40 günə velosipetlə Gürcüstan və Türkiyəni gəzib geri döndü

Mingəçevir-Gürcüstan-Türkiyə marşrutu üzrə velosipetlə səfərə çıxmaq etiraf etmək lazımdır ki, hər iradənin gücü, hökmü deyil. 
Üstəlik, indiki cansıxıcı istidə. Amma 65 yaşlı mingəçevirli təqaüdçü, keçmiş pedoqoq Abid İsmayılov bunu arzudan gerçəkliyə çevirməyə müəssər olub. Xüsusi çadır və zəruri vasitələri də velosipetinə yükləyən həvəskar velosipetçi 40 gün bundan öncə Mingəçevirdən velosipetlə səyahətə çıxaraq arzularını gerçəkləşdirib. Səyahətdən qayıtdıqdan sonra onunla görüşüb təəssüratlarını öyrənməyə çalışdıq. Uzun, unudulmaz səfərin təəssüratlarını bizimlə bölüşən Abid İsmayılov dedi: “Doğma şəhərimi tərk etdiyim 39-cu gün səfərimi başa vurub geri döndüm. Qarşıma məqsəd qoymuşdum ki, bu dəmir “atım”la ta Türkiyəyə qədər gedim. Şükürlər olsun ki, sağ-salamat öz məqsədimə çatdım. Mənim əsas məqsədim velo-turu təbliğ etmək idi. Əgər mən – yaşlı ixtiyar bir insan buradan velosipetlə Türkiyəyə gedib-gəlirəmsə, deməli, hər bir insan sadəcə bu minik vasitəsi ilə iş yerinə gedib-gələ bilər. Bu həm avtoqəzaların sayını azaldar, həm ekologiya çirklənməz, həm də sağlamlığımıza çox müsbət təsir edər. Yeri gəlmişkən qeyd edim ki, mən uzun müddət şəkər xəstəliyindən əziyyət çəkmişəm. Hər gün dərman qəbul etmək məni hövsələdən çıxartmışdı. Hər gün piyada uzun yol qət etməyə başladım. Bu mənim səhhətimə çox kömək etdi. Fikirləşdim ki, deməli, əgər bu xəstəlikdən qurtulmuşamsa,  artıq qarşıma qoyduğum məqsədə çata bilərəm. Beləcə, iyul ayının 20-də Mingəçevirdən velosepedlə yola çıxdım. 3 gün yarıma Tbilisiyə çatdım. Tbilisidə istirahət etdim, azərbaycanlıların yaşadığı “Meydan” deyilən yerdə Heydər Əliyev adına parkda gəzdim, şəkillər çəkdirdim daha sonra yoluma davam etdim. Sonra Batumiyə çatdım. Təbii ki, burada da yorğunluğumu alıb, yollandım Türkiyəyə.  Of rayonunda yaxşıca istirahət etdim. Ora o qədər gözəl bir yer idi ki, uzun müddət unutmayacağam. Müxtəlif ölkədən turistlər gəlib orada dincəlirdilər”.

Müsahibimizə “insanların sizin velo-səyahətinizə münasibəti necə idi” sualını ünvanladıq: “Tanımadığım insanlardan çox isti münasibət gördüm. Məndən soruşurdular ki, siz haradan gəlmisiniz. Ürəklə deyirdim ki, Azərbaycandan. Maraqlanırdılar, suallar verirdilər, hətta mənimlə şəkil çəkdirənlərdə oldu. Ən maraqlısı da o oldu ki, öz həmvətənlilərimlə də Türkiyədə rastlaşdım. Təsəvvür edin, arxadan kimsə səni çağırır və “Abid müəllim, burada neylənirsiz?”,-deyir. Çoxları inanmırdılar və təəccüb edirdilər ki, bu qədər yolu necə gəlmişəm. Çox maraqlı anlar yaşadım. Onu da bildirim ki, bu səyahət mənim ömrümün ən mənalı anları oldu. Mənə dəstək olan dostlarım bu səyahətimin həyata keçməsində öz həqiqi dostluqlarını bir daha sübut etdilər. Onların mənə tez-tez telefon vasitəsi ilə zəng vurmaları sanki məni 10 kilometr qabağa salırdı. Belə dostları hər kəsə arzu edirəm”.

Qeyd edək ki, Abid müəllim əvvəllər də Azərbaycanın daxilində velo-tura çıxıb. Bu dəfəki səfərində isə 1000 kilometr yol gedib və eyni məsafəni geri qayıdıb.

Öz məzəli məcaralarını da bizimlə bölüşməyi özünə borc bilən müsahibiz dedi ki, velo-tura çıxmamışdan öncə bir neçə dəfə vaz keçmək istəyib: “Amma uşaqlıqda oxuduğum Məlikməmməd nağılı yadıma düşəndə ancaq irəli getməyə can atırdım. İndi özümü çox xoşbəxt sayıram ki, bu xatirələrlə yaşayacam, gördüklərim, eşitdiklərim kino lenti kimi gözlərimin önündə hər zaman canlanacaq. İndi növbəti səyahət haqqında düşünürəm. Ən böyük arzum Təbrizi görməkdir. Allah qismət etsə, həmin marşurut üzrə Təbrizə qədər getmək istəyirəm. Ailədə də bilirdilər ki, Allahın izni ilə qarşıma qoyduğum məqsədə çatmağa çalışan insanam. 3 övladım var, Bakı şəhərində həkim kimi fəaliyyət göstərirlər. Övladlarım da mənə bi səyahətdə çox böyük dəstək oldular”.

Bəs bu 40 gün müddətində Abid İsmayılovun nə qədər xərci çıxıb? O sualımıza gülərək belə cavab verdi: “Özümlə 600 manat götürmüşdüm. Az bir hissəsini xərclədim. Yəni o qədər də xərcim çıxmadı: “Ən əsası da bu dəmir “atım” məni yarı yolda qoymadı. O qədər  təzə velosipet olmasa da səfərimiz uğurlu oldu. Beləcə, sağ-salamat öz evimə döndüm”. / ESMIRA HIDAYƏTOVA