərin gələn il daha ciddi şəkildə müzakirəyə çıxarılacağı gözlənilir. Bu iş İqtisadiyyat və Sənaye Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mərkəzi Banka tapşırılıb.

Dövlət Proqramında son illər tez-tez mətbuatda müzakirə olunan və demək olar hər kəsi narahat edən bir məqam da öz əksini tapıb. Bu, dövlət uşaq müəssisələrindən məzun olmuş valideyn himayəsindən məhrum və sağlamlıq imkanları məhdud şəxslərin sosial mənzillər və ya ailə tipli yataqxanalarda yaşayış yeri ilə təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsidir. Bu sahədə də işlərin mütəmadi icra edilməsi planlaşdırılır. Sözügedən işlərin həyata keçirilməsi Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tapşırılıb.

Gələcəkdə ailəli tələbələrə

yataqxanada ayrıca otaqlar ayrılacaq

Dövlət Proqramında digər maraqlı məqam isə ailəli tələbələrlə bağlıdır. Belə ki, ali və orta ixtisas məktəblərinin yataqxanalarında ailəli tələbələrin ayrı otaqla təmin edilməsi planlaşdırılır. Bu həmin tələbələrin həyat şəraitini yaxşılaşdırmaqla yanaşı, onların ailələri ilə birgə yaşamalarına da imkan verəcək. İndiyədək belə idi ki, rayondan olub Bakıda təhsil alan ailəli tələbə ya ailəsindən ayrı qalırdı, ya da kirayə ev tuturdu ki, bu da ona ikiqat baha başa gəlirdi. Amma normal şəraitli yataqxanalarda bu iş reallaşsa, ailəli tələbələr üçün olduqca əlverişli şərait yaranar. Bu məsələdə əsas yük Təhsil Nazirliyinin üzərinə düşəcək. Çünki sənəddə konkret olaraq əsas icraçı Təhsil Nazirliyi göstərilir.

Belə… Dövlət Proqramında göstərilən müddəalar yerinə nə dərədəcə yetiriləcək, bunu zaman göstərər, amma bütün hallarda belə bir sənədin gündəmə gətirilməsi artıq müsbət məqamlardan xəbər verir. İnanaq ki, hər şey düşündüyümüz, arzuladığımız kimi olacaq…

Nicat İntiqam