2022 – Yeni ümidlər ili

281

Dünya yeni – 2022-cı ili qarşılayır. Son iki ildə pandemiyanın yaratdığı fəsadlara baxmayaraq, bütün dünyada insanlar bu əziz bayramı böyük coşqu və ümidlərlə qarşılayır. Yeni il Azərbaycan xalqının da əziz bayramlarından biridir.

2020-ci ilin payızında şanlı Qələbə ilə başa çatmış 44 günlük Vətən müharibəsi son illərin, bəlkə də son əsrlərin ən böyük hadisəsi kimi xüsusilə qeyd edilməlidir. Qa­rabağ torpaqlarının Ermənistanın 30 illik işğalından azad edilməsi Prezident İlham Əliyevin xalqı­mız qarşısında ən böyük və tarixi xidməti kimi min illər bundan sonra da xatırlanacaq.

Məhz İlham Əliyevin Ali Baş Komandanlığı ilə müzəffər ordumuz döyüş meydanlarında düşmənə ağır zərbələr endirdi. Haqqında “məğlubedilməzlik” mifi uydurulmuş erməni ordusu 44 gün ərzində darmadağın edildi. Bu şanlı zəfərdən sonra Qarabağın yenidən bərpası prosesinə start verilib. Yola saldığımız 2021-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə sürətli işlər görülüb. Artıq bir sıra infrastruktur obyektləri istifadəyə verilib. Dövlət başçısı mütəmadi olaraq azad edilmiş ərazilərə baş çəkərək açı­lışlarda şəxsən iştirak edir.

Arzu edirik ki, 2022-ci il də ölkəmiz üçün uğurlu olsun. Qa­rabağda bərpa-quruculuq işləri tezliklə başa çatdırılsın və soydaş­larımız öz tarixi yurd-yuvalarına qayıtsınlar.

Yeni il ərəfəsində xalqımız özünün başqa bir əziz – 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü də böyük coşqu ilə qeyd edir. Belə günlərdə milli duyğu və düşüncələrimiz aşıb-daşır, arzu-diləklərimiz sabaha qanad açır. Dünyanın hər yerində soydaşlarımızın fəal iştirakı ilə anamız Azərbaycanın şərəfinə təntənələr qurulur. Həmrəylik duyğusu bizi güclü edir, öyünc və sevincimiz həyat eşqimizi yüksəldir. Beləcə, eldə, obada, bütün Azərbaycanda indi bayram-bayrama qarışır. Bayra­mınız mübarək olsun, əziz dostlar, əziz həmvətənlər!

2022-ci il – Su Pələngi ilidir

2022-ci il Su Pələnginin ilidir. Pələng aktiv heyvandır və buna görə də ulduz falının bütün nümayəndələrindən təşəbbüs tələb edəcək. Özlərini pas­siv şəkildə göstərənlər bir çox məsələlərdə uğur qazanmaq şansını əldən vermək riski ilə üzləşirlər.

Eyni zamanda Pələng müdrik, inadkar və tədbirli heyvandır. Bu keyfiyyətləri özünüzdə inkişaf etdirin ki, qarşıdakı il sizə səxavətli hədiyyələr gətirsin.

Pələng zolaqlıdır və buna görə də hadisələrin inkişafından asılı olaraq bizi müxtəlif sürprizlər gözləyir.

Rusiyalı astroloq Vera Xu­belaşvili 2022-ci ilin astroloji proqnozunu tərtib edib. Astro­loqun sözlərinə görə, 2022-ci il əhəmiyyətli dəyişikliklər vəd edir. Xüsusilə Yupiter, Venera, Saturn, Ay, Neptun və Marsın 12 iyunda baş tutacaq paradı əlamətdar astroloji hadisə olacaq. Yeni il sizdən hərəkətlərinizə görə məsuliyyət daşımağı və xüsusi qətiyyət tələb edir. Eyni zaman­da, bu vaxta qədər çətin görünən işlərdə uğur qazanmaq imkanla­rınız çoxalacaq. Məsələn, uzun müddət davam edən yaradıcı bir layihəni həyata keçirə bilərsiniz və ya əvvəllər sizə diqqət yetirmək istəməyən birindən qarşılıqlı münasibət ala bilərsiniz.

2022-ci il bürclərə nə vəd edir?

QOÇ. 2022-ci ildə Qoçlar böyük həyat dəyişiklikləri ilə üzləşəcək. Karyera yüksəlişi gözləniləndir. Subaylar isə sevgi münasibətlərində ciddi irəliləyişlər əldə edəcək. Ətrafınızda köməyə, dəstəyə, qayğıya ehtiyacı olan insanlara daha çox diqqət yetirməlisiniz. Ümumilikdə, Pələng ili Qoçlar üçün düşərli hesab olunur.

BUĞA. Buğa kifayət qədər dinamik həyatla qarşılaşacaq. Köçmək və səyahət ehtimalı yüksəkdir. Bu və digər yeniliklər sabit ev həyatına alışmış Buğa bürcünün nümayəndələrinin ailə həyatına mənfi təsir göstərə bilər. Eyni zamanda, ailəyə yaxşı gəlir gətirmək imkanları artacaq.

ƏKIZLƏR. Əkizlər gələn ili bu ildən qalan borclarla qarşılaya bilər. Ondan qurtulmaq mümkün­dürmü? Qara Ayın qüvvədə oldu­ğu 14 aprel tarixinə qədər belə bir şansınız olacaq. Köhnə əlaqələri kəsməyə və azadlıq tapmağa imkan verəcək. Ancaq gözləməyin ki, problemlərinizi ulduzlar özləri həll edəcək. Yerinə yetirməli ciddi öhdəlikləriniz var.

XƏRÇƏNG. Xərçənglər çox parlaq hadisələrlə dolu bir il keçirəcək. Siz dağları yerindən oynatmaq potensialını hiss edəcəksiniz. Həqiqətən də, ina­nılmaz işlərə imza atmaq imkan­larınız çoxdur. Təbii ki, bu, sizin rahatlığınıza təsir edəcək. Təlaş emosional xərçənglər üçün yaxşı bir müttəfiq deyil. Əgər emosiyala­rın yükünü harasa atmaq lazım­dırsa yaradıcı işlərdən yapışmaq məntiqli təklifdir.

ŞIR. Şirlər özlərinə çox tənqidi yanaşmalı və layiq ol­duqlarından daha çox diqqət tələb etməməlidirlər. Pələng Şirin təkəbbürlü olmadığından əmin olmalıdır. Şir bürcündən olan­lar təkəbbürdən əl çəkmədiyi təqdirdə, həyat onları göydən yerə endirməyin bir yolunu tapacaq.

QIZ. Qız bürcündən olanları parlaq, müsbət hadisələrlə dolu, uğurlu bir il gözləyir. Pələng Qız bürclərini himayə edir, odur ki, istənilən vəziyyətdə hər şeyin sizin xeyrinizə olmasını təmin etməyə çalışacaq. Uğur və şans sizin tərəfinizdədir.

TƏRƏZI. 2022-ci il sizin üçün cəmiyyətdəki qarşılıqlı əlaqələrlə sıx bağlı olacaq. Bu, ciddi çətinlik yaradacaq. Ulduzların proqnoz­larına görə, dələduz insanlar sizdən maksimum dərəcədə istifadə etməyə çalışacaq. Öz məqsədlərinə çatmaq üçün sizi manipulyasiya etməyə çalışa­caqlar. Yaya qədər mükəmməl karyera perspektivləri olacaq.

ƏQRƏB. 2022-ci il əqrəblər üçün köhnə əlaqələri kəsməyin əla vaxtdır. Pis niyyətli insanlardan uzaq durmağın və ünsiyyətdən qaçmağın yollarını axtarın.

OXATAN. Oxatan təkcə güc deyil, həm də enerji axını hiss edəcək. Pələng ili yara­dıcılıqla məşğul olanlar üçün xüsusilə məhsuldar olacaq. Bir yerdə oturmayın, fərqli işlərlə məşğul olun. Bu, üfüqlərinizi genişləndirməyə və özünüzü – imkanlarınızı daha yaxşı başa düşməyə imkan verəcək.

OĞLAQ. Oğlaqlar 2022-ci ildə planlarını məntiqli şəkildə yekunlaşdıra bilərlər. Əgər yarımçıq işiniz, borclarınız və ya başqa layihələriniz varsa, elə indi tamamlamağa çalışın. Bütün bun­ları növbəti ilə daşımamaq üçün şansınız yüksəkdir. Eyni zaman­da, vacib işlərə başlamaq tövsiyə edilmir.

DOLÇA. Dolça bürcündən olanlar müəyyən ideyaların həyata keçirilməsi üçün geniş imkanlarla əhatə olunacaq. Ancaq bu zahiri bolluğun sizi çaşdırmasına imkan verməyin. Səma cisimləri Dolça bürcünə ideyalardan birini prioritet seçməyi və bütün mövcud resurs­ları onun həyata keçirilməsinə sərf etməyi tövsiyə edir.

BALIQ. 2022-ci il Balıqlar üçün olduqca əlverişlidir. Bu, balıqların himayədarı – Neptun planetinin əlverişli yerləşməsi ilə əlaqədardır. Həyatınız əksər sahələrdə yaxşılaşacaq və hər hansı sahədə uğur qazanmaq üçün daha az səy göstərməli olacaqsınız. Ümumiyyətlə, balıqlar qarşıdan gələn Pələng ilinin ən şanslı bürcüdür.

Yeni ilin neçə yaşı var?

Belə fərziyyələr var ki, Yeni il bayramı ilk dəfə 5 min il bundan əvvəl Mesopotamiyada qeyd edi­lib. Bu qədim ölkədə şumer, babil, assur kimi mədəniyyət mərkəzləri yaranmışdı. Mesopotamiyada əkin işləri martın sonunda, Dəclə və Fərat çaylarında su artandan sonra başlanırdı. Bu hadisə 12 gün ərzində təntənəli yürüşlərlə, şənliklərlə qeyd edilirdi.

Romalılar imperator Yuli Sezarın yeni təqvimi tətbiq etməsinədək Yeni ili martın əvvəlində bayram edirdilər. Sezar eramızdan əvvəl 45-ci ildə Misirdə olarkən misirlilərin təqvimi ilə tanış olmuşdu. Bu təqvim 365 gündən və 12 aydan ibarət idi. Salnaməçilər yazır ki, Sezar bu tanışlıqdan sonra dərhal yeni təqvimin hazırlanması barədə əmr vermişdi.

O da bəllidir ki, bəzi xalqlar Yeni il bayramını müxtəlif vaxtlar­da qeyd edirdilər. Məsələn, qədim Yunanıstanda bayram ilin ən uzun gününə – 22 iyuna düşürdü. İngiltərədə isə bayram şənliklərinə baharın ilk günündə – martın 1-də başlayırdılar. Fransada Yeni ilin gəlişini Böyük İnqilab Günü, yəni Respublikanın yarandığı 22 sent­yabrda bayram edirdilər.

Məlumdur ki, hər bir xalqın Yeni ili qarşılama ənənəsi var. Məsələn, italyanlar Yeni ili bayram etməzdən öncə mənzillərindəki bütün köhnə əşyaları pəncərədən küçəyə tullayırlar. Köhnə əşyaların yerini təzə alınmış mebellər tutur.

Yaponlar hesab edirlər ki, Yeni ilin ilk saniyələrindən başlayaraq gülmək adama uğur gətirir. Ya­poniyada Yeni il gecəsi 108 dəfə zəng çalmaq adəti mövcuddur. Qədim inanclara görə, vurulan hər bir zəng insan qüsurlarından birini “öldürür”. Yaponlar hesab edirlər ki, insanın altı qüsuru olur: simiclik, axmaqlıq, qərəz, yelbe­yinlik, qətiyyətsizlik, paxıllıq. Və bu qüsurların hər birinin 18 müxtəlif çaları mövcuddur. Yaponlar Yeni ildə öz yaxınlarına məhz bu qüsur­lardan azad olmalarını arzulayır­lar. 6-nı 18-ə vuranda 108 alınır. 108 rəqəmi və bu qədər zəng çalmaq ənənəsi də məhz buradan yaranıb.

Asiyanın ən böyük ölkəsi olan Çində də Yeni il bayra­mı qədimlərdən bəri böyük təmtəraqla, atəşfəşanlıqla qeyd edilir. Çinlilər bununla ümid edirlər ki, Yeni ilin gəlişinə mane olmağa cəhd edən şər qüvvələri qovurlar. Avropalılardan fərqli olaraq çinlilər yolka bəzəmirlər, əvəzində bay­ram süfrələrinə narıngi və porta­ğalla dolu məcməyilər düzürlər.

Dünya xalqlarının bir çoxun­da, xüsusən də Afrikada Yeni ilin qarşılanması gecəsi fit və çəpik çalmaq, hay-küy qoparmaq, tullanıb-düşmək, haray-həşir salmaq adət-ənənələri vardır. Yəqin ki, bu ənənələr bütpərəstlik zamanından mövcuddur. Qədim insanlar əcinnələri və digər şər qüvvələri qovmaq üçün bu üsulla­ra əl atırdılar.

Yeni il atributları

Yeni ilin ayrılmaz atributların­dan biri yolkadır. Yolka qurmaq ənənəsi Almaniyadakı Reyn çayı­nın sahillərindəki Elzas əyalətində qoyulub. XVI əsrdə burada Milad yolkası qurmağa başlamışdılar. Bəzən də Milad ağacını tavandan başı aşağı asırdılar. Almaniya­da Milad bayramında uşaqlar üçün mizlərin üstünə hədiyyələr düzürdülər.

Rusiyada da qədimdən bayram yolkası bəzəməyi çox sevirlər. Əvvəllər yolka qurmaq ənənəsi burada da şəhərlərdə yaranmışdı, sonra kəndlərə də sirayət etmişdi. Əvvəl yolkanı kənd məktəblərində qururdular, sonralar isə kəndli evlərində də yolka qurmağa başlamışdılar. XIX əsrin alman mühacirləri yolka bəzəmək ənənəsini Amerikaya da aparıb çıxarmışdılar. Okeanın o tayında ilk dönəmlərdə yolkanı meydanlarda qururdular.

Böyük Britaniyada Yeni ildə evi yolka ağacının budaqları ilə bəzəyirlər. Adətə görə, Mi­lad ərəfəsində kişilərin bayram yolkasının ətrafında istənilən qızı öpməyə hüququ çatır. Bu ölkədəki qədim ənənələrdən biri də milad oduncağıdır. Deyilənlərə görə, bu adəti İngiltərəyə vikinqlər gətirib. Onlar Miladda böyük bir ağacı kəsirlər və bu ağac il boyu qalaraq büsbütün quruyur. Yalnız növbəti Miladda onu evə gətirirlər və bu odun uzun müddət yanır.

Turistlərin sevimli bayramı

Bəllidir ki, Yeni il şənlikləri turistləri cəlb etmək üçün yaxşı fürsət hesab olunur. Buna görədir ki, bir çox ölkə bayramın əsas rəmzlərindən olan Şaxta babaya “sahib çıxmağa” cəhd edirlər. Ən çox da şimal xalqları iddia edirlər ki, ilk Şaxta babalar məhz onların ölkəsində peyda olublar.

Finlandiyada Yeni il şənlikləri dekabrın 25-dən, yəni Milad bayramı günündən başlanır. Dekabrın 31-i – Yeni il axşamı isə ölkə paytaxtı Helsinkidə nağıl və əsatir qəhrəmanlarının libaslarını geyinmiş həvəskar aktyorlar teatr məzhəkələri oynayırlar. Həmin gecə hədiyyə dolu xurcunu ilə Santa Klaus şimal maralları qoşulmuş xizəkdə Helsinkinin mərkəzi meydanına təşrif buyurur. Meydanda dərhal alqış səsləri eşidilir, şən mahnı sədaları ətrafa yayılır.

Deyilənlərə görə, fransızlar bayram günlərində çox səxavətli olurlar. Onlar belə günlərdə turistləri həvəslə məşhur fransız şərabına qonaq edirlər. Bəllidir ki, Fransa şərab ölkəsidir, şərabının dadına isə söz ola bilməz. Turistlər təbii ki, vətənlərinə qayıdanda fransızların onları şəraba qonaq etmələri barədə fəxrlə söz açırlar.

İrlandiyada Yeni il ərəfəsində axşam evlərin qapılarını taybatay açırlar. Bu vaxt istənilən şəxs istənilən evə girə və bu evin hörmətli qonağı ola bilər. Onu yuxarı başda otuzdurur, şəraba qonaq edirlər və deyirlər: “Bu evdə və bütün dünyada sülhün sağlığına!” Saat 12-nin yarısında irlandiyalılar mərkəzi meydana çı­xır, oxuyur, oynayır və şənlənirlər.

Belə bir deyim var ki, Yeni ili hansı əhval-ruhiyyədə başlasan, bütün ili həmin ovqatla başa vu­racaqsan. Biz də oxucularımıza, xalqımıza bu gözəl bayramı xoş ovqatla qarşılamağı, bütün arzu­larının çin olmasını diləyirik. Qoy 2022-ci il hər birinizin həyatında ən uğurlu illərdən biri olsun.

Bir daha deyirik: Yeni il bayra­mınız mübarək! xalq qəzeti