Birinci Dünya müharibəsinin başlanmasından 100 il ötdü

522


1914-cü il iyulun 28-də Avstriya-Macarıstan imperiyasının Serbiyaya müharibə elan etməsi ilə başlanan dünya savaşı bəşəriyyət tarixinə o vaxtadək ən irimiqyaslı müharibə kimi daxil oldu. Avropa, Yaxın Şərq, Afrika, Şərqi Asiya və dünya okeanlarını əhatə edən Birinci Dünya müharibəsində 17 milyon insanın həyatına son qoyuldu, 50 milyon insan yaralandı, bütöv kəndlər və şəhərlər yer üzündə silindi, dünya xəritəsi yenidən cızıldı.
İlk Dünya müharibəsində Almaniya, Avstriya-Macarıstan, Osmanlı imperiyası və Bolqarıstandan ibarət „Dördlər“ ittifaqı „Antanta“ adlı blokda birləşmiş Fransa, Böyük Britaniya, Rusiya, Serbiya, Belçika, İtaliya, Rumıniya, Yaponiya və ABŞ-a qarşı döyüşürdü. Ümumilikdə 40 ölkənin iştirak etdiyi müharibədə 70 milyon insan hərbi əməliyyatlara cəlb olunmuşdu.
Avstriya-Macarıstan taxt-tacının vəliəhdi Frans-Ferdinandın öz xanımı ilə Sarayevoda Serbiyaya yaxınlığı ilə tanınan „Mlada Bosna“ adlı qruplaşmanın üzvü tərəfindən qətlə yetirilməsi müharibənin başlamasına bəhanə oldu. Avstriya-Macarıstan imperatoru I Frans Yozefin 1914-cü il iyulun 28-də Serbiyaya müharibə elan etdi və bunun ardınca hər iki bloka aid dövlətlər müharibəyə qoşuldular.
Birinci Dünya müharibəsinin əsas səbəbi isə Sarayevo qətlindən qaynaqlanmırdı. Əsas səbəb müstəmləkəçi ölkələrin inkişafı, bu ölkələr arasında ziddiyyətlərin kəskinləşməsi, dünyanın yenidən bölüşdürülməsi uğrunda mübarizədən ibarət idi.
„Antanta“ qüvvələrinin zəfəri ilə başa çatan Birinci Dünya müharibəsinin sonunda bağlanmış sülh müqavilələri, dünyanın yenidən bölüşdürülməsi və məğlub Almaniya üzərindəki təzminatlar daha dəhşətli nəticələrə malik növbəti dünya müharibəsi üçün zəmin oldu.
Birinci Dünya müharibəsi Azərbaycandan da yan keçməmişdi. Bu savaş zamanı 200 nəfər azərbaycanlı zabit müxtəlif cəbhələrdə vuruşan rus ordusunda xidmət etmiş, azərbaycanlı gənclərdən ibarət „Tatar süvari alayı“ və digər hərbi birləşmələr müharibədə şücaət göstərmiş, Azərbaycan iqtisadiyyatı hərbi təyinatlı məhsulların istehsalına yönəldilmişdi.

AzerTAc