Firəngiz Alp Anadan bir poeziya çələngi

448

 

Yazmadıqım şer kimisən,
Ürəyimin dərinliyində…
Gözümə batan kirpik kimi,
Qanadırsan baxışlarımı…

Avqustda payız yağışı yağmır,
İslanmır yolların tozu.
Bir çətir altına sıxıla bilmirik,
Özümüzdən yıxıla bilmirik…

Sürüşmür əllərim saçlarında,
Şerlərim baş daşlarım.
Yayda ağlamaq olmur,
İlıq olur göz yaşlarım.

Yazmadıqım şer kimisən,
Misraları codlaşmış.
Hecaları köhnə öpüşlər kimi
dodaqlarımda yadlaşmış…

Gecələr uzun kəndir asılır
Ulduzlardan…bəbəklərin rəngdə.
Sən Yazmadıqım Şer kimisən….
Hər gecə…üşüdüyüm kəntdə.

 

*******************************

 

Otaq sükutumu musiqi kəsir,
kəsir gözlərimin kor yaşı kimi.
Şəklini ovcumda elə sıxmışam,
Boş kafe küncünün əyyaşı kimi.

Dörd divar ağarır qara gözümdə,
səsin qulagıma dəyir sillə tək.
Səni hara qoyum bu ev-eşiydə,
Yoxluqun içimi dəlir güllə tək.

Hava məlumatı məndən danışır,
Dumanlı,buludlu amma yağışsız.
Bu odun istisi üzəcək məni,
Gözümün içində birce baxışsız.

Otaq sükutumu musiqi kəsir,
Kəsir gözlərimin kor yaşı kimi.
Şəklini əlimdə elə sıxmışam,
Boş kafe küncünün əyyaşı kimi.

 

*********************************

Bir gün………

Günəş ağrısız doğacaq,
Mənim bəbəylərimdən.
Qanamayacaq dan yeri,
Qürubun dizi üstə.

Sükutum ay işıqından,
Yağış tək yağmayacaq.
Ulduzlar kipriyimidən,
Özünü asmayacaq.

Gündüzlər kəndir kimi,
Uzalı olmayacaq.
Gecələr təndir kimi,
Qarsmayacaq içimi.

Baxışım güzgülərə,
Dəyib qayıtmayacaq.
Qara taleyim küsüb,
Saçı ağartmayacaq.

Çətini ölənəcəndir,
Sonra yaxşı olacaq.
əti,sümüyü gedən,
Üzüm başqa olacaq.

 

*************************************

Boyum çatmadı boyuna,
Qaldım boylana-boylana…

Boyum çatmadı boyuna,
Eləcə izinə baxdım.
Sən büdrəyib yıxılan gün,
Doyunca gözünə baxdım.

Gòzünün yolları uzun,
Üzündən keçə bilmirəm.
Elə hey sənə gəlirəm,
Özümdən keçə bilmirəm.

Bu get-gəl çiling ağacdır,
Atdın ürəyim yarıldı.
Mən səni görən günü,
İti baxışım qırıldı.

İkiyə bölünən üzəm,
Teatırın gerbi kimi.
Filim bitdi,pərdə enir,
Adamların dərdi kimi.

*********************************

Bir şəhid karvanının,
Yollarında yıxılıb,
sökülüb qalan izəm.

Bir ana fəryadının,
naləsində yol azan,
qurumuş bir cüt gözəm.

Bir şəhid dodaqında,
öpülməmiş qocalan,
qanamış yarım sözəm.

Bu vətən torpaqında,
Pərçimlənmiş daş kimi,
göyərmiş iki dizəm.

Özümdən sökün məni,
Özümə baş düzəldin.
Ayağımı çevirib,
Boyuma daş düzəldin.

Qoparın dırnağımı,
Ayağımdan,əlimdən.
Ağ qan damlalarından,
Gözümə yaş düzəldin.

Mən ölüm,mən dirilim,
Səni yaşadım,vətən.
Bir şəhid kürəyində,
Səni daşıyım,vətən.

*******************************

Üzümü yolunun üzünə sərsəm,
Qayıdıb yolların gözümə gəlməz.
Hər səhər,hər axşam ovcumu sıxsam,
Atdıqım daş, kəsək özümə gəlməz.

Susub ayrılığı tüpürmək olmur,
Dodağın öpüşü ayağa düşür.
Taleyin üyüdən dən dəyirmanı,
Pırtlaşıq telimdə darağa düşür.

Qopur günlər dən-dən sünbül içindən,
Nazilir boyumun qalın qamışı.
Təkcə ayağlarım yalın qalmayır,
Yalında qalarmış alın qırışı.

Buz kəsən üzümü dizim isidər,
Anamın bir isti sığalı kimi.
Bu ömür ac itə quru sümükdür,
Qırmızı papağın nağılı kimi.

Firəngiz Alp Ana