20 yaşlı Əsgərin əsgər həyatı

0
371

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına qatılaraq düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, əsgərlik borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş şəhidlərimizin arasında 20 yaşlı gənc əsgər olan Əsgər İsmayılzadə də var.

Əsgər Yevlax şəhərinin Gülövşə kəndində anadan olub. Yevlax rayonu Vasif Mövsümov adına Gülövşə kənd tam orta məktəbini başa vurduqdan sonra Mingəçevir Turizim kollecində təhsil alıb və 2019-cu ildə hərbi xidmətə yollanıb. Hərbi xidmətidə öz xahişi ilə  xüsusi təyinatlılar bölməsinə yazılıb.

Şəhidin anası Şəkər xanım İsmayılova bizimlə söhbətinə oğlunun hələ kiçik yaşlarından dediyi bu sözlərlə başladı: “Bircə tez böyüsəydim, mən də torpaqlarımızın alınmasında iştirak edərdim”. Daha sonra isə gözlərini bir nöqtəyə dikib dedi: “İşğalçı Ermənistanın cəbhəyanı rayonlarda və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalimizi hədəf seçməsinə cavab olaraq sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun başladığı qətiyyətli əks-həmlə əməliyyatlarının ilk günlərində ondan bir xəbər tuta bilmədik. Çox narahat idik. Oktaybrın 1-i gecə saatlarında bizə zəng gəldi.  Atışma səsi gəlirdi. Mən soruşdum ki, Əsgər, ay bala, sən haradasan, bu nə səsdir belə? Sualıma cavab vermədən  telefonu bağladı. Yəni mənə müharibə zonasında olduğunu bildirmədi.  Sonradan öyrəndim ki, sən demə, oğlum Murov istiqamətində vuruşub,  Füzuli, Cəbrayıl döyüşlərində iştirak edib. Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı cəbhə yoldaşlarına deyib ki, bizə Xudafərin körpüsünü də görmək nəsib olacad. Amma Xudafərinə çatmağa az qalmış oğlum şəhid olub”.

 

Anasının sözlərinə görə, Əsgər evin tək oğul övladı olub: “Arzuları çox idi. Deyirdi, ana, əsgərlikdən qayıdandan sonra Kollecin Akademiyasına sənədlərimi verəcəyəm. Balamın arzuları yarımçıq qaldı. Oğlum bizi yox, Vətəni seçdi. Bir ana kimi ondan çox narahat idim. Yuxuda da gördüm ki, bir yaralı quş tuturam. Həmin yaralı quşu qızıma vermək istəyəndə yaralı quş qəbiristanlıq tərəfə uçdu. Gördüyüm yuxunu qorxumdan heç kimə danışmadım ki, birdən Əsgərə nəsə olar. Aradan 3 gün keçmədi ki, oğlum şəhid oldu .İndi onun əşyalarına baxıb təsəlli alıram. Əşyalarının arasından balaca bir məktub çıxdı. Yazmışdı ki, Allahım, sən mənim ailəmi, ordumuzu, bizi qoru”. Onu da deyim ki, oğlum oktyabrın 3-də şəhid oldu. Ertəsi günü də dəfn edildi”.

Əsgərin nənəsi Saniyə nənə isə bizimlə danışarkən heç özünü ələ ala bilmirdi. Handan-hana özünü toparlayan nənə dedi: “Əsgərin mənimlə son danışığını yadımdan çıxara bilmirəm. Dedim, Əsgər balam, ömrümün çoxu gedib, azı qalıb, gəlsəydin səni görərdim. Dedi, nənə, ölümə özünü təslim etmə, 2 ay döz gələcəyəm. Əsgərlik xidmətimi başa vurmağıma cəmi 60 gün qalıb. Kaş ki, öləydim, nəvələrimin gözü olan Əsgərin bu gününü görməzdim. Əsgər bir qarışqanı da incitməzdi. Onun şəhid xəbəri çıxan günü məhəlləmizdəki özü baxıb böyütdüyü iti 2 gün uladı. İnanın, itin səsini kəsə bilmədik. Nə isə… Təsəllimiz torpaqların alınması oldu. Yəni övladlarımızın qanı yerdə qalmadı. Allah bütün şəhidlərə rəhmət eləsin”.

Şəhidin bacısı Leyla xanım qardaşı ilə fəxr etdiyini dedi:”Fəxr edirəm ki qardaşım Əsgər belə vətənpərvər  olub. Şəhidlik zirvəsinə ucalıb. Mənim bir qardaşım vardı, indi bütün şəhid oğullar mənim qardaşımdır. İdmanı çox sevirdi. Hələ aprel döyüşlərində deyərdi ki, mənim də yaşım çatsaydı, mən də gedib döyüşərdim. Onun arzusu şəhid olmaq idi. Arzusuna da çatdı”.

 

Şəhidin atası Bəxtiyar oğlu haqqında danışarkən bildirdi ki, oğlunun vətənə, hərbi xidmətə sevgisi böyük idi: ”Xidməti dövründə oğlumun dəfələrlə yaxsı sədası gəlirdi. Oğlumun yaşı az olsa da, ömrünü səngərlərdə başa vurdu. Əsgərlik xidmətinə yola salanda ona yığıncaq etməyə qoymadı ki, gələrəm dostlarımla birgə deyib-gülərik. Amma o bizə qismət olmadı. Fəxr edirik ki, belə bir oğul tərbiyə etmişik. Vətən sağ olsun”.

Əsgər haqqında komandiri, həm də həmkəndlisi  Mehman Cümşüdov (hazırda yaralı olduğu üçün qospitalda müalicə alır) telefon vasitəsi ilə bizə bildirdi ki, az yaşı olsa da Əsgər çox duyğusal, hər şeyə dəyər, qiymət verməyi bacaran mükəmməl bir əsgər idi. Döyüşə böyük ruh yüksəkliyi ilə qatılırdı: ”Əvvəlcə Murovdan başladıq döyüşlərə, bir neçə postu, yüksəkliyi aldıq. Həmin günü Əsgər 17 ermənini daşıyan MAZ markalı maşını vurdu. Sonra müəyyən səbəblərdən bizi ordan çıxardılar. Füzuliyə göndərdilər. Oradan da Cəbrayıl istiqamətinə tərəf irəlləyirdik. Qabağımızda səngərlər vardı, səngərlərə uzanıb vuruşmağa başladıq. Xeyli erməni döyüşçüsünü məhv etdik. Minamyotlar susmurdu. Hər tərəf dağılırdı. İrəliyə gedəndə Əsgərə dedim ki, sən çox da qabağa irəliləmə sən hələ əsgərsən, sənə bir gizir kimi əmr edirəm. Mənə dedi ki, sən məni  vətən xaini çıxarmaq istəyirsən? Düşmənin içərisinə irəlləyirdik. Arxadan minaatanlar vururdu. Bir də gördüm ki, Əsgərin qarşısına mina düşdü və onu 10-15 metr irəli atdı. Tez özümü Əsgərə çatdırdım və ona  süni nəfəs verdim. Amma xeyiri olmadı. Təxliyə maşınlarına qoyub göndərdik. Ümumiyyətlə, döyüşlərdə bizim belə igid oğlanlarımız düşmənə qarşı çox mərdliklə vuruşublar .Biz onların hamısı ilə fəxr edirik”.

 

Əsgərin riyaziyyat müəllimi  Röyal Məmmədxanov isə ona  5 il orta məktəbdə dərs dediyini və  iki il də riyaziyyatdan fərdi hazırlıq keçdiyini bildirdi: ”Əsgər hər cəhətdən seçilən uşaq olub. Bütün Gölövşə kəndi  onun necə bir oğlan olduğunu yaxşı bilir. 44 günlük Vətən müharibəsində də Əsgər fərqləndi, adını Azərbaycan tarixinə öz qanı ilə yazdı.”

Röyal müəllim Əsgərlə bağlı xatirələrini bu sözlərlə tamamladı: “Uşağa ad qoyulanda deyirlər ki, adı ilə böyüsün! Ona Əsgər adı  qoyuldu, o da həqiqi əsgər olduğunu öz şəhadəti ilə sübut elədi”.

Esmira Hidayətova, Yevlax