2020-ci il hansı “ilklərlə” tarixə düşdü?

0
39

Hər bir ölkənin tarixində ilk dəfə baş verən hadisələr olur. Bəs 2020-ci ildə dünyada hansı “ilklər” oldu? Bu qeyri-adi il hansı hadisələrlə tarixə düşəcək?

Yanvar

Bilirik ki, nə qədər xoş hadisə olmasa da, yola saldığımız il pandemiya ili kimi yaddaşlarda qalacaq. 2020-ci ilin elə ilk ayından Çində koronavirus yayılmağa başladı.

Çindən olan professor dünyada ilk dəfə koronavirusun tam bir genomik xəritəsini nəşr etdi.

Professor Yong-Zhen Zhanqın rəhbərlik etdiyi Uhan Viroloji İnstitutunun alimləri 10 yanvar 2020-ci ildə dünyanı sarsıdan koronavirusun sirli patogenini aşkar etməyə imkan verən ilk Sars-CoV-2 genomik ardıcıllığını nəşr etdilər.

55 yaşlı professor virusun genomik xəritəsini dərc etməyə qərar verdi. Xəstəlik riskini azaltmaq və diaqnozu sadələşdirmək üçün Zhanq və onun qrupu virusun genomik ardıcıllığının təyin edilməsi başa çatdıqdan dərhal sonra bu məlumatları ABŞ Milli Biotexnoloji Məlumat Mərkəzinin saytında yayımladılar.

Genomik ardıcıllıqla əldə edilən nəticələr göstərdi ki, COVID-19-a səbəb olan virus Çində 2002-ci ilin noyabrında yayılan  SARS (Ağır Kəskin Tənəffüs Sindromu) virusuna çox oxşardır. Bununla birlikdə araşdırmanın nəticələrinə əsasən, Zhanq yeni xəstəliyin əvvəlki virusdan daha təhlükəli olduğunu bildirdi.

Fevral

1 fevralda Çindən kənarda koronavirusdan ilk ölüm hadisəsi baş verdi. Uhandan olan 44 yaşlı kişi Filippinin paytaxtı Manilada dünyasını dəyişdi. Həmin gün artıq dünyada 14 min yoluxma halı qeydə alınmışdı.

Mart

24 martda Yaponiyada keçiriləcək Olimpiya Oyunları dünyada ilk dəfə təxirə salındı. Yaponiyada keçiriləcək Yay Olimpiya Oyunları 2021-ci ilə saxlanıldı. Yaponiyanın Baş naziri Sindzo Abe və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax koronavirus pandemiyası ilə əlaqədar oyunları təxirə salmaq qərarına gəldilər.

Birinci və İkinci dünya müharibələri zamanı Olimpiya Oyunları ləğv edilərək keçirilməmişdi. Lakin təxirəsalma ilk dəfə bu il baş verdi.

Ümumiyyətlə, 2020-ci ildə çoxsaylı basketbol, futbol, xokkey, tennis yarışları da təxirə salınıb. Ən yaddaqalan təxirəsalmalardan biri də Uimbldonda keçiriləcək tennis turnirinin 2021-ci ilə saxlanılması oldu. Son dəfə bu turnir 1945-ci ildə İkinci Dünya müharibəsi zamanı Londonun bombardman olunması səbəbindən təxirə salınmışdı.

Aprel

20 apreldə tarixdə ilk dəfə neftin qiyməti mənfiyə endi. Koronavirus böhranının səbəb olduğu iqtisadi böhran nəticəsində tələbin tamamilə çökməsi buna səbəb oldu. “Qərbi Texas” (WTI) nefti ilə bağlı fyuçers müqavilələri ilk dəfə sıfır səviyyəsindən aşağı düşdü. “Qərbi Texas” markalı neft tarixdə ilk dəfə bu qədər qiymətdən düşərək bir müddətlik dəyərini itirdi.

May

2020-ci ilin may ayında Çin tarixdə ilk dəfə iqtisadi inkişaf hədəfini müəyyən etməkdən imtina etdi. Qlobal pandemiya, iqtisadi və ticari qeyri-müəyyənlik səbəbindən sürətlə inkişaf edən Çinin tarixində son onilliklər ərzində ilk dəfə elə ilin ilk yarımilliyindən 6,8 % iqtisadi zəifləmə qeydə alındı.

Çin ilk dəfə pandemiya dövründə iqtisadiyyatı stimullaşdırmaq üçün hazırlanmış 1 trilyon yuanlıq xəzinənin sərbəst buraxılmasını da elan etdi.

İyun

Yeni Zelandiya dünyada koronavirusun yayılmasını dayandıran ilk ölkə oldu.8 iyun tarixində yayılan çoxsaylı məlumatlara görə, sərt karantin tədbirlərinin qəbul edilməsində liderliyi Yeni Zelandiyanın koronavirus virusunu məğlub etməsindəki müvəffəqiyyətinin açarı oldu. Bu, ölkənin Baş naziri Cakinda Ardern tərəfindən də elan edildi. Həmin vaxta qədər ölkədə 1504 yoluxma və 22 ölüm faktı qeydə alınmışdı.

İyul

Birləşmiş Ərəb Əmirlikləri ərəb ölkələri tarixində və ümumiyyətlə, müsəlman ölkələri tarixində ilk dəfə Marsa kosmik missiya göndərən ölkə oldu. “Al-Amal” (“Ümid”) adlı kosmik aparat Yaponiyanın Taneqaşima adasındakı kosmodromdan yola salındı. Marsa ərəb missiyasının məqsədi iqlim şərtlərini və fəsillərin dəyişməsini öyrənmək idi.

Avqust

2020-ci ilin fevralında lisenziyası alınmış “Baraka” Atom Stansiyasının ilk blokunun açılışı 1 avqustda baş tutdu. Bu hadisə dünya birliyində rezonans doğurdu və ilk növbədə bu narahatlıq Yaxın Şərqdə gərginliyin artması riskləri ilə əlaqələndirildi. Bir çox mütəxəssislərin fikrincə, qorxuların səbəbi Səudiyyə Ərəbistanının neft və qaz sektorunda 2019-cu ilin sentyabrında baş verənlərə bənzər nüvə elektrik stansiyasının infrastruktur obyektlərinə mümkün terror hücumlarıdır. Bildiyiniz kimi, krallığın neft obyektlərinə pilotsuz təyyarələrin hücumları neft tədarükündə ciddi fasilələrə və neft qiymətlərinin kəskin artmasına səbəb olmuşdu.

Sentyabr

2 sentyabrda son 30 ildə ilk dəfə Avstraliyada iqtisadi böhran qeydə alındı. 1991-ci ildən etibarən, hətta 2008-ci ildə dünyada yaşanan qlobal maliyyə böhranı zamanı belə bu ölkədə iqtisadiyyat geriləməmişdi.

Xatırladaq ki, Avstraliyaya qədər ABŞ və Yaponiya da rüblük iqtisadi tənəzzül barədə məlumatı açıqlamışdılar.

Oktyabr

14 oktyabrda son on ildə ilk dəfə Almaniya əhalisinin sayının azalması qeydə alındı. Bunun əsas səbəblərindən biri də pandemiya ilə əlaqədar ölkəyə immiqrant axınında yaranan çətinliklər oldu. Rəsmi statistikaya görə, 2011-2019-cu illər ərzində Almaniyanın əhalisinin sayı 80,2 milyon nəfərdən 83,2 milyon nəfərə yüksəlmişdi. Bu ilin ilk yarısı ərzində əhalisinin sayı 40 min nəfər azaldı.

2020-ci il, ümumiyyətlə, immiqrantlar üçün ən əlverişsiz il kimi tarixə düşdü.

Noyabr

Kamala Harris ABŞ tarixində ilk qadın vitse-prezident seçildi. 3 noyabrda Co Baydenin ABŞ prezidenti seçilməsi ilə tarixdə ilk dəfə ABŞ-da qadın vitse-prezident təyin olundu. Kamala Harris həm də bu vəzifədə olan ilk qarışıq irqli xanımdır. Onun valideynləri Yamayka və Hindistandan olan immiqrantlardır. O, qaradərililərin təhsili üçün yaradılmış bir neçə universitetdən biri olan Houvard Universitetinin məzunudur.

Dekabr

4 dekabrda xarici mətbuatda bel bir məlumat dolaşmağa başladı: Danimarka dünya tarixində ilk dəfə Şimal dənizində geoloji neft və qaz kəşfiyyatından imtina edən ölkə oldu. Bundan əlavə, Danimarka 2050-ci ilə qədər karbohidrogen hasilatının tamamilə dayandırıldığını elan etdi. Bu qərarın bir hissəsi olaraq, dekabrın əvvəlində Danimarka hökuməti yataqların işlənməsi üçün lisenziyaların verilməsinin son mərhələsini ləğv etdi. Xatırladaq ki, “BBC”-nin məlumatına görə, Danimarka Avropa Birliyi  ölkələri arasında neft hasilatında liderdir, lakin Avropa Birliyinə üzv olmayan Norveç və İngiltərədən geri qalır. 2019-cu ildə Danimarkanın gündəlik neft hasilatı 103 min barrel təşkil edib. Danimarkada 55 qazma platforması olan 20 neft və qaz yatağı var.

Danimarkanın bu qərarı dünyada böyük rezonans doğurdu. Bu ölkə iqlim dəyişiklikləri ilə mübarizədə ən fəal ölkələrdən biridir. Karbohidrogen hasilatından imtina etmə səbəbinin məhz atmosfer tullantılarını azaltmaq məqsədi daşıdığı güman edilir.

Yupiter və Saturn “Milad Ulduzu”na qovuşdu

21 dekabrda qış Gündönümü günündə, Günəş sisteminin iki ən böyük planeti- Yupiter və Saturn “Milad ulduzu” meydana gətirərək bir-birilərinə yaxınlaşdılar. Yupiter və Saturn arasında belə yaxınlaşma sonuncu dəfə orta əsrlərdə, 800 il bundan əvvəl baş verib. Builki astronomik fenomenin bənzərsizliyi ondadır ki, iki planetin yaxınlaşması məhz Qış Gündönümü gününə təsadüf etdi.  Bu nadir hadisənin növbəti dəfə 2400-cü ildə təkrarlanacağı gözlənilir.

Nubar Süleymanova, “İki sahil”