30 illik fasilədən sonra Azərbaycanın işğaldan azad olunan bölgələrində ilk zəng çalındı

44

Bu gün Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin açılışı oldu. 30 illik fasilədən sonra Azərbaycanın işğaldan azad olunan bölgələrində ilk zəng çalındı. Bu, çox qürurlu və tarixi hadisədir. Bu günü yaşadığımız üçün Azərbayanın təhsil işçiləri adından Azərbaycan Ordusuna və Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Həmçinin torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən şəhidlərimizi yad edir, onlara Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm.

Bu sözləri Ağalıda məktəbin açılışı zamanı azərtac-ın bölgə müxbirinə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.

“Bu il bilik günü ərəfəsində təəssüf ki, Ermənistanın təxribatı ilə üz-üzə qaldıq, şəhidlərimizin olması bizi üzdü. Ancaq istənilən halda hadisələr göstərir ki, Azərbaycanın güclü olması, daim öz təhlükəsizliyini, gələcəyini düşünməsi olduqca vacibdir. Bu isə birmənalı olaraq elm və təhsildən keçir. Əbəs yerə deyil ki, bu gün Bilik günü ilk dərsimiz də məhz “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz” devizi ilə başladı”, – deyə nazir bildirib.

Emin Əmrullayev qeyd edib ki, hazırda Ağalı məktəbinin 60-dan artıq şagirdi var. Ancaq, kəndə hələ insanların köçürülmə prosesi davam edir və burada müxtəlif qurumlarda çalışan əməkdaşların uşaqlarının da bu məktəbdə təhsillə təmin olunması planlaşdırılır. Ümumilikdə, məktəb 360 şagird üçün nəzərdə tutulub. Yaxın günlərdə şagird sayının 80-90 nəfərə çatması planlaşdırılır.

Məktəbdə 14 müəllimin işlə təmin olunduğunu söyləyən nazir əlavə edib ki, Ağalıda tədris prosesinə Azərbaycanın müxtəlif bölgələrindən, həmçinin bu kənddən olan müəllimlər cəlb edilib: “Sevindirici haldır ki, işə qəbul müsabiqəsində 800-dən artıq müəllim burada işləmək üçün müraciət edib. Aralarında yüksək bal toplamış müəllimlərimiz də var. Gənc müəllimlərimizin Azərbaycanın işğaldan azad olunan torpaqlarında təhsil prosesində həvəslə iştirak etmələri qürurlu və sevindirici haldır. Bakıdan, Zaqataladan, Gədəbəydən, Yevlaxdan, Gəncədən, Hacıqabuldan gələn müəllimlərimizlə tanış olduq. Hər kəs başa düşür ki, bu, bir ilkdir, tarixi hadisədir. Onun üçün bunun böyük məsuliyyəti var”.

Nazir deyib ki, Azərbaycanın işğaldan azad olunan torpaqlarında Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə məktəblərin tikinti prosesi gedir: “Şuşa və Ağdam məktəbi bu tədris ilinin sonuna, hətta daha tez hazır olacaq. Əminəm ki, növbəti tədris ilində orada da ilk zəng çalınacaq. Onların hər biri 960 nəfərlik böyük məktəblərdir. Cəbrayıl və Füzulidə məktəblərin tikinti prosesinin demək olar ki, son mərhələsinə başlamışıq. Suqovuşan qəsəbəsindəki məktəb də təmirdən sonra hazır olacaq. Füzuli peşə liseyinin tikintisinin hazırlıq prosesi isə bitmək üzrədir, Şuşa real məktəbinin də artıq layihələndirilməsi başa çatıb. Bu layihələrin hər biri öz-özlüyündə çox böyük layihələrdir. Eyni zamanda, bu məktəblərin infrastrukturu çox fərqli tikilir. Ümid edirəm ki, növbəti illərdə artıq böyük sürətlə – hər il onlarla, yüzlərlə məktəbin açılmasının şahidi olacağıq. Bütün bu hadisələr təbii ki, çox qürurvericidir. Qarabağın, Şərqi Zəngəzurun təhsil infrastrukturunun bərpası və təhsil həyatının bu yerlərə qayıtması üçün Prezidentimizin tapşırıqları ardıcıl olaraq yerinə yetirilir. İnanıram ki, bu proses qısa zamanda daha çox məktəbin açılması və daha çox şagirdin təhsilə cəlb olunması ilə yekunlaşacaq”, – deyə Emin Əmrullayev əlavə edib.