200 nəfərdən çox qırğız Suriya və başqa ölkələrdə vuruşur

576
Son  illərdə   200 nəfərdən artıq qırğız Suriyada və digər ölkələrdəki radikal qruplaşmaların tərkibində vuruşmaq məqsədi ilə müxtəlif yollarla ölkəni tərk edib.
 Onlardan 30 nəfəri bu döyüşlərdə ölüb. Bu barədə məlumatı Qırğızıstan Baş Nazirinin birinci müavini Abdırahman Mamataliyev verib. Onun sözlərinə görə, Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi bununla bağlı məsələni ciddi nəzarət altında saxlayır. Abdırahman Mamataliyev: “Xaricdəki müxtəlif radikal qruplaşmaların tərkibində vuruşmaq üçün gedənlərlə bağlı Qırğızıstan  Dövlət Milli Təhlükəsizlik Komitəsi bütün informasiyalara malikdir. Biz dəqiq bilirik ki, kim hara və nə məqsədlə gedib, onlardan nə qədəri ölüb, onların arasında nə qədər kişi və qadın var, hazırda onlar haradadırlar. Bundan əlavə, Suriyaya və digər ölkələrə gedən qırğızların fəaliyyəti xüsusi xidmət orqanlarımızın nəzarəti altındadır. Bu barədə məlumatları biz xarici ölkələrlə qarşılıqlı şəkildə mübadilə edirik. Mən qəti şəkildə deyə bilərəm ki, xüsusi xidmət orqanlarımız və müvafiq qurumlarımız əhalinin təhlükəsizliyinin ən yüksək səviyyədə təmin edilməsinə təminat verirlər. Bununla bağlı gözlənilməz hadisələrə hazır olmaq üçün xüsusi əməliyyat planlarımız var. Lazım gələndə, əhalimizin təhlükəsizliyinə qorxu yarananda onlar bu planı işə salaraq, cavab tədbirləri həyata keçirəcəklər”,-deyib.

Eyni zamanda müxtəlif adlar altında radikal qruplaşmalarda vuruşmağa gedənlərin qarşısını almaq üçün əhali, xüsusi ilə gənclər arasında müvafiq izahat, maarifləndirmə işləri aparılır.

Bundan əlavə, Baş Nazirin müavini deyib ki, hazırda ölkəni tərk edərək iş və ya başqa məqsədlərlə xaricə gedən Qırğızıstan vətəndaşları ilə bağlı məsələ də ciddi nəzarət altındadır. Onun sözlərinə görə, xaricə gedən qırğızların yad ölkələrdə kimlərinsə təsiri altına düşməmələri üçün onları birləşdirəcək vahid təşkilata ehtiyac var.