Dövlətə məxsus telekommunikasiya müəssisələri özəlləşdiriləcək?

Azərbaycanda dövlətə məxsus telekommunikasiya müəssisələri açıq səhmdar cəmiyyətə çevrilməli və onların səhmləri ilkin kütləvi satışa (İPO) çıxarılmalıdır.
 Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 2014-cü ilin ilk 6 ayının yekunları ilə bağlı keçirilən kollegiya iclasında nazir Əli Abbasov deyib. Nazir bildirib ki, müəssisələrin mövcud statusu hazırkı bazarın tələblərinə cavab vermir. “Aztelekom”un layihəsi üzrə xaricdən ucuz kreditlər axtaranda bizə izah etdilər ki, sizin telekommunikasia şəbəkəniz və şəbəkə ilə işləyən müəssisələr kənardan  güclü görünürlər və güclü aktivlərə malikdirlər. Amma onların statusu beynəlxalq  bazarın tələblərinə uyğun deyil. Ona görə də, bu gün ən yaxşı statuslardan biri açıq səhmdar cəmiyyətlərdir”. Nazir qeyd edib ki, müəssisələr ilk növbədə dövlətə məxsus səhmdar cəmiyyətlərə çevrilməlidirlər. “Bundan sonra özəlləşdirilməyə start verilməli və açıq səhmdar cəmiyyətlərin səhmləri  İPO-lara çıxardılmalıdır. Bu əhalinin investisiyalarda iştirakına şərait yaratmaq üçün ən yaxşı statusdur. Bu statusla bağlı təklifi ilin axırına qədər qəbul edib başa çatdırmalıyıq”, – deyə Ə. Abbasov əlavə edib. 

Telekommunikasiya sektorunda gəlirlərin

66,1%-i mobil operatorların payına düşüb

Kollegiya iclasında həmçinin bildirilib ki, cari ilin birinci yarımilliyi ərzində İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi müqayisəli qiymətlərlə ötən ilin müvafiq dövrünə nisbətən 13% artaraq 761,8 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə artım tempi İKT sektorunda 12,8%, İT sektorunda 11,4%, poçt sektorunda 8,7%, informasiya sektorunda isə 27,7% təşkil edib. Məlumata görə, İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin təxminən 78,2 %-i qeyri-dövlət rabitə müəssisələrinin payına düşüb. Telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 66,1%-i mobil operatorların payına düşməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil sektor üzrə real artım tempi 10 % təşkil edib. Həmçinin birinci yarımillikdə ölkə üzrə ÜDM-in həcmi 28,74 milyard manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə real artım tempi 2,1 % təşkil edib. İKT, informasiya və poçt sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı isə 1,7% olub. Qeyri-neft ÜDM-in həcmi 16,17 milyard manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə real artım tempi 7% təşkil edib. İKT, informasiya və poçt sektoru üzrə əldə olunan gəlirlərin qeyri-neft ÜDM-də payı 3,1% təşkil edib.

Hesabat dövründə ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması, müasir texnologiyaların tətbiqi məqsədi ilə RYTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 30,3 milyon manat investisiya qoyuluşu həyata keçirilib. Ümumilikdə, informasiya, rabitə və poçt sektoruna 62,5 milyon manat investisiya qoyulub və bu, ölkə iqtisadiyyatına qoyulan ümumi investisiyanın 0,8%-ni təşkil edir.