40 il sonrakı məktəb sevinci

186

Dünən Mingəçevirdə 1982-ci ilin məzunları 40 ildən sonra görüşüblər. Onlar 50 yaşını qeyd edən  13 saylı tam orta  məktəbin məzunları olub. Bu dəfə onlar doğma məktəbə ömürlərinin müdrik çağında qədəm qoydular. Bir zamanlar gənc olan bu insanlar indi həyatda öz mövqelərinə sahib olanlardır. Müxtəlif sahələrdə çalışan məzunların kimisi paytaxtdan, kimisi də digər bölgələrdən gəlmişdilər.

 

Əvvəlcə onlar məktəbin adını daşıyan şəhidin  məktəbin həyətindəki  büstü önünə tər çiçəklər düzdülər. Hər zaman azyaşlı uşaqların və yeniyetmələrin gəzişdiyi məktəb həyəti bu dəfə fərqli ab-havadaydı. Saçı-saqqal ağarmış, artıq nənə-baba titulu daşıyan köhnə məzunlar yeniyetmə sevinci ilə bir-biri ilə görüşür, doğmalar kimi qucaqlaşır, sevincdən kövrəlirdilər. Bir-birinin ailə, iş həyatı, sağlamlığı ilə maraqlanan, hal-əhval tutan, məzunların səs-küyünə qəfil çalınan məktəb zəngi son verdi. Köhnə məzunlar dəstə-dəstə məktəb dəhlizinə daxil oldular. Onları dəhlizdə qarşılayan təqaüdçü  müəllimləri ilə səmimi görüşdən sonra sinif otaqlarına keçən məzunlar keçmiş partalarında əyləşdilər. Bir andaca uşaqlaşan, kövrələn məzunlar vaxtsız  dünyasını  dəyişən sinif yoldaşları , Birinci Qarabağ müharibəsinin şəhidi Elbrusu yad etdilər. Onlar sinifdə 30 şagird idilər. Bu şagirdlərdən görüşə hamısı gələ bilməsələr də bu yazı vasitəsi ilə tapa bilmədikləri digər yoldaşlarına mesaj göndərirlər. O vaxtkı dövrdə məktəbin direktoru olmuş Validə Əlizadə,  biologiya müəllimi Əhmədova Briliyant, sinif rəhbərləri olmuş Ələdin Tağıyev  məzun şagirdləri ilə səmimi görüşdülər. Ön partada əyləşən Osman yenə öz dəcəlliyindən geri qalmadı. Bir neçə saatlıq uşaqlaşan, qayğısız illərinə qayıdan məzunlar çox xoşbəxt görünürdülər. Onların müəllimləri bu görüşün təşkilatçısı Vəli Hüseynova minnətdarlıq bildirərək qeyd etdilər ki, siz bizləri daha 10 il yaşatdınız. Bu görüş onlar üçün  o qədər xoş anlar yaşatdı ki, sanki bu günün bitməsini, bir daha ayrılmaq istəmirdilər. Arzu etdilər ki, 45 illiklərini də beləcə sağ-salamat bir daha qeyd etsinlər.

Daha sonra məzunlar Şəhidlər xiyabanına yollandılar. Əvvəlcə şəhid olan sinif yoldaşlarının qəbrini, sonra 13 saylı məktəbin şəhid məzununu və bütün digər  şəhidləri  də ziyarət etdilər. Ziyarətdən sonra dəniz kənarına gəzintiyə çıxan məzunlar burada çay süfrəsi arxasında unudulmayan xatirələrdən, məktəb illərində bəzi gizli saxlanmış “sirr”ləin üstünü açdılar.

Beləcə bir gün yaşanan xöşbəxt anlar bütün ömürə bərabər oldu sanki. Sonda bütün məzunların adları yazılmış tort kəsildi.

Esmira Hidayətova, Mingəçevir