30 məcburi köçkün ailəsi ortalıqda qalıb

0
540

Bakıda “Elektroştamp” zavodunun yataqxanasında məskunlaşan məcburi köçkün ailələrinin vəziyyəti sözün həqiqi mənasında, acınacaqlıdır. Bu günlərdə məcburi köçkünlərin dəvəti ilə həmin yataqxanada olub ürəkağrıdıcı vəziyyəti öz gözlərimizlə gördük. Məlumat üçün bildirək ki, sözügedən yataqxana 4 mərtəbəlidir. Koroğlu Rəhimov küçəsi, 53 A ünvanında yerləşən yataqxananın yalnız 1 və 2-ci mərtəbələrində məcburi köçkünlər yaşayır. 3 və 4-cü mərtəbələrdə yaşayanların çoxu isə, mənzilləri özəlləşdiriblər və müəyyən şərait qurublar. Elə problem də deyəsən, bununla bağlıdır. Belə ki, sakinlərin dediyinə görə, bina 58 saylı Mənzil İstismar Sahəsinə (MİS) tabedir. Amma yataqxananın 1 və 2-ci mərtəbələrində yaşayan məcburi köçkünlərin problemlərinə MİS yaxın durmur.

Laçın rayonunda məcburi köçkün Dursun Məmmədovanın dediyinə görə, yataqxananın 1 və 2-ci mərtəbələrində yaşayanların ayaqyoluları və hamamı ümumidir: “Hamam və ayaqyolumuz bərbad vəziyyətdədir. Özümüz yaşadığımız mənzilləri birtəhər təmir eləmişik. Dövlət qurumları heç olmasa ayaqyolunu, hamamı təmir eləsinlər. 90-cı illərin əvvəlindən bu yataqxanada yaşayırıq, bu günə qədər bura təmir olunmayıb. Bizə nə vaxt yeni ev verilər, halımız necə olar, onu deyə bilmərik, heç olmasa, indiki şəraitimizə əl gəzdirsinlər”.

Dursun Məmmədova dedi ki, yataqxananın hamamında məcburi köçkünlər uzun illərdir suyu vedrədə qızdırmaqla çimirlər: “20 ildən artıqdır ki, burada vəziyyət bu cürdür. Hətta ən soyuq şaxtalı, qarlı havada belə suyu qızdırıb çimirik. Elə ona görə də tez-tez xəstələnirik. Eşidənlər təəccüb edirlər ki, Bakıda yataqxanada suyu qızdırıb çimirik”.

D. Məmmədovanın sözlərinə görə, bu vəziyyətlərdən ən çox əziyyət çəkənlər uşaqlardır: “Uşağı normal şəraiti olan yerdə çimizdirəndə belə xəstələnir, bir də var bu cür şəraitsiz yerdə çimizdirəsən. Görəsən, bizim bu halımızı niyə başa düşmək istəmirlər? Ətrafdakı yataqxana binalarını təmir edirlər, ancaq bizim binanı yox”.

Binanın digər sakini Bəsirə Qənbərova isə dedi ki, problemlərini MİS-ə deyəndə onlara bildirirlər ki, “Qaçqınkom”a şikayət eləyin: “Yataqxanada mənzillərini özəlləşdirənlər özləri üçün hər cür şərait yaradıblar, hamamları, mətbəxləri qaydasındadır. Amma biz qalmışıq ortalıqda. Ötür-ötür oyunu oynayırlar”.

Yataqxanada digər problem ayaqyoluların borularının tutulmasıdır.

”Kafel və metlax qırıntıları tualetin borusuna tökülüb. Ayaqyolunun 3 kabinəsindən 2-nin kanalizasiya sistemi işləmir. Təsəvvür edin, 30 ailə cəmi 1 ayaqyolunun ümidinə qalıb. İnanın, ayda 5-6 dəfə tutulur, hər dəfə pul toplayıb usta gətizdirir və açdırırıq. Amma bu, nə qədər davam edə bilər?”-deyə B. Qənbərova şikayətləndi.

“Xəstəmiz, toyumuz, yasımız olanda qalırıq gilinc vəziyyətdə”

Ayaqyolunun vəziyyəti də hamamın vəziyyəti kimi çox dəhşətli idi. İçəri girəndə adama elə gəlir ki, bu dəqiqə başına uçacaq. Həmçinin, divarı uçub tökülür, yarıqaranlıq olduğundan göz-gözü görmür, su gəlmir, üstəlik, digər iki kabinə işləmir. Binada yaşayan məcburi köçkünlərin yeganə arzu və istəkləri binaya öz dilləri ilə desək, əl gəzdirilməsidir: “Mənzil İstismar Sahəsi dərdimizi bilir. Ayaqyolu tutulanda zəng vurduq, bizə dedilər ki, “kanalizasiya açmaq ştatında işçimiz yoxdur”. Yataqxananın ayaqyolusu və hamamı təcili təmir olunmalıdır. Ağdam, Laçın, Fizuli, Zəngilan rayonlarından burada məcburi köçkünlər yaşayır. Köçürmə məsələsi ilə bağlı bizi gəlib siyahıya alan olmayıb. Heç ev istəmək kimi bir tələbimiz də yoxdur, istəyimiz odur ki, o biri yataqxanalar kimi burada təmir olunsun. Xəstəmiz, toyumuz, yasımız olanda qalırıq gilinc vəziyyətdə”.

Məcburi köçkünlərdən onu da öyrəndik ki, deputat Azay Quliyev təbliğat-təşviqat vaxtı yataqxanaya gəlib və buradakı bərbad vəziyyəti görəndə çox təəccüblənib.

“Həmin qurum tərəfindən həll edilməlidir”

Problemlə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Elçin Qədimov “Zaman-Azərbaycan”ın əməkdaşının sualını dinlədikdən sonra özü sual verdi:

– Sizə nə dedilər, həmin yataqxana təmir olunub, yoxsa olunmayıb?

Elçin Qədimova “yox” cavabı verdikdən sonra problemə münasibət belə oldu: “Bilirsiniz, həmin yataqxanaların köçürülməsi bu gün gündəmdə deyil, orada yaşayanlar yeni mənzillərə gələcəkdə köçürüləcəklər. Zamanı gəlincə, dövlət proqramına əsasən, həmin yataqxanada yaşayanların köçürülməsi məsələsinə baxılacaq. Yataqxanananın indiki vəziyyətinə gəlincə, bu problem Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yox, balansında olduğu qurum və təşkilatlar tərəfindən həll edilməlidir. Yəni yataqxana hansı qurumun ki balansındadır, istismarı, saxlanması, orada yaranan kommunikasiya problemlərinin hamısı həmin qurum tərəfindən həll edilməlidir”.

Komitə rəsmisi dedi ki, yataqxananın ayaqyolusunda kanalizasiya borusunun tutulması, partlaması, su xəttinin nasaz vəziyyətdə olması, yəni ortaya çıxan hər hansı bu cür problemlər həmin rayonun xidmət təşkilatları tərəfindən aradan qaldırılmalıdır: “Komitə yataqxanada kanalizasiya borusu açmır, su borusu düzəltmir, bu işlər bu qurumun səlahiyyətində deyil. Komitə xidmət təşkilatlarına bunun vəsaitini ödəyir. Yəni məcburi köçkünlərin istifadə etdikləri kommunal xidmətlərin pulunu müvafiq xidmət təşkilatlarına ödəyir. Həmin qurumlar da sözügedən məcburi köçkünlərə xidmət göstərməlidirlər”.

“Qaçqınkom” müdaxilə edə bilməzmi?”

Elçin Qədimovun dediyinə görə, yataqxananın kanalizasiya xəttində problem varsa, Kanalizasiya İdarəsi baxmalıdır, su xəttində problem varsa Su-kanal İdarəsi baxmalıdır, qazda problem varsa, Qaz İdarəsi baxmalıdır. Yəni rayondakı xidmət təşkilatları oradakı problemləri aradan qaldırmalıdırlar”.

”Əgər həmin qurumlar üzərlərinə düşən işi yerinə yetirmirlərsə, “Qaçqınkom” müdaxilə edə bilməzmi?” sualımıza müsahibimizin cavabı belə oldu: “Bir daha deyirəm – komitə orada yaşayanların kommunal vəsaitlərini ödəyir. Həmin bina komitənin balansında deyil. O binada məcburi köçkünlər yaşayır və bu gün onların köçürülməsi real deyil, çünki komitənin boş mənzili yoxdur. Gələcəkdə Dövlət Proqramına əsasən, köçürülmə zamanı daha ağır şəraitdə yaşayanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması prinsipi nəzərə alınmaqla, ağır şəraitdə yaşayanların köçürülməsinə baxılacaq. Əgər həmin qurumlar öz məsuliyyətlərini, üzərlərinə düşən işi yerinə yetirmirlərsə bu sual onlara verilməlidir. Onlar cavabdehdirlər. Bina hansı qurumun balansındadırsa, problemin həllinə onlar baxmalıdırlar”.

Nicat İntiqam