2021-ci ildə Ermənistan daha da dəhşətli günlər yaşayacaq

109

İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra Ermənistanda bütün sahələrdə vəziyyət görünməmiş dərəcədə ağırlaşıb. Nəticədə bu ölkədə yoxsulluq pik həddə çatıb, üstəlik, pul vahidi dramın devalvasiyası da başlayıb. Erməni mənbələri bildirirlər ki, ötən il ölkədə 23 minə yaxın müəssisə fəaliyyətini dayandırıb. Bu da 2019-cu illə müqayisədə əlli faizdən  çoxdur. Bütün bunlara görə hazırda ermənilər Ermənistanı tərk etməklə başqa ölkələrdə xoşbəxt həyat tapmaq arzusundadırlar. Bu səbəbdən onlar koronavirus pandemiyasının başa çatmasını, sərhədlərin açılmasını səbirsizliklə gözləyirlər. Amma hakimiyyət  bunun da qarşısını almağa çalışır. Dünyada may ayında koronavirus təhlükəsinin azalacağı gözlənilsə də, Ermənistanda cari ilin iyulun 11-dək karantin rejiminin davam etdirilməsi barədə qərar qəbul olunub.

Şübhəsiz, belə bir qərarın qəbulu həm də ölkədəki kütləvi etiraz aksiyalarının qarşısını almağa hesablanıb. Hazırda döyüşlərdə Azərbaycan Ordusu tərəfindən məhv edilmiş hərbçilərlə bağlı onların ailələrinə doğru məlumatların verilməməsi vəziyyəti daha da kəskinləşdirib. Yeri gəlmişkən qeyd edək ki, 44 günlük müharibədə Ermənistan 5 mindən çox hərbçisini itirib. Müharibə işğalçı ölkəyə ən azı 40 milyard dollar ziyan vurub. Olduqca çətin duruma düşən ölkə rəhbərliyi vəziyyətdən çıxış yolunu həbslər aparmaqda, kadr dəyişiklikləri həyata keçirməkdə görür. Ermənistanın Rusiyadakı sabiq səfiri Suren Saakyanın ölkənin müdafiə naziri təyin olunmasını, konstitusiya quruluşunu devirməkdə günahlandırılan Ermənistanın eks-prezidenti Robert Koçaryanın məhkəməsinin 4 aylıq fasilədən sonra yenidən başlamasını, həmçinin İrəvanda keçirilən etiraz aksiyası zamanı “Nikol xaindir” süarını səsləndirdiyinə görə müxalif “Vətən” partiyasının funksioneri David Bağdasaryanın saxlanılaraq polis şöbəsinə aparılmasını buna misal göstərmək olar.

Bütün bunlarla kifayətlənməyən baş nazir Nikol Paşinyan yenə də yalan vədlər verməklə  ictimaiyyətin qəzəbindən sığortalanmağa çalışır. Məsələn, Ermənistan hökumətinin son iclasında çıxış edən Nikol Paşinyan ölkəsinin bir çox iqtisadi problemlərlə üzləşdiyini bildirməklə yanaşı,  hələ də əlverişli imkanların mövcudluğunu vurğulayb. Üstəlik, o, bu ilin Ermənistanın iqtisadi inkişa­fının bərpası, dirçəlişi ili olacağını bildirib.  Amma görünən odur ki, bu istiqamətdə heç bir tədbirin həyata keçirilməsinə başlanılmayıb. Yəni ortada hələ  ki, heç nə yoxdur. Erməni müxalifətinin, o cümlədən  sabiq baş nazir Vazgen Manukyanın fikrincə, bütün bunlar əhalinin başının altına yastıq qoymaqdan başqa bir şey deyi. O, həmçinin 2021-ci ildə Ermənistanın daha dəhşətli günlər yaşayacağını,  ölkədə siyasi çaxnaşmaların baş alıb gedəcəyini söyləyib.

“Past” qəzeti yazır ki, bugünlərdə Ermənistanın baş prokuroru Artur Davtyan  ölkəni pis duruma sürükləyən Nikol Paşinyana qarşı Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsi ilə cinayət işinin başlanması üçün yetərincə əsaslar olduğunu bildirib. Bütün bunların fonunda Nikol Paşinyan öz postunu qoruyub saxlamaqda, hakimiyyətini möhkəmlətməkdə davam edir. Namizədlikləri “Mənim addımım” parlament fraksiyası tərəfindən irəli sürülmüş Qaqik Cangiryan və Armen Xaçaturyanın Ali Məhkəmə Şurasına üzv seçilmələri də bunu sübut edir. Hakimiyyət bununla da məhkəmə sistemini öz nəzarəti altına almaq istəyir. Çünki Nikol Paşinyan yaxşı dərk edir ki, əgər istefaya gedərsə  ya  həbs ediləcək, ya da ömürlük ölkəni tərk etmək məcburiyyətində qalacaq.

Siyasətçilərin fikrincə, hazırda Ermənistanda xalqın dərdlərinə əlac edə biləcək, daha doğrusu, cəmiyyət tərəfindən qəbul olunan lider yoxdur. Doğrudur, müxalifət baş nazir postuna vahid namizəd kimi  Nikol Paşinyan rejimini tənqid edən Vazgen Manukyanı göstərir. Amma fakt budur ki, hazırda hakimiyyət uğrunda baş nazirin müavini Tiqran Avinyanla spiker Ararat Mirzoyan arasında da mübarizə gedir.

Bir sözlə, Vətən müharibəsindəki qələbəmiz Ermənistan cəmiyyətində məyusluğa və parçalanmaya, iqtisadiyyatında isə tənəzzülə səbəb olub. Elə bu səbəbdən Ermənistanda daxili siyasi-iqtisadi vəziyyət daha da mürəkkəbləşməyə doğru gedir.

Qvami Məhəbbətoğlu, “İki sahil”