“Ötmək lazım deyil, yol vermək lazımdır”

497

“Son vaxtlar qəzalar daha çox insanların səbirsiz davranmaları səbəbindən baş verir. Bizdə yolda, sırf maşın sürərkən bir-birinə hörmət, demək olar ki, çox aşağı dərəcədədir. Yollarda, sükan arxasında bir çox insanlar yalnız özlərini düşünürlər”. Bu sözləri Ümumrusiya Peşəkar Psixoterapiya Liqasının həqiqi üzvü, Peşəkar Psixoterapiya Liqasının psixoloq-psixoterapevti Təhminə Çələbi “Zaman-Azərbaycan” qəzetinə müsahibəsində dedi.

Qeyd edək ki, ötən gün Respublika Baş Dövlət Yol Polisi İdarəsi yol qəzalarının statistikasını açıqlayıb. İdarənin məlumatına görə, cari ilin 10 ayı ərzində respublika ərazisində 2212 yol qəzası baş verib. Nəticədə 951 nəfər ölüb, 2227 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-qəza hadisələrinin sayı 214, ölüm sayı 20, yaralı sayı isə 331 fakt azalıb. Hesabat dövründə sərxoş sürücülər tərəfindən törədilən 50 yol qəzası qeydə alınıb. Nəticədə 25 nəfər ölüb, 59 nəfər yaralanıb. Sürət həddini aşma səbəbindən 637 yol qəzası qeydə alınıb, 330 nəfər ölüb, 517 nəfər yaralanıb. Respublika ərazisində hesabat dövründə baş verən yol qəzalarında 16 yaşına çatmamış 85 uşaq ölüb, 195-i yaralanıb. Hesabat dövründə paytaxtda 761 yol qəzası baş verib. Bu qəzalarda 266 nəfər ölüb, 744 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə paytaxtda yol-qəza hadisələrinin sayı 85, ölüm sayı 18, yaralı sayı isə 102 fakt azalıb.

 Heç kim sükan arxasında şəxsiyyətini “sübut” etməyə çalışmamalıdır”

Yol qəzalarının səbəblərinə toxunan Peşəkar Psixoterapiya Liqasının psixoloq-psixoterapevti Təhminə Çələbi dedi ki, bir çox sürücülər yalnız özlərini düşünürlər: “Səs siqnallarından yersiz istifadə olunur. Əslində Avropa ölkələrində insanların bir-birilərinə etirazlarını səs siqnalları vasitəsi ilə bildirmələri çox böyük mədəniyyətsizlik sayılır. Bu faktdır ki, bizdə bir çox sürücülər bir-birilərinə hörmət qoymurlar. Çox vaxt tıxacları əsassız yerə sürücülər özləri yaradırlar. Yüksək sürətə gəlincə, bizdə bu nədənsə fəxr sayılır. Bəziləri düşünürlər ki, avtomobili yüksək sürətlə idarə edirsənsə, sən artıq professional sürücüsən. Əslində isə belə deyil və qətiyyən buna əsas yoxdur. Tıxacların, qəzaların, ölümlərin də səbəbi məhz bundan qaynaqlanır ki, bir çoxları maşın idarə etməyi öz şəxsiyyəti ilə bağlayırlar. Məsələn, bir sürücü başqasını ötüb keçəndə qarşı tərəf bunu özünə hörmətsizlik kimi qəbul edir. Kənardan bu, təbii ki, çox gülünc görünür.

Bütün dünyada qəbul olunmuş yol-hərəkəti qaydaları var və hər kəs buna əməl etsə, aydındır ki, qayda pozuntusundan söhbət belə gedə bilməz. Heç kim sükan arxasında şəxsiyyətini “sübut” etməyə çalışmamalıdır”.

 “Sürücülərin hamısı, doğrudanmı, sürücülük vəsiqələrini imtahan verib alırlar?”

Psixoloq bir maraqlı məqama da toxundu: “Ongünlük təlimə gedib, daha sonra avtomobil alıb yola çıxan sürücülərdən də danışmaq lazımdır. Sovet dövründə yeni sürücülüyə başlayanların avtomobillərinin üzərinə müvafiq nişan vururdular və hər kəs, belə deyək, həmin avtomobillərdən məsafə gözləyirdi, diqqətli davranırdı. Bu indi də var, amma az hallarda istifadə olunur. Bundan istifadəni genişləndirmək yaxşı olardı. Yoxsa, biri bu həftə maşın aldı, gələn həftə çıxdı yola, tıxaca düşdü və həm öz həyatı üçün təhlükə yaratdı, həm də digərləri üçün problemə səbəb oldu – belə olmaz. Bundan başqa, sürücülərin hamısı, doğrudanmı, sürücülük vəsiqələrini imtahan verib alırlar? Qanunları bilməməzlik var, təcrübəsiz sürücülər var. Bunun əziyyətini isə günahsız insanlar çəkirlər. Bunlara daha ciddi riayət olunsa, yəqin ki, bu qədər qəza baş verməz. Bir daha xüsusi vurğulayıram, mən çox istərdim ki, sürücülük vəsiqələrinin alınması üçün verilən imtahanlar şəffaf şəkildə keçirilsin. Qaydaları bilmək, doğrudan da, qəza törətməmək üçün çox önəmli bir şeydir. Sürücü əgər yolun onun olub-olmadığını bilmirsə, təbii ki, onun qəza törətmə ehtimalı da yüksəkdir”.

Müsahibimizin bir təklifi də var: “Təklif edərdim ki, məktəblərdə, universitetlərdə həftədə bir dəfə yol-hərəkəti qaydaları haqqında roliklər nümayiş etdirilsin, başa salınsın ki, insan həyatı oyuncaq deyil. Bu haqda maarifləndirici roliklər olmalıdır və dərslər keçirilməlidir. Bu, günümüzün vacib görünən tələblərindən biridir”.

 “Onu ötmək lazım deyil, ona yol vermək lazımdır”

Yol qəzalarının səbəbləri ilə bağlı fikirlərini bizimlə bölüşən ekspert-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil  Samir İsayev dedi ki, Azərbaycanda yol-nəqliyyat hadisələrini bir neçə faktorla əlaqələndirmək olar: “Bizdə bütövlükdə götürəndə əksər sürücülər arasında mədəni səviyyə aşağıdır. Əslində ayrıca “yol-nəqliyyat mədəniyyəti” deyilən bir şey yoxdur, bu məsələ bütövlükdə insanın özünün mədəniyyəti ilə bağlıdır. Cəmiyyətimizdə baş verən proseslər, məsələn, kənd əhalisinin kütləvi şəkildə şəhərə axını, əhali arasında maariflənmənin aşağı səviyyədə olması və digər çoxlu sayda faktorlar sadalayardım ki, bütün bunlar da öz təsirini göstərir. Qanunlara tabe olmaq heç də o demək deyil ki, sürəti artırma, qırmızı işıqda keçmə. Yox, belə deyil. Sürücü mədəniyyəti, ilk növbədə, yolda özünü aparmaq deməkdir. Sürücü yolun hərəkət zolağı çərçivəsində avtomobilini idarə etməyi bacarmalıdır. Əgər bir avtomobilin sürücüsü tələsirsə, onu ötmək lazım deyil, ona yol vermək lazımdır. Bəlkə bu insanın bir tələsən yeri var, bəlkə bu insanın balası, anası ölüm ayağındadır? Bəlkə bu insanı buna vadar edən ciddi səbəblər var. Bir sıra hallarda həmin sürücülərə yol vermirlər, həmin insanları sıxışdırırlar, nəticə etibarı ilə yol-nəqliyyat hadisələri baş verir. Bizdə bəziləri təcili yardım maşınlarına da, qəza xidməti maşınlarına da yol vermirlər. Bilirsiniz, bunlar ciddi problemlərdir. Bütövlükdə mən bir daha vurğulayıram ki, bu, mədəniyyətlə bağlı olan məsələdir. Bizdə televiziyalarda göstərirlər ki, xaricdə insanlar təcili yardım maşınlarının səsini eşidən kimi maşınları kənara çəkirlər, yol verirlər. Bu bizim qanunvericiliyimizdə də var ki, həmin nəqliyyat vasitələrinə yol verilməlidir. Təbii ki, bu qanundan çox, bir mədəniyyət məsələsidir. Sürücü düşünməlidir ki, bu təcili yardım maşını kiminsə yardımına tələsir”.

 “Ona deyilsin ki, ayıb olsun sənə, cərimə verdin, qaydanı niyə pozmusan”

Hüquqşünasın fikrincə, problemin yaranmasının ikinci səbəbi sürücülərə verilən cəzalarla bağlıdır: “Nə mənada? – Söhbət təkcə ondan getmir ki, cərimələrin miqdarı artıqdır. Yox, mən hesab eləmirəm ki, Azərbaycan üçün bu dərəcədə yüksək cəzalara ehtiyac var. Keçən dəfə telekanalların birində göstərirdilər – “ulduzlar” yığışmışdılar və onlar bildirirlər ki, bir il ərzində 1000 manat, 2000 manat cərimə ödəyiblər. Bilirsiniz, faktiki olaraq bu, əks təbliğat deməkdir. Yəni pulun var, cəriməni verəcəksən, canını qurtaracaqsan. Belə olmamalıdır. Bu çox önəmli bir məsələdir. Elə olmalıdır ki, sürücü cərimə olunmaqla məsuliyyətdən yaxa qurtarmış olmasın. Elə olmalıdır ki, sürücünün cərimə olunması cəmiyyətdə ona qarşı bir qınağın formalaşmasına çevrilə bilsin. Efirə çıxıb kimsə deməsin ki, “mən filan qədər cərimə verdim”, ona deyilsin ki, ayıb olsun sənə, cərimə verdin, qaydanı niyə pozmusan, kimisə təhlükə qarşısında niyə qoymusan? Belə bir yanaşma olmalıdır. Bu işdə KİV-lər aktiv olmalıdırlar. KİV-lər cəmiyyətimizin bir parçasıdırlar, biz nəyiksə, KİV-lərimiz də odur”.

 “Azərbaycanda bəzi ailələrin 3, 4, 5, hətta 6 avtomobili var”

Ekspert Samir İsayev qəzaların artmasının bir səbəbi kimi yollarda avtomobillərin həddindən artıq hərəkətini qeyd edir: “Bu, bir neçə faktorla bağlıdır. Birincisi, Azərbaycanda istifadədə olan avtomobillərə görə əmlak vergisi tutulmalıdır. Azərbaycanda belə bir vergi növü yoxdur və buna görə çox təəssüf edirik. Hesab edirik ki, Azərbaycanda da belə bir vergi müəyyənləşdirilməlidir. Bir insanın avtomobilinin sayı artdıqca verginin dərəcəsi də sərtləşdirilməlidir. İlk növbədə, ona görə ki, Azərbaycanda bəzi ailələrin 3, 4, 5, hətta 6 avtomobili var. Qonşu Rusiyanın təcrübəsinə müraciət etsək görərik ki, orada vətəndaşlar maşınların mühərrikinin gücündən asılı olaraq, 500-2000 dollar arası hər il əmlak vergisi ödəyirlər. Bununla insanların bir evdə 5-6 avtomobil saxlamaq həvəsi ölür. Bu gün biz baxsaq görərik ki, ölkəmizdə orta səviyyəli həyat şəraitinə malik ailələrin bir çoxunda 2 avtomobil var. Buna ehtiyac varmı? Dövlət deyə bilməz ki, maşın alma. Azadlıqdır, kim nə istəyir alır. Amma söhbət ondan gedir ki, dövlətin bunu tənzim etmək üçün əlində rıçaqları var. Dünyanın hər yerində belə bir vergi var, Azərbaycanda yoxdur. Bundan başqa, yanacağın qiyməti də o səviyyədə olmalıdır ki, insanlar şəxsi avtomobillərdən istifadəyə az maraq göstərsinlər”.

NİCAT iNTİQAM