30 illik işğal bitsə də…

40

Azərbaycan xalqı, eləcə də bütün türk dünyası bu günlərdə Qarabağın və Şərqi Zəngəzurun Ermənistanın 30 illik işğalından azad olunmasının ikinci ildönümünü böyük qürur hissi ilə qeyd etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu təcavüzkar Ermənistanın silahlı qüvvələrini darmadağın edərək ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Bununla da Azərbaycan hərbi-siyasi yollarla BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını təmin edərək 30 illik münaqişəyə son qoyaraq tarixi ədaləti bərpa etdi.

2020-ci il sentyabrın 27-də başlayan qırx dörd günlük Vətən müharibəsindəki tarixi Qələbəmiz regionda uzunmüddətli sülh üçün əlverişli şərait yaradıb. Müharibədən ağır məğlubiyyətlə çıxan və kapitulyasiya aktına imaza atan Ermənistan bu gün də öz məkrli məqsədlərindən əl çəkmir, beynəlxalq hüququn tələblərini kobud şəkildə pozaraq bölgədə davamlı sülhün və birgəyaşayışın təmin olunmasına cidd-cəhdlə mane olur. Təcavüzkar ölkə hələ də anlamaq istəmir ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, iki ölkə arasında sülh müqaviləsinin imzalanması regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Ermənistan öz təcavüzkar xislətinə sadiq qalaraq hələ də bu məsələ ilə bağlı Azərbaycanın təkliflərinə cavab vermir. Əksinə, öz təxribatçı hərəkətləri ilə sərhəddə gərginlik yaratmaq üçün ən iyrənc vasitələrə əl atır.

Belə ki, erməniəsilli rusiyalı milyarder Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçməsi, dördüncü Brüssel görüşündən əldə edilən bəzi razılaşmalara rəğmən ermənilərin mövqelərimizi atəşə tutması bunun əyani təsdiqidir. Eləcə də qondarma “müstəqillik günü” ilə bağlı baş nazir Nikol Paşinyanın separatçı-terrorçulara “təbrik məktubu” ünvanlaması və məktubda “münaqişənin” ATƏT-in Minsk qrupu çərçivəsində həll edilməsindən bəhs etməsi Ermənistan rəhbərliyinin ölkəmizə qarşı təxribatçı əməllərini davam etdirməsinin bariz nümunəsidir.

Danılmaz faktdır ki, Ermənistan silahlı qüvvələrinin sərhəd bölgələrində tez-tez törətdiyi hərbi təxribatların əsas səbəbi sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli Bəyanatı üzrə üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəyinin olmamasıdır. Ekspertlər qeyd edirlər ki, son vaxtlar Ermənistanın törətdiyi təxribatlar Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar edilməsinə imkan verməmək və üçtərəfli Bəyanatın tammiqyaslı tətbiqindən qaçmaq məqsədi güdür.

Təcavüzkar ölkə 2020-ci il sentyabrın 27-də başlayan qırx dörd günlük müharibədən sonra  üçtərəfli Bəyanatdakı öhdəliklərini yerinə yetirərək regionda sabitliyin bərqərar olunmasına töhfələr vermək əvəzinə hələ də revanşist xəyallarla yaşayır. Ermənistanın hərbi-siyasi rəhbərliyi müəyyən dairələrin tapşırıqlarını yerinə yetirərək regionda sülh və əmin-amanlığın, sabitliyin olmasına əngəllər törədir. Sentyabrın 12-13-də baş verən hadisələr  onların ardıcıl şəkildə törətdikləri təxribatların pik nöqtəsi idi. Baş verən proseslər göstərir ki, Ermənistan sülh danışıqları prosesindən hələ çox uzaqdadır.

Təbii ki, müharibə bitib, ölkəmizin başçısının söylədiyi kimi, Qarabağ münaqişəsi tarixdə qalıb. Ancaq bu münaqişənin törətdiyi fəsadlar hələ də qalmaqdadır. Erməni vandalları işğal dövründə Qarabağda və Şərqi Zəngəzurda şəhər və qəsəbələri, kəndləri demək olar ki, yer üzündən siliblər, daşı-daşı üstündə qoymayıblar. Militarist Ermənistan işğal edilmiş ərazilərdə bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən ötən iki il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb.

Təbii ki, bütün bunların, eləcə də təcavüzkar Ermənistanın ölkəmizə qarşı bu gün də davam edən təxribatçı əməllərinin təməlində islamofobiya və türkofobiya dayanır. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı bir daha bildirib ki, 30 illik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir”.

 “İki sahil”