İlanların dilini bilən Quzanlı sakini

599

Ağdam şəhərinin Quzanlı qəsəbəsində yaşayan Mirhəsən Abdıyev 12 ildir ki, həyətində təhlükəli ilanlar bəsləyir.  M. Abdıyev ta uşaqlıqdan ilanlarla belə demək mümkünsə, bir yerdə böyüyüb. Özünün dediyinə görə, hələ uşaq olarkən heç adlarını bilmədiyi ən zəhərli ilanları qoynunda, köynəyinin cibində saxlayıb. Bu gün onun həyətindəki Qafqazın ən təhlükəli ilanı olan gürzə görənləri heyrətə salır. Dediyinə görə, bu yaxınlarda ilanı aparıb azdırıb. Amma bir neçə müddət keçəndən sonra ilan yenə gəlib öz sahibinin qonşusunun həyətinə girib. 12 ildir ev sahibləri ilə birlikdə yaşayan gürzə 10-15 gün ac qala bilir. Mirhəsən Abdıyev deyir ki, ilan xəstə cücə, siçan, quş və s. ilə qidalanır və ölmüş heyvanın ətinə yaxın durmur. Müsahibimizin sözlərinə görə, ilanı nəzarətsiz qoymur: “İlana dəyməsən, o sənə dəyməz. Bu ilan bir dəfə sancmaqla insanı öldürür. Ona görə də həyətdə onu nəzarətsiz qoymuruq. Artıq ailə üzvlərimiz, qohum-qonşu həyətə rahat şəkildə gəlib gedə bilirlər. 1 ilə qədər aclığa dözümü var. Mən bununla həm də bildirmək istəyirəm ki, ay insanlar, bu ilanları öldürməyin. İlanla yaşamaq üçün gərək onu dünyana dəvət edə biləsən. Mən onsuz da bunları aparıb boş ərazilərdə, dağlarda azdıracağam, sonadək burada saxlayası deyiləm. Bu ilan növlərinin getdikcə nəsli tükənir. Azərbaycanda buynuzlu gürzə olub. Mən də də olub. Amma indi o ilandan heç yoxdur. Hətta ilanın başını kəssən belə, səni vura bilər. Amma bu ilan hələ mənə xətər yetirməyib, sanki fikrimi anlayır, mən də onun nə demək istədiyini hiss edirəm. Əl hərəkətlərimlə onunla ünsiyyət qururam. Mənim digər qızıl ilanım da var. Amma bu ilan təhlükəsizdir. Hətta mən ilanın zəhərindən dərman kimi də istifadə edirəm. 55 yaşım var, səhhətimdə heç bir problem yoxdur”.

 

Müsahibimiz dedi ki, əvvəllər 15-20 ilanı birdən saxlayıb, hamısına da qoyub: “Ən sevimli ilanı Qarabaş olub”. Qohum-qonşunun həyətində ilan olanda M. Abdıyevi köməyə çağırırlar.

Qeyd edək ki, Mirhəsən gözümüzün önündə ilanın zəhərini çıxardı və öz ağzına vurdu. Dediyinə görə, turşməzə bir tam verir. Lakin onu da bildirdi ki, bunu səhhətində problemi olan adamlar edə bilməz.

Müsahibimizin həyat yoldaşı Zülfiyyə xanım deyir ki, bu evə gəlin gələn gündən ilanlarla bir otaqda yatıb və qorxmayıb: “Hər səhər yuxudan duranda görürdük ki ,güzgünün qarşısında qıvrılıb yatıb. Heç vaxt nə uşaqlara toxunmayıb, nə də bizə. Uşaqlar kiçik olanda artıq ilan üçün bayırda yer haqqında düşündük. İndi ilanlar üçün həyətdə yer düzəltmişik”.

Sonda onu da qeyd edək ki, Mirhəsən Abdıyev Qarabağ döyüşlərində iştirak edib. “Qarabağ müdafiə şahinləri” batalyonunda kəşfiyyatçı olub. Həmin dövrdə də 7-8 gürzə saxlayıb. Həm də karate ustasıdır.

Esmira Hidayətova, Ağdam, Quzanlı