Şəhid Rizvan Elman oğlu Mədətovun anası Elmira xanım oğlunun şəhid olmasına inana bilmir. 27 ildir ki, ananın gözləri yollardadır. Oğlu Rizvan 1-ci Qarabağ müharibəsində itkin düşüb. Bugünə qədər Rizvandan heç bir xəbər yoxdur. Ana deyir ki, oğlunun taleyi barədə heç nə bilmir. Ananın yaşı artıq 80-ni haqlayıb. Hələ də gözü oğlunu axtarır. Ona görə də ananın Esmira adlı qızı ananın yaşadığı binanın qarşısında Rizvan bulağı tikdirməyi qərara alır. Esmira xanım onuda deyir ki, anam artıq bu acıya dözə bilmir, dedim bəlkə bu bulaq ona təsəlli yeri olar: ”Bu gün Rizvanın adını bulağı ilə əbədiləşdirdik. Bu gün bulağın açılışına yaxınlarımız, qonşular, Rizvanın döyüş yoldaşları da gəliblər. Çünki qardaşım Rizvandan geri xatirə qalacaq bir iz yoxdur. Müharibəyə gedəndə yenicə evlənmişdi. O, şəhid olandan sonra həyat yoldaşı da avtomobil qəzasında həlak oldu. Rizvandan bizə qalan bu bulaq olacaq”.
Şəhidin döyüş yoldaşı I-II Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan mayor, kəşfiyyatçı Elxan Həsənov döyüş yoldaşı haqqında bizə məlumat verərək bildirdi ki, Rizvan 1992-ci ildə Bakl Ali Komandanlıq Məktəbini bitirdikdən sonra Müdafiə Nazirliyinin əmri ilə Xüsusi Təyinatlı hərbi hissəyə təyin olunub. Burada o, tağım və qrup kəşfiyyat komandiri vəzifəsinə başlayıb. Döyüş əməliyyatlarındakı fədakarlıqlarına görə rəhbərlik tərəfindən o, xüsusi təyinatlı bölüyə komandir təyin olunub. Bölük komandiri olduğu vaxtada daim əsgərlərinin qayğısına qalan komandir olub. Qubadlı, Füzuli, Ağdam, Ağdərə, Tərtərin müdafiəsində Rizvanın böyük rolu olub. Bir bölük komandiri olaraq son döyüşlərdə bir çox yaralı döyüşlçülərimizi xilas edib.
… Rizvan müəyyən bir heyətlə bir döyüş tapşırığı almışdı. Amma arxadan kömək gəlmədiyinə görə (silah-sursatları bitmişdi) düşmən onları mühasirəyə almışdı. Rizvan yenə də həmin anda yaralı yoldaşlarının təxliyəsi ilə məşğul idi. Sonda isə özünün də gülləsi qurtardı.
1994-cü ildə Rizvanın ölüm xəbəri gəlsə də nəşi gəlmədi.
Esmira Hidayətova, Mingəçevir