2016-cı ilin iqtisadi mənzərəsi: Nə ilə yadda qaldı

497

Əsas makroiqtisadi göstərici olan Ümumi Daxili Məhsulun (ÜDM) həcmi bu ilin dekabr ayına olan məlumata görə, 54,43 milyard manata bərabər olub. “Yeniavaz.com” xəbər verir ki, ötən ilin analoji dövrünə nisbətdə ÜDM istehsalı 3,9% aşağı düşüb. Qeyd edək ki, ÜDM-nin bu səviyyədə azalması son illər ərzində qeydə alınan ən yüksək azalma tempidir.

Son 16 ildə ən böyük iqtisadi geriləmə

1997-ci ildən sonra Azərbaycanda ÜDM istehsalı davamlı olaraq artıb. Bu il istisna olmaqla 2000-ci ildən sonra Azərbaycanda ÜDM istehsalı yalnız 2009-cu ilin yanvar ayında azalıb. Həmin ay ÜDM istehsalı 2,6% həddində aşağı düşüb. Beləliklə 2009-cu ilin yanvar ayı istisna olmaqla bu ilin əvvəlinə kimi ÜDM istehsalı heç vaxt azalmayıb. Yalnız bu ilin əvvəlindən başlayaraq ÜDM istehsalı aşağı düşür. Belə ki, ÜDM istehsalı cari ilin yanvar ayında 3,3%, fevral ayında 3,2%, mart ayında 3,5%, aprel ayında 4,5%, may ayında 4,2%, iyun ayında 3,4%, iyul ayında 3%, avqust ayında 3,1%, sentyabr ayında 3,9%, oktyabr ayında 3,7% və nəhayət ötən ay 3,9% həddində azalıb. Xatırladaq ki, ən yüksək iqtisadi artım 2006-cı ilin fevral ayında qeydə alınıb – 48,1%.

Neft sənayesində 1,3% azalma

Hesabat dövründə sənaye məhsulunun ümumi həcmi 28,8 milyard manata çatıb və ötən ilin analoji dövrü ilə müqayisədə 0,6% azalıb. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,9% artıb, neft sektorunda isə 1,3% azalıb.

Nəqliyyatda azalma, rabitədə artım baş verib

Nəqliyyat sahəsində 202,6 milyon ton yük daşınıb. 2015-ci ilin analoji dövrü ilə müqayisədə yük daşınmada 0,5% azalma baş verib. İnformasiya və rabitə xidmətlərinin həcmi isə 1 milyard 448 milyon manata qədər yüksəlib. Bu sahədə 2015-ci ilin eyni dövrü ilə müqayisədə 4,4% artım müşahidə olunub.

Kənd təsərrüfatı sektorunda artım qeydə alınıb

Kənd təsərrüfatı məhsullarının ümumi həcmi ötən illə müqayisədə 2,3% artaraq 5,3 milyard manata bərabər olub. O cümlədən heyvandarlıq məhsulları istehsalı 2,5 faiz, bitkiçilik məhsulları istehsalı isə 2,1 faiz artıb.

Hər hektardan 30,7 sentner taxıl yığılıb

Dekabr ayının 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin 997,3 min hektar əkin sahəsindən 3 milyon 60,1 min ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 63,4 min ton çox məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilən məhsul 30,7 sentner təşkil edib.

Kartof istehsalı artıb, meyvə istehsalı azalıb

Məhsul yığımı başlanandan dekabr ayının 1-dək sahələrdən 880,2 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 48,7 min ton çox kartof, 1235,4 min ton (21,3 min ton az) tərəvəz, 464,5 min ton (20 min ton az) bostan məhsulları, 876,2 min ton (4,4 min ton az) meyvə və giləmeyvə, 134,4 min ton (18,4 min ton az) üzüm, 1002,1 ton (426,2 ton çox) yaşıl çay yarpağı, 283,5 min ton (114,6 min ton çox) şəkər çuğunduru, 17,1 min ton (1,7 min ton az) dən üçün günəbaxan, 3594 ton (127,9 ton çox) tütün yarpağı yığılıb.
Noyabr ayının 28-nə sahələrdən 78,2 min ton (43,9 min ton çox) pambıq yığılaraq tədarük müəssisələrinə təhvil verilib.

Ət, süd və yumurta istehsalı artıb

2016-cı ilin yanvar-noyabr aylarında 435,6 min ton, yaxud əvvəlki ilin yanvar-noyabr aylarına nisbətən 1,6 faiz çox diri çəkidə ət, 1 milyon 833 min ton (3,1 faiz çox) süd, 1 milyard 470,6 milyon ədəd (4,8 faiz çox) yumurta, 16,5 min ton (1,6 faiz az) yun istehsal olunub.

Əhalinin gəlirləri artıb

Əhalinin gəlirlər 40,03 milyard manata, adambaşına düşən gəlirlər isə 4 min 155 manata çatıb. Nominal orta aylıq əmək haqqı 2015-ci ilin noyabr ayına nisbətən 6,9% artaraq 493,8 manat səviyyəsinə qalxıb.

Qiymətlər gəlirlərdən çox artıb

Məlumat üçün qeyd edək ki, orta aylıq nominal əmək haqqının artım tempi istehlak məhsullarının qiymətinin artım tempini 2 dəfə geri qalıb. Belə ki, bu ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin eyni dövrünə nisbətən 12,1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,6 faiz bahalaşıb.

Xarici ticarət dövriyyəsinin müsbət saldosunda 4 dəfədən çox azalma olub

2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycanın ticarət əməliyyatlarının həcmi 16 milyard 31 milyon 632 min dollar olub. Ticarət əməliyyatlarının həcmi keçən ilin müvafiq dövrünə nisbətən 20,2% azalıb. İdxal əməliyyatları üzrə 7 milyard 716 milyon 724 min dollar (keçən ilin müvafiq dövrünə nisbətən 6% azalıb), ixrac əməliyyatları üzrə 8 milyard 314 milyon 908 min dollar (keçən ilin müvafiq dövrünə nisbətən 30% azalıb) ticarət həcmi qeydə alınıb. Yanvar-noyabr aylarında ticarət dövriyyəsində 598 milyon 184 min dollarlıq müsbət saldo yaranıb. Ötən ilin müvafiq dövründə həmin göstərici 2 milyard 432 milyon 17 min dollar təşkil edib. Beləliklə, ticarət dövriyyəsinin müsbət saldosunda 4 dəfədən çox azalma qeydə alınıb.

Mərkəzi Bankın valyuta ehtiyatları 2 milyard 234,6 milyon dollar azalıb

Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2016-cı il dekabrın 1-nə 4 milyard 11 milyon dollar təşkil edib. Bu, noyabrın 1-i ilə müqayisədə 5,5 milyon dollar və yaxud 0,1% çoxdur. İlin əvvəlinə nisbətən qurumun valyuta ehtiyatları 1 milyard 5,7 milyon dollar və yaxud 20%, son 1 ildə isə 2 milyard 234,6 milyon dollar və yaxud 35,8% azalıb.