25 əsərini muzeyə hədiyyə etdi

469

Məmməd Araz poeziyasının və yaradıcı təxəyyülünün bədii görüntüsünü və bədii estetik obrazını yaratmaq, ilk növbədə, rəssamdan xüsusi məsuliyyət tələb edir. Elə bu səbəbdən də Məmməd Araz poeziyasına Azərbaycan təsviri sənət aləmində çox az rəssam (Arif Hüseynov, Adil Rüstəmov) müraciət edib. Belə məsuliyyəti dərk edən rəssamlarımızdan biri də Kirman Abdindir.
… Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Azərbaycan Rəssamlar İttifaqının, Jurnalistlər Birliyinin və eləcə də Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü Kirman Abdinin Xalq Şairi Məmməd Arazın poeziyasına həsr etdiyi “İsinsin azacıq bu daş duyğular” adlı fərdi sərgisinə baxanlar bu istedadlı rəssamın mücərrəd biçimli bədii axtarışları ilə şairin poeziyasına, sözün həqiqi mənasında, nüfuz edə bilməsinin şahidi oldular. Rəssamın “Zamandan məkana”, “Dünya sənin, dünya mənim”, “Şəhriyar gəlmədi”, “Düşüncələr”, “Bir ürək sındırdım, bir qız ürəyi”, “Xətainin qılıncını suvardım”, “Biz qapı açmışıq öz eşqimizə” və sair poetik misralarına həsr olunmuş qrafik sənət əsərləri hər sənət adamını sanki dilləndirirdi. Belə ki, sərgidə hər əsər qarşısında dayanan şəxs Məmməd Arazın şeirlərini də astadan söyləyir və rəssamın Məmməd Araz duyumuna həsəd aparırdılar. Bir sözlə, sərgidəki tablolarda Məmməd Araz poeziyasının nəhayətsizliyinin və rəssam fantaziyasının çalarlarının vəhdəti tam görünürdü.
Həmsöhbət olduğumuz Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva da bizimlə söhbətində bu kimi maraqlı məqamlardan söz açdı. Dedi ki, əgər Məmməd Araz poeziyası, Məmməd Araz duyumu hansısa şərhi-bəyansız, izahsız qəbul edilirsə, bunu rəssam Kirman Abdinin şairin yaradıcılığına həsr edilmiş tablolarına da şamil etmək olar. O, sərgiyə böyük maraq göstərilməsindən məmnunluğunu ifadə etməklə yanaşı, Bakıdan sonra belə bir tədbirin şairin yurdunda – Naxçıvanda təşkilindən qürur duyduğunu da dilə gətirdi.
Rəssam Kirman Abdin isə bildirdi ki, onun üçün Məmməd Araz yaradıcılığı hər zaman maraqlı olub: “Mən bir rəssam kimi deyə bilərəm ki, poeziya aləmimizdə öz möhtəşəmliyi ilə seçilən Məmməd Araz sözün min bir rəng çalarının rəsmini çəkən bir şairdir. Sözün düzü, elə onun bu rəssamlığı məni valeh etdi və mən onun fikirlərini, düşüncələrini tablolarla bir daha sənətsevərlərə çatdırmağı qərara aldım. Bir sözlə, Məmməd Araz yaradıcılığında mahir bir şair-rəssam kimi çıxış edir. Belə deyək də… Adətən, bu və ya digər şairin sözlərinə bəstəkarlar tərəfindən mahnılar yazılır. Hərdən bu barədə söz düşəndə bəstəkarlar deyirlər ki, filan şeir o qədər axıcı, o qədər melodik idi ki, ona mahnı bəstələməmək mümkün deyildi. Bu sözləri, təbii ki, Məmməd Araz haqqında da deyirlər. Mən isə belə deyirəm: Məmməd Arazın şeirləri həm də o qədər baxımlıdır ki, onları kətana köçürməmək qəbahətdir. Yeri gəlmişkən qeyd edim ki, qrafik üslubda Məmməd Araz poeziyasına müraciət etmək bir müəllif olaraq məndən məsuliyyət tələb edirdi. Sevinirəm ki, zəhmətim öz bəhrəsini verib”. Kirman Abdinin sözlərinə görə, Məmməd Araz düşünən və düşündürən şairdir. Şairin insan və dünya barədə fəlsəfi düşüncələri böyük tərbiyəvi əhəmiyyətə malikdir. Bu gün misraları zərbi-məsələ, hikmətli sözlərə çevrilən az sayda yaradıcı şəxsiyyət var ki, onlardan biri də Məmməd Arazdır. Bir də mənim onun yaradıcılığına müraciətimin əsasını ümummilli liderimiz Heydər Əliyevin dediyi: “Məmməd Araz yaradıcılığının təhlilinə, təbliğinə və tədqiqinə böyük ehtiyac var” sözləri təşkil edir”.
“Mən də çalışdım ki, onun şeirlərini rəng çalarları ilə əbədiləşdirim”, – sözləri ilə söhbətini davam etdirən rəssam vurğuladı ki, Məmməd Araz poeziyası mənim uzun illərdən bəri düşündüyüm və hər dəfə də yeni bir şey kəşf etdiyim sahədir: “Onun şeirlərində özümə doğma olan çox duyğular, hisslər tapıram. Ona görə də həmişə bu mövzuda qaralamalar edib bir tərəfə qoyur və təkrar dönüşdə nəsə əlavə edərək o bəndi, ya misranı daha da zənginləşdirməyə çalışıram. Sərgidə altında böyük şairimizin şeirlərindən müsralar yazılmış altmış qrafik işim nümayiş etdirildi, amma bu hələ son deyil, mən o poeziyanı hər zaman oxuyur, araşdırır və yeni nəsə taparaq rəsmə çevirirəm. Bir sözlə, mən bu silsiləyə aid yeni bir sərgi ilə də sənətsevərlərin görüşünə gəlmək niyyətindəyəm”.
Qeyd edək ki, rəssam Kirman Abdin sərgidə nümayiş olunmuş əsərlərindən 25-ni Xalq Şairi Məmməd Arazın boya-başa çatdığı Şahbuz rayonunun Nursu kəndindəki ev-muzeyinə hədiyyə edib.
Qvami Məhəbbətoğlu