31 Mart soyqırımı qurbanlarını unutmayaq

506

Hər il Azərbaycan xalqı öz tarixində dəhşətli bir faciəni, 31 Mart soyqırımı gününü hüznlə yad edir. Bununla əlaqədar rəsmi şəkildə Azərbaycanın hər yerində ermənilər tərəfindən həyata keçirilən soyqırımı qurbanlarının xatirəsi hüzn və kədərlə yad edilir. Bu münasibətlə respublikamızın hər yerində soyqırımı qurbanlarının xatirəsini anma mərasimləri keçirilir, şəhidlərin ruhuna fatihələr oxunur.  Xatırladaq ki, tariximizə ən ağır və kədərli hadisələrdən biri kimi düşən mart soyqırımı ilə bağlı Prezident Heydər Əliyev 1998-ci il mart ayının 26-da 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə sərəncam imzalayıb.

1918-ci il mart ayının 31-də Azərbaycan xalqı özünün ən faciəli günlərindən birini yaşadı və Bakıda, Şamaxıda, Salyanda, Qubada, Göyçayda və digər yerlərdə erməni-rus daşnakları tərəfindən on minlərlə günahsız insanın qanı axıdıldı, yüzlərlə kənd və şəhər başdan-ayağa yandırıldı. Bu qırğınların ən dəhşətlisindən biri də Bakıda yaşandı. Mart ayının 31-də cəllad Şaumyanın göstərişi ilə daşnak-bolşevik quldur dəstələri dinc əhalinin üzərinə yeridildi. Şaumyanın birbaşa göstərişi ilə məşhur İsmailiyyə binası yandırıldı. Bina yandırılmazdan əvvəl ermənilər yaralı müsəlmanları İsmailiyyənin zallarından birinə dolduraraq diri-diri yandırdılar.

Üç gün ərzində quldur dəstələri Bakıda 18 mindən artıq müsəlmanı qətlə yetirdilər. Təkcə mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən dağıdıldı. Təxminən 8 minə yaxın insan öldürüldü ki, bunun da 1653 nəfəri qadın, 965-i isə uşaq idi. 1918-ci ildə 15 min əhalisi olan Şamaxının 1921-ci ildə əhalisi təxminən 1700 nəfərə enmişdi. Erməni-rus quldur dəstələri Şamaxıda 72, Qubada isə 122 kəndi yerlə yeksan etdilər, əhalini isə qılıncdan keçirdilər. Eyni vəhşilik Salyanda və Göyçayda da həyata keçirildi.

Bu gün Azərbaycan xalqı özünün tarixində ən ağır günlərindən biri olan 31 mart – Soyqırımı gününü hüznlə yad edəcək. Tariximizə ən ağır və kədərli hadisələrdən biri kimi düşən mart soyqırımı ilə bağlı Prezident Heydər Əliyev 1998-ci il mart ayının 26-da mart ayının 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə sərəncam imzalayıb.

1918-ci ilin mart ayında Azərbaycan xalqı özünün ən faciəli günlərindən birini yaşadı və Bakıda, Şamaxıda, Salyanda, Qubada, Göycayda və digər yerlərdə erməni-rus silahlı quldur dəstələri tərəfindən on minlərlə günahsız insanın qanı axıdıldı, yüzlərlə kənd və şəhər  yandırıldı. Əslində Bakıda ermənilər tərəfindən dinc əhaliyə qarşı qırğınlar törədiləcəyi hələ 1917-ci ilin noyabr ayında terroru özünün əsas mübarizə silahı kimi seçən “Daşnaksutyun” partiyasının  liderlərindən biri olan Şaumyanın başçılıq etdiyi bolşeviklər tərəfindən hakimiyyətin ələ alınmasından sonra məlum oldu. Həmin dövrdə Bakıda I Dünya müharibəsindən qayıdan 6-7 min erməni silahlısı vardi.  Bundan əlavə, Şaumyan Türkiyə ilə müharibədən sonra Rusiyaya qayıdan 8-10 min nəfər rus əsgərindən də dinc müsəlmanlara qarşı istifadə etdi. Bu məsələ barədə erməni alimi Q. Avetisyan yazmışdı ki,  1918-ci ilin əvvəllərində Bakıda 18 min döyüşçüdən ibarət Qızıl Ordunun dörd briqadası var idi. Qızıl Ordu döyüşçülərinin də 70 faizi erməni idi.

Belə bir vəziyyətdə 1918-ci ilin mart ayının 27-də general Talışinskinin başçılıq etdiyi Azərbaycan alayı Lənkəran şəhərində baş verən qarışıqlıqlar zamanı rus-erməni silahlı dəstələri tərəfindən öldürülmüş məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin oğlunun dəfn mərasimində iştirak etmək üçün Bakıya gəldi. Müsəlman alayının Bakıya gəlməsi Şaumyanı qorxuya salmışdı.  Müsəlman alayının Bakıya gələcəyindən öncədən xəbər tutan Şaumyan Moskvaya, Leninə  özünün planları barədə məlumat vermişdi.

Leninin Bakı bolşeviklərinin başçısı Stepan Şaumyana cavab teleqramında deyilirdi: “Sizin düşünülmüş siyasətiniz bizə çox xoşdur və qələbə çalacağınıza əminik. Çətinliklər gözlənilməzdir və indiyədək biz yalnız imperialistlər arasında narazılıqlar və münaqişələr nəticəsində irəli getmişik. Bu konfliktləri işlətməyi öyrənin”.

Soyqırımını həyata keçirmək üçün Şaumyan Bakıda olan müsəlman alayını təxribata çəkməyə cəhd etdi. Bunun üçün erməni daşnakları əhali  arasında guya müsəlman alayının üsyana hazırlaşdığı və bütün qeyri-müsəlmanları qıracaqları barədə şayiə yaymışdılar. Şaumyanın təxribatını anlayan müsəlman alayının rəhbərləri şəhərdə qan tökülməsinə yol verməmək üçün “Evelina” gəmisinə minərək Lənkərana getmək qərarına gəldilər. Lakin Şaumyan dərhal gəmini mühasirəyə aldıraraq oradakı azsaylı əsgərləri tərk-silah etdirdi. Bu isə Bakı müsəlmanları arasında narazılıqla qarşılandı. Martın 30-da Bakıda müsəlmanların dinc etiraz aksiyası başladı. Aksiya iştirakçıları müsəlman əsgərlərin silahlarının özlərinə qaytarılmasını və onların Lənkərana getməsinə icazə verilməsini tələb edirdilər.

Bundan bəhanə kimi istifadə edən Şaumyan quldur dəstələrini dinc əhali üzərinə yeritdi. Nəticədə bolşevik-daşnaq quldur dəstələri şəhərdə qətliam törətdilər, minlərlə dinc insan bu vəhşiliyin qurbanı oldu. Üç gün ərzində Bakı qan ağladı. Bəzi məlumatlara görə, quldur dəstələri Bakıda 18 mindən artıq müsəlmanı qətlə yetirdilər. Həmin dəhşətli günlərin şahidi olmus Kulner familiyali bir alman Bakı qırğını barədə 1925-ci ildə yazırdı: «Ermənilər müsəlman məhəllələrinə hücum edərək hər kəsi öldürür, qilincla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdı».

Şaumyanın birbaşa göstərişi ilə məşhur İsmailiyyə binası yandırıldı. Bina yandırılmazdan əvvəl ermənilər yaralı  müsəlmanları İsmailiyyənin zallarından birinə dolduraraq onları qətlə yetirdilər. Sonra isə meyitlərin üzərində vəhşicəsinə rəqs etdilər. “Türksüz və müsəlmansız” Azərbaycan yaratmaq istəyən Şaumyanın göstərişi ilə  bolşevik-daşnaq quldur dəstələri Şamaxıya, Salyana, Qubaya və Göyçaya göndərildilər. Bu dəstələr adıçəkilən ərazilərdə əllərinə keçən bütün canlıları məhv etdilər, kəndləri yandıraraq xarabazara çevirdilər.

 Şamaxı və Quba qırğınları

Şamaxıda soyqırımı planını Şaumyan  Bakıdan əvvəl – 1918-ci il mart ayının 18-də işə salmışdı. Şamaxıda qırğınları həyata keçirməyi Şaumyan öz əlaltısı olan terrorçu  Stepan Lalayevin komandanlıq etdiyi erməni quldur dəstələrinə tapşırmışdı. Martın 18-də sübh tezdən ermənilər Mədrəsədə yerləşdirilmiş toplardan  Şamaxı şəhərinə atəş açdılar. Yuxudan ayılan şəhər əhalisi pal-paltarını geyinmədən hara gəldi qaçmağa başladı. Əhalinin bir hissəsi buradakı qədim məscidə sığındı. Onlar Allah evinə quldurların toxunmayacağına inanmışdılar. Amma Şamaxını ələ keçirən erməni quldur dəstələri Lalayevin əmri ilə məscidə od vurdular. Yüzlərlə dinc  əhali, xüsusən qocalar, qadınlar, uşaqlar diri-diri bu məsciddə yandırıldılar. Eşiyə qaçmaq istəyənlər isə dərhal güllələndilər.

Hadisələrin şahidi olmuş  Şamaxı sakini Məhiyyəddin Əfəndi oğlu isə  Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) hadisəni araşdıran Fövqəladə İstintaq Komissiyasına verdiyi ifadəsində: “Ermənilər Şamaxını top atəşinə tutduqdan sonra əhali küçəyə qaçdı və gördü ki, erməni silahlıları şəhəri üç tərəfdən, Rusiyadan bura köçürülmüş molokanlar isə bir tərəfdən mühasirəyə almışlar. Bir neçə saatdan sonra ermənilər şəhərə basqın edib, evləri yandırmağa və adamları güllələməyə başladılar. Bu qırğına Qavril, Qaraoğlanov, poçt-teleqraf idarəsinin rəisi Gülbəndov, Qaramanov, dəllək Samvel, dəllək Ovanes, Stepan Lalayev, mədrəsəli Sidrak və bir çox başqaları  rəhbərlik edirdilər,”- demişdi

Yandırılan evlərdən çıxıb canını qurtarmaq istəyən sakinlərə – kişi, qadın və uşaqlara heç bir fərq qoymayan ermənilər onları ən amansız üsullarla qətlə yetirirdilər. Şəhərin küçələrində meyitlərdən qalaqlar yarandı.

Amma Şamaxıdakı qırğınlar Şaumyanı tam şəkildə qane etməmişdi. O, Şamaxının tamamilə müsəlman əhalidən təmizlənməsini tələb edirdi. Bu məqsədlə də Bakı qırğınlarının ardınca Şaumyan əksinqilaba qarşı mübarizə pərdəsi adı altında silahlı quldur dəstələrini yenidən Şamaxıya göndərdi. Bu dəstələrə komandanlığı Şaumyan terrorçu S. Lalayansa tapşırmışdı.  S. Lalayansın dəstələri 3-16 aprel tarixində Şamaxı əhalisinə divan tutdu. Yerli erməni və rus-molokan kəndlilərinin köməkliyi ilə təkcə mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən dağıdıldı. Təxminən 8 minə yaxın insan öldürüldü ki, bunun da 1653 nəfəri qadın, 965-i isə uşaq idi. 1918-ci ildə 15 min əhalisi olan Şamaxının 1921-ci ildə əhalisi təxminən 1700 nəfərə enmişdi.

Şamaxıdan sonra Şaumyan nəzərini Qubaya yönlətdi. Qubada qırğınları həyata keçirəcək silahlı quldur dəstələrinə isə rəhbərliyi Şaumyan cəllad Amazaspa tapşırmışdı. Qırğınlarda erməni daşnak qüvvələri ilə yanaşı, bolşevik əsgərləri də iştirak edirdilər. Bu qırğınlarda əsas məqsəd Quba qəzasında da müsəlman əhalisini məhv edərək, erməni idarəçiliyinə nail olmaq idi. Amazaspın dəstəsi Qubanın girəcəyindən tutmuş yuxarı hissəsinədək şəhəri odlamağa başladı. Daşnaklar küçədə qarşılarına çıxan bütün adamları ucdantutma gülləyə tutur, yerə yıxılmış yaralıların bədənlərini tüfənglərin süngüləri ilə deşik-deşik edir, gözlərini ovurdular. Yaxınlıqdakı meşəyə qaça bilməyənlər evlərinə girib qapıları bağlayırdılar. Onları evlərindən zorla çıxarır, yerindəcə güllələyir və yaxud qabaqlarına qatıb meydana aparırdılar. Bir neçə saatın ərzində yüzlərlə insan qətlə yetirilmişdi. Qubada bir-bir evlərə girib bəzən butün ailəni məhv edən ermənilər hətta hamilə və uşaqlı qadınlara belə  rəhm etməmişlər.

İki gün ərzində yalnız Quba şəhərində 4 minədək müsəlman öldürülmüşdü. Amazaspın vəhşilikləri zamanı təkcə 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilmişdi.

2007-ci ildə Quba şəhərində kütləvi məzarlıqların aşkar edilməsi və onların tədqiqi göstərdi ki, bu insanlar hər cür zorakılıqlara məruz qalaraq qətlə yetirilmişlər. Bu kütləvi məzarlıqlar 1918-ci ildə Qubada Amazasp tərəfindən türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımına əyani sübutdur.

Ermənilər Quba əhalisinin əmlakını talamışdılar. Təkcə Qubanın özündə Amazaspın əsgərləri dörd milyon manat nağd pul, xeyli qızıl pul, qızıl və qiymətli daş-qaş və beş milyon manatlıq  əşya-mal, iyirmi beş milyon manatlıq ərzaq ehtiyatı ələ keçirmişdilər. Xatırladaq ki, həmin qızıl əşyaların və qızıl pulların bir hissəsi sonralar S.Şaumyan öz məsləkdaşları ilə birlikdə  həbs edilərkən onun yük çamadanlarındakı 80 milyon dollar dəyərindəki qızılların içərisində olmuşdur.

 Erməni-rus quldur dəstələri  Şamaxıda 72, Qubada isə 122 kəndi yerlə yeksan etdilər, əhalini isə qılıncdan keçirdilər.

Eyni vəhşilik Salyanda və Göyçayda da həyata keçirildi. Nəticədə 100 minə yaxın dinc sakin erməni vəhşiliyinin qurbanı oldu. Ümumiyyətlə, erməni-bolşevik dəstələri mart, aprel və may aylarında 150 min müsəlmanı qətlə yetirdilər, 500 mindən artıq adam isə yurd-yuvalarından didərgin salındı.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirildi. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, həmçinin Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldi. 1919 və 1920-ci ildə mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

1991-ci ilin payızında Azərbaycan müstəqilliyinə yenidən qovuşdu. Bundan 6 il sonra 1998-ci il mart ayının 26-da isə prezident Heydər Əliyev 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə sərəncam imzaladı. Bununla da azərbaycanlıların soyqırımı gününün hər il rəsmi şəkildə qeyd olunmasının əsası qoyuldu.

 Rəşad Mustafa

AMEA Tarix İnstitutunun aspirantı