İki övladını itirmiş şəhid anası: “Fəxr edirəm…”

546

 

 

Bu günlərdə baş verən məlum hadisələrlə əlaqədar hər kəsin ürəyi cəbhə bölgəsindədir. Torpaqlarımızın müdafiəsi uğrunda əsgərlərimizin şəhid olmaları xəbəri bir çoxlarını təəssüfləndirsə də, hər kəs bundan qürur duyur. Necə deyərlər, torpaq əgər uğrunda ölən varsa, vətəndir. Bu günlərdə sosial şəbəkədə bir foto gördüm, altında belə bir cümlə yazılmışdı: “14 əsgər şəhid oldu deməyin, 28 deyin. Çünki şəhidlərlə birgə onların anaları da eyni hissi keçirir”.

Bəli, oğlu döyüşlərdə iştirak edən, vətən uğrunda şəhid olan analar da qəhrəmandırlar. Birincisi, belə qəhrəman övlad böyütdüklərinə görə, ikincisi, həmin həyəcanlı anlara səbir etdiklərinə görə. Belə analarımızdan biri də şəhid anası Mələk Mahmudovadır. Mələk ananın oğlu Elşən Mahmudov 1992-ci ildə Ağdərə rayonunda mühüm strateji əhəmiyyətə malik olan Kasapet yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub. Elşənin 20 yaşını qeyd etmək üçün yola çıxan ailə avtomobil qəzasında oğlu, 16 yaşlı Pərvizi də itirir. O gündən sonra Mələk ananın başı çox bəlalar çəkir. Amma yenə dözür, iki övlad acısını ürəyində çəkir, başını isə dik tutur. Deyir ki, “qoy bütün şəhid anaları mənim kimi qürurlu olsunlar”.

 

“Oğlumun istəklisi 11 il

Elşənin yolunu gözlədi”

Bir neçə gün öncə torpağa tapşırılan şəhidlərimizin ruhuna dualar oxuyan şəhid anası hər dəfə vətənimiz şəhid verəndə qaysaq bağlamış yaram yenidən göynəyir deyir: “Yenə şəhidlər verdik, neçə gündür özümə gələ bilmirəm. Əlimdən övladlarımın məzarı üstünə gəlib burada göz yaşı tökməkdən başqa heç nə gəlmir. Mən bilirəm onların anaları nə çəkir. Övladım cəbhəyə gedəndə nişanlı idi. Mənə deyirdi ki, ana, müharibə başa çatsın, evimizə qayıdım, toyumu çaldırarsan. Toyumda qol-boyun oynayarıq. Kaş ki, bu sözləri mənə deməyəydi. Hər dəfə toy səsi eşidəndə gözlərimin önünə bu səhnə gəlir. Oğlumun istəklisi 11 il Elşənin yolunu gözlədi. Sonradan yenidən nişanlandı, lakin heç 10 gün keçməmiş nişanı qaytardı. Anasına bildirib ki, Elşən yuxusuna gəlib deyib ki, niyə məni gözləmədin, axı mən ölməmişəm, qayıdacağam. Onu başa saldım ki, qızım, düzdür, oğlum ölməyib, şəhidlər ölmürlər, amma sən həyatını qur, Allah səni xoşbəxt eləsin. İndi bu məzar başında oturub oğluma bütün bu baş verənləri danışıram. Deyirəm ki, ay oğul, yenə sənin kimi igid oğullarımız şəhid olub. Nə edək, təki vətən sağ olsun. Vətənimizin, doğma diyarımızın, müqəddəs torpağımızın azadlığı, şərəfi yolunda canını fəda edən qəhrəmanlarımıza Allahdan rəhmət diləyirəm”.

 

“Vətən bizim üçün hər şeydən əzizdir”

Mələk Mahmudova deyir ki, Qarabağ müharibəsi başlayanda oğlu evdə rahatlıq tapmırmış: “Oğlum məni çox yandırdı, elə hey deyinirdi, özündə rahatlıq tapmırdı. İndi mən üzümü bütün şəhid analarına tutub deyirəm ki, səbirli olun. Biz fəxr etməliyik ki, bu cür igid oğullar böyütmüşük – düşmənə sipər oğullar. Gəlin, biz analar başımızı dik tutaq, qoy düşmənlərimiz sevinməsin, bizim qürurumuzu görüb utansınlar, onlar bizi əzə bilməzlər. Bizim oğullarımızın damarlarında Babəkin, Cavanşirin, Koroğlunun qanı axır. Mən dəfələrlə Mübariz İbrahimovun ailəsində olmuşam. Onun anası da çox məğrur, igid qadındır. Biz şəhid anaları da qürurlu, məğrur olmalıyıq. Azərbaycan xalqına, gənclərimizə isə demək istəyirəm ki, vətənpərvərliyi heç vaxt yaddan çıxarmayın. Vətən bizim üçün hər şeydən əzizdir”.

Vətən, torpaq uğrunda canından keçənlər, özlərini fəda edənlər ölmürlər. Aylar, illər keçdikcə onların göstərdikləri igidliklər dillərdə gəzir, nəsillərdən-nəsillərə ötürülür. Beləliklə, xalq öz igid, qəhrəman övladlarına qəlbində əbədi heykəl ucaldır…

Sonda qeyd edək ki, şəhid anası Mələk Mahmudova Mingəçevirdəki “Qəhrəmanlar Unudulmurlar” İctimai Birliyinin rəhbəridir.

 

Esmira Hidayətova