26 mart – yığmamız üçün uğurlu tarix sayılmır

416

Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində növbəti oyununu martın 26-da keçirəcək. Futbolinfo.az “Apasport”a istinadla xəbər verir ki, Almaniya ilə Bakıdakı qarşılaşmanın baş tutacağı tarix AFFA üçün də əlamətdardı.

Belə ki, Robert Prosineçkinin yetirmələri assosiasiyanın 25 illik yubileyi günü meydana çıxacaq. 1992-ci il martın 26-da yaradılan AFFA yubiley günü millidən hədiyyə gözləyəcək. Ən böyük hədiyyə isə Bundestimdən qazanılacaq xal ola bilər.

Son dünya çempionunun gücünü və martın 26-sı tarixinin “qara” olmasını nəzərə alsaq, bu asan görünmür. AFFA-nın yaranma günü isə yığmamız üçün heç də uğurlu tarix sayılmır.

Hər halda komandamız qurumun bütün ad günlərini uğursuz nəticələri ilə “qara” gətirib. Millimiz martın 26-da keçirdiyi 5 oyunun hamısında uduzub. Özü də bir qol da vura bilməyib.

Üstəlik, Gimaraynş və Varşava faciələri, o qədər də güclü olmayan Litva və Qazaxıstan məğlubiyyətləri müsbət xatirələrlə yadda qalmayıb. 6-cı dəfə bu tarixə meydana çıxacaq Prosineçkinin yetirmələri tendensiyalara son qoyub, yubileyə töhfə verməyə çalışacaq.

Millimizin martın 26-da keçirdiyi bütün oyunlar
26 mart 1999. Gimaraynş. AÇ. Portuqaliya – Azərbaycan – 7:0
26 mart 2005. Varşava. DÇ. Polşa – Azərbaycan – 8:0
26 mart 2008. Vilnüs. YO. Litva – Azərbaycan – 1:0
26 mart 2013. Bakı. DÇ. Azərbaycan – Portuqaliya – 0:2
26 mart 2016. Antalya (Türkiyə). YO. Azərbaycan – Qazaxıstan – 0:1