87932 abituriyent sənəd verib

Bu il Azərbaycanda ali məktəblərə qəbul olmaq üçün I- IV ixtisas qrupları üzrə 87932 nəfər abituriyent sənəd verib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında bildirib ki, onlardan 54 475-i bu ilin, 33457 nəfər əvvəlki illərin məzunlarıdır. Onun sözlərinə görə, ali məktəblərə sənəd verənlərin 38 810 qız, 41 552 nəfəri isə oğlan abituriyentlərdir. Cari ilin məzunları arasında oğlanlar Azərbaycan bölməsi üzrə 25 871 nəfər, rus bölməsi üzrə 2 901 nəfərdir. Əvvəlki illərin məzunları arasında Azərbaycan bölməsi üzrə oğlanların sayı 15 681 nəfər, rus bölməsi üzə 679 nəfərdir.

M.Abbaszadə əlavə edib ki, bu il rus bölməsi üzrə sənəd verən abituriyentlərin sayı 7 570 nəfər təşkil edib. Onlardan 5 669-cu bu ilin, 1 901-ı isə əvvəlki illərin məzunlarıdır.

4 qrupdan birinə ərizə verən V qrupa da sənəd verə bilər

“V qrupda cari ilin məzunları buraxılış imtahanlarının nəticələri və qabiliyyət imtahanının nəticəsi əsasında müsabiqəyə buraxılırlar. Beləliklə, bu ilin məzunları və əvvəlki ilin məzunları da 4 qrupdan birinə ərizə veribsə, V qrupa da ərizə vermək hüququ var. Təbii ki, bu məcburi deyil. Zəruri deyil ki, hamı belə etsin”. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, orta ixtisas məktəblərinə 11 illik təhsil bazasından qəbul olmaq istəyən cari ilin məzunları imtahan vermədən, buraxılış imtahanlarının nəticələri əsasında bu müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər. M.Abbaszadə əlavə edib ki, əvvəlki ilin məzunları isə 3 fəndən- Azərbaycan dili, riyaziyyat və xarici dildən imtahan verəcəklər. Təbii ki, orta ixtisas məktəblərindən başqa, ali məktəblərin qabiliyyət tələb edən ixtisaslarını seçənlər əlavə olaraq, qabiliyyət imtahanı verəcəklər. Bu proses də mayın 5-dən 18-dək aparılacaq: “Onlar hansı qrup üzrə müsabiqədə iştirak edəcəklərinə özləri qərar verəcəklər. İxtisas seçimi vaxtı onlar elektron ərizələrində ixtisaslarını qeyd edəcəklər. Biz abituriyentlərin imkanlarını genişləndirmişik. İki qrup üzrə müsabiqədə iştirak etmək hüququ olan abituriyentlərin də elektron ərizələrində digər abituriyentlər kimi eyni sayda ixtisas adı qeyd edə biləcəklər”.