3 saylı tam orta məktəbin nailiyyətləri

816

Mingəçevirdəki M. Hüseynzadə adına 3 saylı tam orta məktəb şəhərin qabaqcıl məktəblərindən biri kimi tanınır. Yarım əsrdir ki, fəaliyyət göstərən bu tədris ocağı indiyədək bir çox uğurlara imza atıb.

Qeyd edək ki, “İlin ən yaxşı məktəbi” adına layiq görülmüş məktəbdə həm Azərbaycan, həm də rus bölmələri fəaliyyət göstərir. İki bölmədə ümümilikdə 1221 nəfər şagird təhsil alır. 2013-cü ildə əsaslı təmir olunmuş məktəbin maddi-texniki bazası günün tələblərinə cavab verir: belə ki, məktəbdə yeni kabinetlər, laboratoriyalar təşkil edilib. Bir sözlə, şagirdlərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək üçün burada mütəmadi olaraq işlər görülür. Elə bu kimi işlərin nəticəsidir ki, 3 saylı məktəbin ali məktəblərə sənəd vermiş abuturiyentləri yeni uğurlar əldə ediblər.

Məktəbin direktoru Kəmalə Tahirovanın sözlərinə görə, bu il bu məktəbi bitirmiş 63 şagird ali məktəbə sənəd verib: “6 məzunumuz 600-700 arası bal toplayıb. Onu da qeyd edim ki, şagirdlərimiz ali məktəbə qəbula elə ilk mərhələdən başlayıblar. Muxtarov Muxtar Xanlar oğlu (rus bölməsi) birinci mərhələnin nəticəsi ilə 589 balla (dövlər xətti ilə)  Lomonosov adına Moskva Dövlət Universitetinə, Mustafayev Tofiq Gündüz oğlu (rus bolməsi) 606 balla (dövlət xətti ilə) Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna qəbul olunub. Yeri gəlmişkən, son iki ildə dövlət xətti ilə bu ali təhsil ocağına Mingəçevir şəhərindən 3 nəfər qəbul olub ki, onların üçü də bizim məktəbin yetirmələridir.

Bir maraqlı məqamdan da söz açmaq istəyirəm: hər il respublika üzrə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda  3 nəfərə yer verilir, onlardan biri həmişə bizim yetirmələrimizdən biri olur. Əlbəttə, bu, bizim şəhərimiz üçün böyük fəxirdir. Məktəbimiz beynəlmiləl məktəb olduğu üçün onlar dünyanın hər hansı bir ölkəsində təhsil ala bilirlər. Təbii ki, bu prosesdə müəllimlərimizin də əməyi danılmazdır. Bizdə ingilis və rus dillərini mükəmməl bilən müəllimlər çalışırlar”.

Məktəb şagirlərinin müxtəlif layihə və olimpiadalarda da nailiyyətlər əldə etdiklərini vurğulayan Kəmalə Tahirova daha sonra bildirdi ki, bu il IX sinif üzrə buraxılış imtahanları da ürəkaçan olub: “Bu il  9-cu siniflərdə yeni formada buraxılış imtahanları keçirildi. Bu nəticələrə görə məktəbimiz şəhərdə yenə də 3 irəlidə gedən məktəb sırasında oldu”.

Kəmalə xanımın sözlərinə görə, ölkə başçısı ölkəmizdə təhsilin inkişafına xüsusi diqqət yetirir: “Rusiyanın öndə gedən ali məktəblərinin filiallarının ölkəmizdə açılması da təqdirəlayiqdir. Yeri gəlmişkən, M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına hər il bizim məzunlar da qəbul olurlar. Bu da bizim ən böyük nailiyyətlərimizdən biridir”. Kəmalə xanımın fikrincə, hər hansı bir ölkədə təhsilin inkişafına xüsusi diqqət yetirilərsə, orada xalqın işıqlı sabahına ümid və inamla baxmaq olar.

 

Esmira Hidayətova, Mingəçevir