Passivlik insan həyatını “yorur”…

434
Yəqin böyüklərdən siz də eşitmisiniz – keçmişdə insanlar indikindən qat-qat çox, qat-qat yağlı yeməklər yeyərmişlər. Yaxud bəzən deyirlər ki, keçmişdə bəzi kişilər bir oturuma bir quzunu həzmi-rabedən keçirərmişlər. Elə ağsaqqal və ağbirçəklərin özləri indi bizim təəccüb etdiyimiz bu fikirləri belə əsaslandırırlar ki, keçmişdə insanlar indikilər kimi tənbəl deyillərmiş.
 Yəni yediklərini həzm edəcək qədər zəhmət çəkirlərmiş. Məsələn, o vaxt traktor yox idi – əkin sahələrini öküzə qoşulmuş kotanla şumlayardılar, texnika yox idi – odunu balta ilə doğrayardılar, maşın yox idi – bir yerə ya at-eşşəklə, ya da piyada gedərdilər, su xətti çəkilməmişdi – suyu çiyinlərində daşıyırdılar və s. Sağlamlıqdan, sağlam candan söz düşəndə hər kəs ekologiyanı, qidalanmanı əsas gətirir, amma tənbəlliyimizdən danışan yoxdur. Keçmişdə insanlar həm də ona görə sağlam idilər ki, əziyyət çəkirdilər, zəhmətə qatlaşırdılar, idmanla məşğul olmasalar da, bu ehtiyacı işləməklə ödəyirdilər. Kimsə iddia edə bilər ki, kənddə yaşayan insanlar yenə də zəhmətə qatlaşırlar, amma inandırım sizi elə deyil. Söhbət ondan gedir ki, elə kənddə yaşayanların öz dili ilə desək, bu gün kəndlilərin çoxu özünü “quru bəy” hesab edir. Məsələn, əgər birinin həyəti bellənməlidirsə, bir fəhlə tapır, 10-15 manat verib bellədir. Birinin torpaq sahəsi suvarılmalıdırsa, 20 manat verir bir fəhləyə və bu işi gördürür.Biz hələ kənd yerlərində göyərti məhsullarını mağazalardan alanlardan danışmırıq…

Bəli, bir vaxtlar zaman o zaman idi ki, bir insana “tənbəl” deyəndə o bunu özünə təhqir bilər və bu “damğanı” üzərindən götürmək üçün səy göstərərdi. Amma indi tənbəlliyi bir qədər “mədəniləşdirmişik” – adını da qoymuşuq “oturaq həyat tərzi”.

 

Oturaq həyat tərzi odur ki…

Bəs oturaq həyat tərzi səhhətimizə necə mənfi təsir göstərir? Bu həyat tərzinin mənfiliklərindən xilas olmaq üçün nə etməliyik? Günümüzdə xəstəliklərin artmasında tənbəlliyimiz nə dərəcədə rol oynayır? Ə. D. Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının Terapiya şöbəsinin müdiri Sevil Eyvazova deyir ki, onlara müraciət edən insanların çoxu da xəstəliklərin artmasından, gəncləşməsindən gileylənir. Onun sözlərinə görə, bütün hallarda bir insanın vaxtında müayinə olunması xəstəliyin müalicəsi baxımından çox əhəmiyyətlidir: “Xəstəliklər, o cümlədən infarkt niyə cavanlaşır? Bunun səbəbləri çoxdur. Stress və düzgün qidalanmama və s. O cümlədən oturaq həyat tərzi bu məsələdə çox ciddi rol oynayır. Sadə bir misal: oturaq həyat tərzi odur ki, bir insan maşınla gedir işə, maşınla qayıdır evə. Yəni hər yerə maşınla gedir, piyada hərəkət eləmir”.

 

Hər bir şəxs öz yaşına və istəyinə

uyğun olaraq…

Sevil Eyvazovanın sözlərinə görə, oturaq həyat tərzi xəstəliklər əmələ gətirir: “Qan dövranı aşağı ətraflarda pisləşir, qaraciyərdə, ümumiyyətlə, orqanizmdə piylənmə əmələ gəlir. Yəqin mənimlə razılaşarsınız ki, bir insan avtomobilə vərdiş edəndə heç cürə piyada gəzmək istəmir. Bunların çox böyük əhəmiyyəti var”.

Müasir dövrdə ürək, qan-damar sistemi xəstəliklərinin, qaraciyər xəstəliklərinin geniş yayıldığını bildirən müsahibimizin sözlərinə görə, bəzi insanlar hətta o qədər tənbəlləşiblər ki, gigiyena qaydalarına da əməl etmirlər, nəticədə xəstəliyə düçar olurlar.

“Saatlarla kompyuter, telefon arxasında oturmaq gözə, beyinə yükdür. Bu həm də oturaq həyat tərzi deməkdir. Kompyuter arxasında çox oturan adamlar istər-istəməz əsəbi olurlar”,-deyə qeyd edən müsahibimizin sözlərinə görə, hər bir insan gün ərzində ən azı 1-2 saat piyada gəzməlidir: “Keçmişdə insanlar yer belləyərdilər, su daşıyardılar, odun doğrayardılar, yük daşıyardılar və s. İndi əhalinin 90 faizi, demək olar ki, bu işləri görmür. Odur ki, heç olmasa, bunun müəyyən bir hissəsini kompensasiya etmək üçün hər bir insan gün ərzində mütləq açıq havada gəzməlidir. İkincisi, sağlamlığında problem olmayan hər bir şəxs öz yaşına və istəyinə uyğun olaraq, mütləq idmanla məşğul olmalıdır”.

 

“Bütün hallarda gəzməkdə fayda var”

Şöbə müdirinin dediyinə görə, həftədə bir dəfə də olsa, idmanla məşğul olmaq lazımdır: “Hər kəs həyat tərzini qismən dəyişməyə çalışmalıdır və idmanla məşğul olmalıdır. Düzdür, qəzetinizdə bu yazını oxuyan bir insan deyəcək ki, əşi həkimdir də dedi, qurtardı getdi. Amma inandırım sizi, elə deyil. Heç olmasa, minimum səviyyədə aktiv həyat tərzi sürmək lazımdır. Heç imkanınız yoxdursa, şənbə və bazar günləri gəzməyə çıxmaq lazımdır. Ailə üzvlərinizi də götürün gəzməyə çıxın, parkları dolaşın. Bu, çox asan və sağlamlığınız baxımından vacib məsələdir”.

Müsahibimiz bir maraqlı məqama da toxundu. Onun sözlərinə görə, araşdırmalar göstərir ki, insan hətta yerini dəyişəndə belə, orqanizmdə mübadilə prosesi yaxşılaşır: “Bütün hallarda gəzməkdə fayda var. Tutaq ki, bir insan evindən çıxdı və getdi dostugilə. Həyətdə oturdu, təmiz hava aldı, dincəldi, söhbət elədi və qayıtdı evinə. Hətta bu zaman belə, orqanizmdə mübadilə prosesi yaxşılaşır – elə bil təzələnirsən”.

Müsahibimiz deyir ki, əgər əvvəllər nisbətən yaşlı insanlar passiv həyat tərzi sürürdülərsə, indi eyni şey gənclərə də aiddir. Əvvəllər telefon yalnız danışmaq üçün vasitə idi. İndi, maşallah, bir telefon kompyuteri əvəz edir. Saatlarla bunlara vaxt sərf edən gənclər də tədricən passivləşirlər. Heç kim gəncə, yeniyetməyə kompyuteri, mobil telefonu zorla istifadə etmə deyə bilməz. Söhbət sadəcə, minimum səviyyədə də olsa, idmanla məşğul olmaqdan, açıq havada gəzməkdən gedir. Əsas başlamaqdır; başlasalar, tədricən ardı gələcək…”

 

“Fiziki işlə məşğuliyyət çox azalıb”

Sonda qeyd edək ki, ötən gün qəzetimizə açıqlama verən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiri Sara Abdullayeva da oturaq həyat tərzinin insanın birinci düşməni olduğunu bildirmişdi: “Son zamanlar texnologiyanın sürətlə inkişafı hamını oturaq həyat tərzinə, belə desək, cəlb edib. Saatlarla sosial şəbəkədə vaxt itirənlər 15 dəqiqə vaxt ayırıb, idmanla məşğul olmağa əziyyət çəkirlər. Fiziki işlə məşğuliyyət çox azalıb. Bu kimi amillər xəstəliklərin başlanğıcına yol açır”.