“24 aprel” yalanı; kimdir günahkar?

Ağlı başında olan hər kəs yaxşı bilir ki, 1915-ci ildə ermənilər türklər tərəfindən soyqırımına məruz qalmayıblar.
 “Hadisə”nin üstündən 100 il keçsə də, ortaya tutarlı fakt qoya bilmirlər. Rəsmi və qeyri-rəsmi sənədlərdə 1915-ci il “soyqırımı” barədə heç bir məlumat yoxdur. Əslində bunu hər kəs, o cümlədən ermənilərin özləri də yaxşı bilirlər. Əgər belə olmasaydı, tarixi həqiqətlərin ortaya çıxarılması üçün Türkiyənin təklif etdiyi “Ortaq komissiya” fikrinə qoşulardılar. Türkiyə, daha doğrusu, Osmanlı dövləti 96 il əvvəl, 1919-cu ildə də Avropa ölkələrinə “1915-ci il həqiqətləri”nin ortaya çıxarılması üçün “Ortaq komissiya”nın qurulmasını təklif edib. İndi olduğu kimi, o zaman da Türkiyənin bu təklifini Qərb dünyası müxtəlif bəhanələrlə qəbul etməyib. Ötən həftə qəzetimizdə bu barədə geniş yazı dərc olunub.

“Ortaq komissiya” qurmaq nə ermənilərə, nə də onların havadarlarına sərf edir. Çünki belə bir komissiyanın qurulması ermənilərin 100 illik yalanlarını ortaya çıxara bilər. Məlumdur ki, hər bir millət gələcəyini öz tarixinə, öz milli dəyərlərinə bağlı olaraq davam etdirməyə maraqlıdır. Ermənilər isə, əksinə, gələcəklərini yalanlar üzərində qurmağa çalışırlar. Dünyaya özlərini zavallı millət kimi təqdim edərək, varlıqlarını davam etdirirlər. Yazının əvvəlində qeyd etdiyim kimi, ermənilərin bu yalanlarına əslində heç kim inanmır. Sadəcə olaraq, bu yalandan Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edirlər.

Gəldiyimiz məqam isə ondan ibarətdir ki, illər ötdükcə bu yalanlara inananların və yaxud da özünü inanmış kimi göstərənlərin sayı artır. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan beş dövlətdən ikisi – Rusiya və Fransanın prezidentləri qondarma soyqırımının 100 illiyini Ermənistanda qeyd edəcəklər. Yaranmış vəziyyətin günahkarı kimdir? Bu ölkələrin ermənilərə dəstək vermələrini Türkiyə qısqanclığı kimi şərh etmək, sadəcə, məsuliyyətdən qaçmaqdır. Erməni yalanları ayaq tutub yeridikcə içimizdəki bəzi “ağıllılarımız” deyirlər ki, bunun səbəbi odur ki, Qərb dünyası Türkiyəni həzm edə bilmir və “soyqırımı” kartını da Türkiyədən qisas almaq üçün istifadə edir. Halbuki erməni yalanlarının ayaq tutub yeriməsində əsas günahkar elə Türkiyənin özüdür. Deyin görək, indiyə qədər Türkiyə ona qarşı soyqırımı kimi ağır ittiham irəli sürən ermənilərə qarşı hansı tədbirləri görüb? Deyə bilərsiniz ki,  Ermənistan-Türkiyə sərhədləri bağlıdır. Əvvəla, Ermənistanın-Türkiyə sərhədləri bağlı olması “soyqırımı” ittihamı ilə bağlı deyil, Ermənistanın Qarabağı işğal etməsi ilə əlaqədardır. İkincisi isə, quru sərhədlərinin bağlı olması, əlaqələrin olmaması anlamına gəlmir. Bilənlər bilir, bilməyənlər üçün xatırladım ki, hazırda həftədə 4 dəfə İstanbul-İrəvan, 2 dəfə də İrəvan-Antalya aviasəfərləri yerinə yetirilir. Ermənilər Türkiyənin ən zəngin insanları hesab olunurlar. Soyqırımında ittiham etdikləri dövlətdə qızıl ticarətini inhisara alıblar. Türkiyədə ermənilərə məxsus 50-yə yaxın kilsə, onlarla məktəb və xəstəxana fəaliyyət göstərir. Ermənistandan və diaspor ermənilərindən gələn ittihamlara Türkiyədə, sözün həqiqi mənasında, türklərdən yaxşı yaşayan ermənilər tərəfindən bir dəfə də olsun etiraz bildirilməyib. Türkiyə erməniləri bir dəfə də olsun səslərini çıxarıb deməyiblər ki, biz Türkiyənin bizlərə qarşı soyqırımı etmədiyinə şahidik. Necə ola bilər ki, soyqırımına məruz qalan bir xalq, soyqırımı edən bir dövlətin ərazisində 50-ə yaxın ibadət mərkəzi saxlayır? Türkiyə erməniləri bunu niyə demirlər? Ermənilər bunu demirlərsə, o zaman Türkiyə hökuməti niyə ermənilərdən susmalarının səbəbini soruşmur?

Türkiyənin bu məsələdə izlədiyi siyasət o qədər tragikomik bir hal alıb ki, artıq ermənilər İstanbulun mərkəzində toplanaraq türkləri, daha doğrusu, onların əcdadlarını soyqırımında ittiham edirlər. Təkcə bu fakt ermənilərin nə qədər qədirbilməz və nankor olduğunu sübut etməyə kifayət edər. Belə davam edərsə, qorxuram ki, yaxın zamanlarda “24 aprel” yalanının həqiqət olduğuna inanan yeganə ölkə Türkiyə olacaq.

Allahverdi Cəfərov