28 May – “Müstəqillik Günü” və 18 Oktyabr – “Müstəqilliyin Bərpası Günü” adlandırılması təklif edilir

27

“Müstəqillik Günü haqqında” qanun layihəsi böyük hüquqi, siyasi və tarixi əhəmiyyət kəsb edir. İlk dəfədir ki, Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edərək özünün Müstəqillik Gününü qeyd edir. Bu baxımdan, bu qanun layihəsi dünyaya bir mesajdır.

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev parlamentin iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsinin müzakirəsi zaman deyib.

B.Əliyev bildirib ki, 44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edərkən ona qarşı təzyiqlər oldu: “Azərbaycan xalqı bir yumruq kimi birləşərək, əsgər və zabitlərimiz Müzəffər Ali Baş Komandanın əmirlərini dəqiq yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini bərpa etdi. Bu qanun layihəsinin məhz bu gündə, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsini bayaram edəcəyimizin yaxınlaşdığı bir ərəfədə müzakirəsi və qəbul edilməsinin çox böyük siyasi, tarixi və milli-mənəvi əhəmiyyəti var. Bu, bütün dünyaya növbəti bir mesajdır.

Bu qanunun hazırlanması Azərbaycan xalqının iradəsidir ki, heç kim heç vaxt bir daha Azərbaycan xalqının iradəsinin əleyhinə olaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına ala bilməz. Azərbaycan güclü dövlətdir, onun güclü ordusu var”.

Qeyd edək ki, “Müstəqillik Günü haqqında” qanun layihəsi Milli Məclisdə birinci oxunuşda müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycanda 28 May – “Müstəqillik Günü” və 18 Oktyabr – “Müstəqilliyin Bərpası Günü” adlandırılması təklif edilir.

İndiyə qədər Azərbaycanda 28 May Respublika Günü kimi qeyd edilir və qeyri-iş günüdür. Yeni qanun layihəsinə əsasən, 28 May Respublika Gününün adı dəyişdirilib və bundan sonra Müstəqillik Günü kimi qeyd ediləcək. 18 Oktyabr isə Dövlət Müstəqilliyi Günü kimi qeyd olunur və bu gün rəsmi iş günü hesab olunur. Dəyişiklikdən sonra 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü adlandırılacaq.

Qanun layihəsində qeyd edilir ki, 2021-ci il oktyabrın 18-də Azarbaycan Respublikasinin müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildan sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin xüsusən müstəqilliyin əldə edilməsi va bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyuk önəm kəsb edir.