Yeni Quba-Qonaqkənd yolu turizm imkanlarını genişləndirəcək

0
600

Ötən il oktyabr ayının 11-də Qubaya səfər edən Prezident İlham Əliyev rayon sakinləri ilə görüşündə demişdir: “…Quba-Qonaqkənd yolunun tamamilə yenidən qurulması ilə bağlı müvafiq göstəriş veriləcək. Bu yolun bir hissəsi Rustov kəndinə qədər artıq tikilib. Rustov kəndindən Qonaqkəndə qədər, düzdür, məsafə çox böyükdür və çox böyük maliyyə tələb edən layihədir.

Ancaq biz bunu etməliyik. Çünki o yol üzərində bir çox kəndlər var, minlərlə insan yaşayır və indi yol, əlbəttə ki, çox pis vəziyyətdədir. Yəni belə yol bizə yaraşmır”. Elə həmin gün də dövlətimizin başçısı altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən “Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzaladı.

Sərəncamdan dərhal sonra “5 saylı Yol İstismarı” MMC yol tikintisinin davam etdirilməsinə başladı. Əvvəlcə Quba-Qonaqkənd yolunun 41-ci kilometrliyindəki Xırt kəndində tikintisi yarımçıq qalmış körpüdə inşaat işləri başa çatdırıldı. Bununla paralel olaraq Qamqam kəndindən Qonaqkənd istiqamətinə doğru yolun asfaltlanmasına başlanıldı. Artıq Xırt kəndinə qədər olan məsafədə birinci qat asfaltlama prosesi başa çatdırılıb. Çayqovuşanda-Baba çayı üzərində isə körpünün inşası hazırda davam etdirilir.

İş icraçısı Teymur Eyyubov  “İki sahil”ə açıqlamasında bildirdi ki, Baba çayının üzərində salınan körpü şimal regionunda ən uzun körpü olacaq. Belə ki, 8 aşırımlı körpünün çiyinləri ilə birlikdə uzunluğu 350, eni 12 metr təşkil edəcək. O, həmçinin qeyd etdi ki, yolboyu zəruri yerlərdə kommunikasiya xətləri yenilənməklə yanaşı, mövcud su boruları və su keçidləri bərpa olunur, giriş-çıxış hissələri təmizlənir, lazımi yerlərdə yeni su boruları tikilir.

Yol inşaatçıları ilə söhbətdən aydın oldu ki, çayın vadisi əvvəlcə 2,5 metr dərinlikdə qazılır. Daha sonra 14 metr dərinlikdə özül qazılaraq beton armaturla sütunlar hörülür. Körpü 64 sütunun üzərində dayanacaq. İndiyədək 35 sütun yerə basdırılıb. May ayının sonuna kimi burada körpü tikintisi, eləcə də Çayqovuşana qədər yolun tam asfaltlanması başa çatdırılacaq. Çayda həmçinin sahilbərkitmə işlərinin də aparılması nəzərdə tutulub. Baba çayı üzərindəki körpüdə tikinti işləri başa çatdırıldıqdan sonra Cimi çayının üzərində də körpünün tikintisinə başlanılacaq.

Qeyd edək ki, körpü tikintisinin sürətləndirilməsi məqsədi ilə çayın sahilində beton zavodu da quraşdırılır. Tikinti işlərində, demək olar ki, yerli materiallardan istifadə olunacaq.

Asfalt yolun çəkilməsini, körpülərin tikintisini ərazi sakinləri böyük sevinclə qarşılayırlar. Xaltan kənd sakini Rafiq Tayıbov bizimlə söhbətində bildirdi ki, Qonaqkəndə qədər yolun asfaltlanması, çaylar üzərində yeni körpülərin tikintisi böyük sevincimizə səbəb olub: “Yolun yenidən qurulması əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq. Bu yolun çəkilişə həm də turizm imkanlarımızı genişləndirəcək. Bununla da Quba-Qonaqkənd yolu üzərində yerləşən bütün kəndlər yeni tarixi mərhələyə qədəm qoyacaq”.

Cimi, Qaraulüstü, Xaşı, Ördüc, Puçuq, Gümür-Dəhnə yaşayış məntəqələrini özündə birləşdirən Qonaqkənd İnzibati Ərazi Dairəsinin nümayəndəsi Səhrab Məmmədov isə qeyd etdi ki, yolsuzluq vaxtilə Qubanın rayon mərkəzi olmuş Qonaqkəndə, həmçinin digər kəndlərə öz təsirini göstərib: “Belə ki, dağ kəndləri boşalıb; əhali öz ata-baba yurdunu ataraq, Quba şəhəri ətrafındakı kəndlərə köçüblər. Hətta bir neçə kənd tamamilə tarixdən silinib. İndi Bilgəh, Qarabulaq, Qilcanlı, Yergüc kimi  kəndlərdən yalnız söküntülər nişanə qalıb. Ulu öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızın həyatında baş verən canlanma Qonaqkənddən də yan keçməyib; qəsəbə dirçəlməyə başlayıb. Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı Sərəncama əsasən, Quba-Qonaqkənd yolunda əsaslı tikinti işlərinə start verilib. İndi də uğurla davam etdirilir. Qeyd edim ki, dədə-babalardan eşitdiyimə görə, Qonaqkənd həmişə qonaqlı-qaralı olub. Çox güman ki, elə kəndin adı da bu qonaqpərvərliklə bağlıdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində görülən işlər bu yerlərin də simasını dəyişir. İnanmaq istəməyənlərə isə sadəcə deyirəm: Qonaqkəndə qonaq gəlin və hər şeyi öz gözlərinizlə görün”.

Qvami Məhəbbətoğlu, “İki sahil”